Bir neçə gün öncə izlədiyim 4 dəqiqəlik videoçarx haqqında uzun-uzadı düşünmüş, onu dostlarımdan birinə göstərmiş, izlədikdən sonra videoçarxın süjet xəttindən gəldiyi nəticəni soruşmuşdum. Rus kinematoqrafları tərəfindən çəkilmiş həmin videoçarxın məzmunu təqribən belə idi: oğlundan başqa kimsəsi olmayan dəmir yolu mühəndisi qatarlar çay üzərindəki körpüdən keçərkən dəmir yolunun hərəkətini tənzimləyir. Ənənəvi iş günlərindən birində dəmir yolu vağzalından körpüyə tərəf gedən ata oğlunu da özü ilə aparır. Atası ilə gedən uşağa vaqonlardan birinin pəncərəsindən bir qadın gülümsəyərək əl edir.
Sonrakı kadrda isə sürətlə körpüyə yaxınlaşan qatar, mühəndisin fikirli halda qatarın hərəkətindən xəbərsiz çayın üzərindəki körpünü qaldırması göstərilir. Bir az aralıda oynayan uşaq isə qatarın sürətlə körpüyə doğru yaxınlaşdığını görür, yüyürərək körpünü yenidən aşağı endirəcək dəstəyi çəkmək üçün gedərkən ayağı sürüşür və körpünün enəcəyi istiqamətdə qurulmuş dəmir körpü oturacağının üzərinə düşür. Bu halın şahidi olan mühəndis ata seçim qarşısındadır. O ya körpünü endirərək qatardakı yüzlərlə insanın həyatını qurtarmalı, ya da oğlunun həyatını xilas etmək üçün qatarın çaya doğru yuvarlanması ilə barışmalıdır. Ata oğlunun həyatı bahasına körpünü endirir.
Kadrda az əvvəl uşağa vaqonlardan birinin pəncərəsindən əl edən qadın aludəsi olduğu narkotik maddədən istifadə etmək istəyən vəziyyətdə göstərilir. Qadın vaqonun pəncərəsindən baxarkən bütün baş verənləri, atanın fəryadını görür. Bətnində körpə daşıyan və ondan imtina etmək istəyən qadın məhz belə bir məqamda övlad sevgisinin fərqinə varır.
İllər sonra mühəndis həmin qadınla eyni vağzalda bir daha qarşılaşır. Bu dəfə qadın artıq sağalıb və onun qoynunda bir körpə var. Mühəndis övladını qurban verməklə təkcə qatardakı sərnişinləri deyil, narkomaniya bəlasına yoluxmuş bir ananı, bir körpəni, bir ailəni, ümumilikdə isə cəmiyyətin gələcəyini xilas etmişdi.
Formasına və məzmununa görə sosial reklam xarakteri daşıyan 4 dəqiqəlik bu reklam bizə saatlarla izləyəcəyimiz filmdən, narkomaniya və onun bəlaları, ictimai məsuliyyət mövzusunda mütaliə edəcəyimiz onlarla kitablardan, dinləyə biləcəyimiz öyüdlərdən daha çox sosial mesaj vermişdi. Ən ideal halda 25-30 cümlə ilə izah edə biləcəyimiz bir fikri 4 dəqiqə ərzində sözsüz bizə izah etmişdi sosial reklam.
Reklam Azərbaycan üçün yeni biznes növü olmaqla, 1990-cı illərin əvvəllərindən formalaşmağa və inkişaf etməyə başlayıb. İctimai əhəmiyyət kəsb edən bir fəaliyyət növü kimi reklam inkişaf etmiş bazar münasibətləri şəraitində daha qabarıq şəkildə özünü büruzə verir. Paytaxt Bakıda reklam mədəniyyətinin, müxtəlif sektorlarda fəaliyyət göstərən istehsal və xidmət müəssisələrinin öz məhsul və xidmətlərini təbliğ etmək ənənəsinin formalaşmasına baxmayaraq, regionlarda bu proses hələ ki, ləng gedir. Bu mənada bu gün Naxçıvanda istehsal olunan məhsulların sayı ilə onların brendləşmə dərəcəsi arasında fərqə baxdıqda muxtar respublikada da sahibkarların istehsal etdikləri məhsulların və xidmətlərin təbliğində, onların tanıdılmasında kifayət qədər fəallıq göstərmədikləri ortaya çıxır. Hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 344 növdə, 859 çeşiddə məhsul istehsal olunur. 344 növdə məhsulun yalnız 4-ü – “Badamlı”, “Sirab”, “Naxçıvan duzu”, “NAZ-Lifan” brend sayıla bilər ki, adıçəkilən ilk üç brendin məşhurlaşması hələ sovet dövründən başlayıb.
Muxtar respublikada istehsal olunan məhsullar keyfiyyətinə görə xaricdə və ölkə mərkəzində eynitəyinatlı müəssisələr tərəfindən istehsal edilən məhsullardan heç də geri qalmır. Bu məhsulların kifayət qədər təbliğ olunmaması onların satışına müəyyən problemlər yarada bilər.
Maraqlı cəhət orasındadır ki, istehsal və xidmət müəssisələri nəinki dünya və ölkə miqyasında, hətta muxtar respublika miqyasında da məhsullarının reklamına kifayət qədər diqqət yetirmirlər. Halbuki dünya təcrübəsi göstərir ki, məhsulun təbliğatının həyata keçirilməsi zamanı insanlar özlərinə yaxın olan media vasitələrinə – qəzet və televiziyalara daha çox üstünlük verirlər. Çünki yerli kütləvi informasiya vasitələri əhali üçün daha əlçatan olduğundan hər hansı keyfiyyətsiz məhsulun reklamı bu qurumlara qarşı kəskin reaksiya ilə nəticələnə bilər. Elə bu səbəbdən də dünya təcrübəsində yerli kütləvi informasiya vasitələri reklam etdikləri məhsulların keyfiyyətinə ciddi diqqət yetirirlər. Bu isə istehlakçıların onlara etimadını daha da artırır. Məlumat üçün deyək ki, hazırda Naxçıvan televiziyasında efirə yalnız bir sosial xarakterli reklam gedir ki, bu da sığortanın əhəmiyyəti ilə bağlıdır. Televiziyadan verilən məlumata görə, reklamlarla bağlı daxil olan müraciətlərin əksəriyyəti sosial xarakterlidir. Bu sırada Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında yanğın təhlükəsizliyi qaydaları ilə bağlı çəkilən sosial reklamlar da xüsusi yer tutur. Muxtar respublikada fəaliyyət göstərən digər telekanalda –“Kanal 35” televiziyasında isə hazırda 3 reklam efirə təqdim olunur: bunlar türk hava yolları, Naxçıvan Muxtar Respublikasında internet xidmətləri və evədək optik layihəsi ilə bağlıdır. Göründüyü kimi, müəssisə və firmaların reklam siyasəti və bu istiqamətdə yerli televiziya və radiolarla əməkdaşlığı çox aşağı səviyyədədir. Bu şəraitdə hər hansı reklam bazarının formalaşmasından danışmaq qeyri- mümkündür.
Araşdırmamız göstərir ki, mətbuatımızda reklam bölmələri, demək olar ki, yoxdur. Müxtəlif şirkətlərin fəaliyyəti ilə bağlı tanıtım məqalələrinin yazılması isə əksər hallarda şirkətlərin deyil, jurnalistlərin təşəbbüskarlığının nəticəsidir.
Bəs cəlbedici reklam necə olmalıdır? Reklamın maraqlı, təəccübləndirici, inandırıcı olması əsas şərtlərdir. Məhz bu şərtlər reklamın effektivliyini təmin edir. Reklamın effektivliyi təbliğatın cəmiyyətin diqqətini nə qədər cəlb etdiyindən, cəmiyyəti nə dərəcədə maraqlandırdığından asılıdır. Dünyada məşhur reklam növləri sırasında küçə reklamları, nəqliyyat vasitələri üzərindəki reklamlar, televiziya reklamları, radio reklamları, internet reklamları və mətbuat reklamları özünəməxsus yer tutur ki, bunlardan da yerli sahibkarların istifadə etmələri üçün Naxçıvanda kifayət qədər şərait var.
Formaca isə reklamların, əsasən, 3 növü məşhurdur: ictimai fəaliyyət reklamları, reklam çarxları və gizli reklamlar.
İctimai fəaliyyət reklamları, başqa sözlə desək, sosial reklamlar əhalini qeyri-ticari mövzularda (sığorta, ətraf mühitin qorunması, yol hərəkəti qaydalarına düzgün riayət olunması və sair) məlumatlandırmaq, öyrətmək, motivə etmək məqsədi daşıyır.
Reklam çarxı, əsasən, 5 dəqiqə və daha uzunmüddətli televiziya reklamı formatıdır. Reklam çarxlarının əsas məqsədi istehlakçılarda məhsula qarşı maraq, ani alma istəyi, alış impulsu yaratmaqdır. Bu formalı reklamlarda, adətən, məhsullar, onların xüsusiyyətləri təsvir olunur, göstərilir və ya nümayiş etdirilir. Belə reklamlar, adətən, məhsul üçün seçilən şüarla bitir. Məsələn: “Badamlı” – Azərbaycan dağlarından gələn həyat iksiri və ya “Sirab” – hər damlasında həyat var.
Dünyada ən çox istifadə edilən reklam növlərindən biri də gizli reklamlardır. Bu tip reklamdan istifadə edilən zaman hər hansı verilişdə və yaxud məşhur filmlərdə personajlar bir şirkətin məhsullarından istifadə edirlər, çəkilişlər məqsədli şəkildə hansısa şirkətin, müəssisənin qarşısında aparılır. Bu zaman tamaşaçının film qəhrəmanının və yaxud teleaparıcının istifadə etdiyi məhsula qarşı insanlarda qeyri-ixtiyari inam formalaşır.
Beləliklə, reklam insanları könüllü olaraq müəyyən bir davranışda olmağa razı salmaqla yanaşı, həm də reklam edilənə tələbatı və marağı artırmaqla reklamverənin maraqlarına xidmət etmiş olur. Bu mənada yerli istehsal və xidmət müəssisələrimizin bu təbliğat növlərindən istifadə etməsi muxtar respublika iqtisadiyyatının inkişafında önəmli rol oynaya bilər.
Elnur KƏLBİZADƏ