Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın yüksək səviyyədə icra olunması nəticəsində əmək pensiyalarının müntəzəm artırılması, pensiyaların vaxtlı-vaxtında, yəni ay daxilində mütərəqqi ödəniş vasitəsi hesab olunan plastik kartlarla ödənişinin həyata keçirilməsi mümkün olmuşdur.
Ölkəmizdə bazar münasibətləri sisteminin bərqərar olması əhalinin sosial müdafiəsi və pensiya təminatı sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini, beynəlxalq təcrübədə özünü doğrultmuş müasir sosial müdafiə sistemlərinin tətbiqini zəruri etmişdir. Hazırda ölkədə bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən ən əsası isə yaşa görə əmək pensiyalarının baza və sığorta hissələrinin mütəmadi olaraq artırılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2010-cu il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilmişdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, o cümlədən bu qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun ölkə başçısının müvafiq sərəncamları ilə indeksləşdirilir. İmzalanmış müvafiq sərəncamlara əsasən, əmək pensiyalarının sığorta hissəsi 2007-ci ildə 8,3 faiz, 2008-ci ildə 16,7 faiz, 2009-cu ildə 20,8 faiz, 2010-cu ildə 1,5 faiz, 2011-ci ildə 5,7 faiz, 2012-ci ildə 7,9 faiz indeksləşdirilmişdir.
2013-cü il fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” növbəti Sərəncam imzalamışdır. Bu sərəncamda 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanan pensiya kapitalı məbləğlərinin 2013-cü il yanvarın 1-dən indeksləşdirilməsi nəzərdə tutulmuşdur. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi pensiyanın ümumi məbləğindən baza hissə, yəni 85 manat çıxılmaqla, qalan məbləğə 1,1 faiz əlavə edilməklə aparılacaqdır.
“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlət qulluqçuları və hərbi qulluqçular istisna olmaqla, 49 minə yaxın əmək pensiyaçısına və yaxud ümumi əmək pensiyaçılarının 94 faizinə şamil olunacaqdır.
Muxtar respublikamızda əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar ölkə Prezidentinin imzaladığı sərəncamın operativ icra olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən lazımi tədbirlər görülür.
Yuxarıda qeyd edilən kateqoriyadan olan əmək pensiyaçıları istisna olmaqla, bütün növ əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsində fondun rayon (şəhər) şöbələri tərəfindən 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 1,1 faiz artım aparılır. Bu proses qısa müddətdə başa çatdırılacaqdır. Əmək pensiyaçıları 2013-cü ilin fevral ayında pensiyalarını artımlarla birlikdə, o cümlədən yanvar ayı üzrə də artımlar daxil olmaqla alacaqlar.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, fərdi uçot sistemində sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalı məbləğlərinin də 1,1 faiz indeksləşdirilməsi aparılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti