22 Dekabr 2024, Bazar

Cəmiyyətin inkişafı, əhali sayının artması, şəhərlərin sürətlə böyüməsi, öz növbəsində, nəqliyyat sektorunun da inkişafını, yeniləşdirilməsini tələb edir. Naxçıvanda da bu sahədə atılmış addımlar, ilk olaraq, geniş əhali təbəqəsinin gündəlik ehtiyaclarının ödənilməsində ən yüksək səviyyəyə çatmaq və regionun sürətlə inkişaf edən iqtisadiyyatının tələblərinə cavab verən müasir nəqliyyat infrastrukturu şəbəkəsi yaratmaq məqsədi daşıyır. İnsanlara nümunəvi xidmət göstərə bilmək üçün yeni nəqliyyat vasitələri ilə yanaşı, xidməti işçilərin də mövcudluğu vacib şərtlərdəndir. Bu gün muxtar respublikamızda sərnişindaşıma ilə məşğul olan sürücülərin nümunəvi, səliqəli geyimi sərnişindaşımanın səviyyəsinin yüksəldilməsi sahəsindəki intizamın bir hissəsidir.
Əhalinin daha çox istifadə etdiyi nəqliyyat xidməti növlərindən biri də taksi xidmətidir. Regionumuzun hərtərəfli inkişafı taksi xidmətinin də daha müasir, təhlükəsiz və nümunəvi səviyyədə təşkilini tələb edir. Muxtar respublikanın sakinləri və qonaqları münasib qiymətlərlə salonunda hər cür rahatlığı olan taksilərdən istifadə edərək öz nəqliyyat tələbatlarını ödəyirlər. Sevindirici haldır ki, taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələri muxtar respublikamızda istehsal olunur.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, taksi-minik avtomobilləri ilə sərnişinlərin daşıma haqqının dəyəri taksometrin göstəricisinə əsasən müəyyən edilir.
Artıq indi muxtar respublikamızda taksilərə taksometrlər quraşdırılmaqdadır. Taksi xidmətində şəffaflığa tam nail olmaq, sürücü və sərnişin arasında hər hansı bir narazılığın baş verməməsi məqsədilə aparılan bu iş həm də beynəlxalq təcrübəyə əsaslanır. Qiymətlər isə aşağıdakı kimidir: taksiyə əyləşmək 50 qəpikdir; birinci 3 kilometrə qədər hər kilometr üçün 50 qəpik, 3 kilometrdən 35 kilometr arası hər kilometr üçün 25 qəpik, 35 kilometrdən sonra isə hər kilometr üçün 10 qəpik hesablanır. Nəqliyyat Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanıb işlənən bu qiymətlər taksi ilə sərnişin daşımalarına tam uyğundur. Sərnişinlərlə yanaşı, sürücülərin də razılıqla qarşıladığı taksometrlərin tətbiqi zamanı sərnişinlər onlara göstərilən xidmətin müqabilində taksometrdə qeyd olunmuş məbləğdə ödəniş həyata keçirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR