22 Dekabr 2024, Bazar

Saytın fəaliyyət göstərməsi tək bir region qəzetinin deyil, bütünlükdə Naxçıvan diyarının uğurudur

Hörmətli redaksiya! Əvvəlcə Naxçıvana böyük sevgilərimi göndərirəm və ürəyimdən keçənləri qəzet vasitəsilə muxtar respublika sakinləri ilə bölüşmək istəyirəm. Bildiyimiz kimi, bu gün internet sürətlə yayılmaqdadır. İndi istədiyimiz bir bölgə haqqında internet vasitəsi ilə anında məlumat ala bilirik. Açığını deyim ki, Naxçıvan haqqında o qədər də dolğun məlumat ala bilmirdim. Düzdür, müxtəlif internet saytlarından, qəzetlərdən, informasiya agentliklərindən məlumatlara sahib ola bilirdim, ancaq ətraflı və sistemli olmurdu. Bu günlərdə Bakıda yaşayan naxçıvanlı dostlarımdan biri mənə zəng elədi, ordan-burdan danışdıqdan sonra Naxçıvanda çıxan “Şərq qapısı” qəzetinin internet saytının yaradıldığını dedi. İnternetdən axtardım və saytı tapdım. Düzdür, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bunu bəziləri adi bir məsələ saya bilərlər. Ancaq Naxçıvan üçün adi deyil. Ona görə ki, Naxçıvan blokada şəraitində yaşayır. Və haqlı olaraq hər kəs bura haqqında anında məlumata sahib olmaq istəyir. Naxçıvanda iştirak etdiyim simpoziumlardan sonra “Şərq qapısı” qəzetinə bir neçə dəfə müsahibə vermişəm. Həmin müsahibələr qəzetdə dərc olunandan bir neçə gün sonra Bakıda mənə çatdırılıb.

İndi mən sayt vasitəsi ilə daim “Şərq qapısı” qəzetinin oxucusuyam. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın gündəlik inkişaf və tərəqqisini, mədəni həyatını, digər sahələrdəki uğurları günün istənilən vaxtı öyrənə bilirəm. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, bəzi müxalif qüvvələr Naxçıvan haqqında yalan məlumatlarla internetə çıxırlar. Bu, haqlı olaraq hamını narahat edir. Qoy bu sayt vasitəsi ilə görsünlər ki, Naxçıvanda necə inkişaf gedir. Bu saytın fəaliyyət göstərməsi tək bir region qəzetinin deyil, bütünlükdə Naxçıvan diyarının uğurudur.

Nizami CƏFƏROV
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

“Şərq qapısı”na salam olsun!

İndi yoldayam. İnternet saytlarına baxarkən indiyə qədər rastlaşmadığım bir qəzet saytına rast gəldim. Diqqətimi çəkdi və açıb baxdığımda inana bilmədim. Bu, bir neçə il bundan əvvəl veriliş hazırladığım Naxçıvan torpağının qəzeti olan “Şərq qapısı” qəzetinin saytı idi. Baxdım ki, sayta məktub da göndərmək imkanı var. Salamlarımı yollamaq istədim Naxçıvana. Ən son 2005-ci ildə Naxçıvanı görmüşdüm. Məni bu torpaqda o qədər yüksək qonaqpərvərliklə qarşılayıb yola salmışdılar ki, bu hörməti və diqqəti unutmaq mümkün deyil. Əsla üzləri gözlərimin önündən getməyən və getməyəcək Batabatın yüksək yaylalarında tanıdığım insanlarla olan xatirələrim, sədərəkli müəllimin ermənilərin hücumları zamanı neçə şəhid verdiklərini deyərkən səsinin titrəməsi… Biçənəyi bir dəfə görən bir də oranı unuda bilərmi? Bu torpaqda dinlədiyim mahnılar qulağımdan getmir. Bəli, indi bu qədim Azərbaycan torpağını bir qəzetin vasitəsilə yenidən görmək məni sevindirdi. Qəzeti səhifələdim, yazıları oxudum, fotolara baxdım. Naxçıvan bu gün daha da gözəldir. Blokada bu qədim yurd yerinə təsirini qəti göstərə bilmir. Məğrur və məğrur olduğu qədər də qürurla dayanıb düşmən sərhədində.
O zaman Naxçıvandan ayrılarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi bu sözlər heç vaxt yadımdan çıxmır: “Keçmişini bilməyən gələcəyini qura bilməz”. Sevindiricidir ki, bu gün Naxçıvanda heç kim keçmişini unutmayıb. Naxçıvan bundan da gözəl günlərə addımlayır.
Naxçıvana və “Şərq qapısı” qəzetinə təkrar salamlarımı göndərirəm…Yenidən o torpağa gəlmək, bir də bu qədim və qədimliyi qədər gənc olan bu gözəl yurd yerini görmək ürəyimdən keçir. Bu, ən böyük arzularımdan biridir. Bu arzumun gerçəkləşəcəyinə inanıram. Çünki Naxçıvan həm də müqəddəslərin diyarıdır. Müqəddəsliyə can atanların arzuları həmişə çin olur.

Banu AVAR
jurnalist, Türkiyə Respublikası

Dövlət dəstəyi öz bəhrəsini verir

Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şərait, göstərilən dövlət qayğısından kollektivimiz də bəhrələnmişdir. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən müəssisəmizin daha münasib yerə köçürülməsi üçün 2009-cu ilin mаrt аyındа tоrpаq sаhəsi аyrılmış, lаyihəyə uyğun tikinti işləri аpаrılmışdır. İstеhsаl sехi, hаzır məhsullаrın hisə vеrilməsi üçün sоbаlаr, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün sоyuducu аnbаr, lаbоrаtоriyа, yеməkхаnа və digər yаrdımçı оtаqlаrdаn ibаrət оlаn binа 2010-cu ilin mart ayında istifadəyə verilmişdir. Müxtəlif çeşiddə daha keyfiyyətli ət məhsulları istehsal etmək məqsədilə müasir texnoloji avadanlıqların alınması üçün 2011-ci ilin fevral ayında Sahibkarlığa Kömək Fondundan 120 min manat güzəştli kredit ayrılmışdır.
Sahibkarlığa Kömək Fondundan ayrılmış dövlət maliyyə dəstəyi ilə yeni həyat verilən “Hilаl” Ət-Süd Məhsullаrı Emаlı Müəssisəsi burada çalışanlara normal iş şəraiti yaratmaqla bərabər, daxili bazarın yüksək keyfiyyətli ət məhsulları ilə təmin olunmasına da öz töhfəsini verir.
Hörmətli redaksiya! Sizə ünvanladığım bu məktub vasitəsilə özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraitə, göstərilən qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm.

Fikrət ƏLİYAROV
sahibkar, Naxçıvan şəhəri

Sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan yalan məlumatları ifşa etməliyik

Hörmətli redaksiya! Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, öz yurdunu, xalqını ürəkdən sevən hər bir azərbaycanlının ürəyi daim Azərbaycanla döyünür. Mən Naxçıvan Muxtar Respublikasında doğulsam da, tale elə gətirib ki, Estoniyada böyümüşəm. Artıq 25 ildir ki, burada yaşayıram. Atam burada ali təhsil alıb, indi növbə mənə çatıb. Mən Tallinn şəhərindəki universitetdə təhsil alıram. Qohumlarımın əksəriyyəti bu gün Naxçıvanda yaşayır. İldə bir dəfə mənə bu qədim diyara gəlmək nəsib olur. Naxçıvan son illər ərzində çox dəyişib, gözəlləşib, inkişaf edib. Qəzetiniz vasitəsilə oxuculara çatdırmaq istərdim ki, bu gün biz gənclər Naxçıvanla qürur duyuruq. İştirak etdiyim tədbirlərdə Naxçıvan Muxtar Respublikasının blokadada olmasını, amma buna baxmayaraq, necə inkişaf etdiyini insanlara çatdırıram. Təbii ki, bunu bütün gənclər etməlidir.
Bu gün dünyada informasiya müharibəsi gedir. Hər kəs, necə deyərlər, yarışdadır. Mən bununla bağlı məşhur saytların birində qrup açmışam və Naxçıvanla bağlı xəbərlər yerləşdirirəm ki, hamı görsün, bilsin, Naxçıvan, bax belə inkişaf edir. O gün adını belə çəkmək istəmədiyim vətəndaşlardan birinin Oslodakı çıxışını izlədim. Dəhşətə gəldim. Çünki Naxçıvanla müntəzəm əlaqə saxlayan biri kimi belə hallarla rastlaşmamışam. Ancaq buna inanlar da olur. Biz gənclər fəal olub belə yalanları sosial şəbəkələrdə ifşa etməliyik. Bu, bizim həyat amalımıza, vətəndaşlıq borcumuza çevrilməlidir.

Tural ŞİRİNOV
tələbə, Estoniya

Naxçıvan Hava Limanındakı nümunəvi şərait məndə xoş təəssürat yaratdı

Salam, hörmətli redaksiya! Bu məktubu yazmaqda məqsədim qəzetiniz vasitəsilə Naxçıvan Beynəlxalq Hava Limanında şahidi olduğum nümunəvi xidmətdən aldığım təəssüratı hamı ilə bölüşməkdir. Bir neçə gün əvvəl xaricdən qayıdarkən İstanbul-Naxçıvan-Gəncə marşrutu üzrə uçan təyyarəmiz Gəncə şəhərindəki hava şəraiti ilə əlaqədar bir neçə saat Naxçıvan Beynəlxalq Hava Limanında gözləməli oldu. Sərnişinlərə buradakı xidmətlərdən istifadə imkanı verildi. İndiyə qədər etdiyim səfərlər zamanı gördüklərimlə müqayisədə burada sərnişinlər üçün yaradılmış rahat və təhlükəsiz şərait, insanlara göstərilən gülərüz xidmət məndə yüksək təəssürat yaratdı. Mən indiyə qədər Naxçıvanda olmamışam. Ancaq muxtar respublikanın giriş qapısında gördüyüm belə şərait Naxçıvan haqqında ilk real təsəvvür yaratdı. Sonra Gəncəyə qayıdarkən Naxçıvan səmasında dövrə vuran təyyarədən şəhərinizin mənzərəsinə baxanda ürəyimdə çox sevinirdim: Vətənimizin hər guşəsi inkişaf edir, abadlaşır!

Hörmətlə,
Anar HƏTƏMOV
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Gəncə şəhəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR