Martın 5-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən Şahbuz rayonunun Külüs kəndində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açaraq sığorta maarifçiliyinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Sədi İsmayılov çıxışında sığortanın əhəmiyyəti, icbari və könüllü sığortaların mahiyyəti, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, fərdi qəza sığortası, ev əmlakının sığortası və digər sığorta növləri barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edilib ki, gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi olur, bu barədə xəbərlərə televiziyada, qəzetlərdə tez-tez rast gəlirik. Bu cür qəzaların qarşısını almaq üçün heç bir vasitə yoxdur, yaranan maddi fəsadları minimuma endirmək üçün isə mexanizm var. Bu mexanizm sığortadır. Sığorta qəza, fəlakət, oğurluq və sair hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir.
Şahbuz Rayon Dövlət Sığorta Agentliyinin direktoru Nuran Xəlilov çıxış edərək rayonda sığorta sahəsində görülən işlərin mahiyyətindən, sığortanın iqtisadi və sosial əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün muxtar respublikada təbii fəlakətlər və gözlənilməz fəsadlar nəticəsində əhaliyə dəyən zərərin ödənilməsinə təminat verə bilən təşkilatlardan biri sığorta qurumlarıdır. Sığorta sığortalının və ya sığortaolunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi