Bu mövzuya toxunmaqda əsas məqsədim internet səhifələrindəki söhbət kanallarında vaxtını boşa keçirən insanlara bunun bir “xəstəlik” olduğunu xatırlatmaqdır. Əksər insanlar bunun “xəstəlik” olduğunun fərqində deyillər; əksinə, bunu sosiallaşma kimi başa düşürlər.
Bir az oturub düşünür, bu cür “xəstələri” anlamağa çalışıram. Çünki bir şeyi ittiham edərkən ilk olaraq onu dərk etmək lazımdır. Bu andan sonra mən də bu “xəstəliyə məruz qalan bir xəstə” rolunu oynayıram. Çətin olacaq, amma bunun, doğrudan da, bir xəstəlik olduğunu insanlara çatdırmaq üçün bu rolu “oynamalıyam”. Əlimdəki mobil telefonla bu “xəstələrin” “yatırıldığı xəstəxanaya” – söhbət (çat) saytına daxil oluram. Burada o qədər “xəstə” var ki, saymaqla bitməz. Mən də bir müddət buradakı “xəstələrlə” ünsiyyət qurmağa çalışıram. Söhbətlər məndə də saxta sevinclər yaratsa da, mənə təsir edə bilmir. Çünki bunun bir “xəstəlik” olduğunu əvvəlcədən bilirəm. “Bəs bunu bilməyənlər nə edəcəklər?” – deyə düşündüm və bu yazını qələmə aldım.
İndi isə buna niyə “xəstəlik” deməyimə gələk. Bir dəqiqənizi mobil telefonunuza baxmadan keçirə bilmirsiniz. Ən vacib işlərinizi – sağlamlığınızı, dərslərinizi, münasibətlərinizi təxirə salır, ya da gecikdirirsiniz. Yemək yeyərkən, küçədə yol gedərkən, dərsdə olarkən, avtobusda ikən artıq telefon əlinizdən yerə düşmür... Azca vaxt sərf edib düşünməklə bu sadalananların səhhətinizə necə mənfi təsir etdiyini özünüz görəcəksiniz. Bəs qazancınız nə oldu? Yuxarıda qeyd olunduğu kimi, saxta sevinc.
Saxta sevinc isə aldığınız ismarışlardan sonra bir neçə dəqiqəlik çöhrənizdə yaranan təbəssüm və bu təbəssümün sizin əhvalınıza etdiyi təsirdir. Burada danışdığınız şəxslə heç bir ciddi münasibətiniz ola bilmir.
Çox böyük yayılma sürətinə malik bu “xəstəlik”, əsasən, düşünən kütləni – gəncləri hədəf alır. Bu isə gələcəyimiz üçün olduqca təhlükəlidir. Bugünkü gəncliyin ölkədə gedən tərəqqini, dünyada baş verən ictimai-siyasi hadisələri öz süzgəcindən keçirmək əvəzinə, əlindəki mobil telefonla söhbət kanallarında heç bir faydası olmayan məşğuliyyətlə vaxtını itirməsi, sözün əsl mənasında, gələcəyimizi təhlükə altına salmış olar. Və bu xəstəliyə göz görə-görə tutulmaq isə tamamilə öz seçimimizdir.
Bəs bu xəstəlikdən qurtulmağın və yaxud bu xəstəliyə tutulmamağın yolları nələrdir? Əvvəlcə onu qeyd etmək lazımdır ki, artıq adət halına gəlmiş bir məşğuliyyətdən qurtulmağın yolu başqa bir məşğuliyyət tapmaqdır. Bu isə heç də çətin deyil. Unutduğumuz bir çox xeyirli məşğuliyyətlə məşğul olsaq, bu problemi bütünlüklə həll edərik. Xeyirli dediyim məşğuliyyətlərin başında kitab oxumaq durur. “Şərq qapısı” qəzetinin 7 dekabr 2012-ci il tarixli nömrəsində çap olunan “Niyə oxumuruq?” adlı yazıda bu çatışmazlıq statistik rəqəmlərlə qələmə alınıb. Bildirilib ki, kitab oxumağa görə bir çox ölkələrdən geridəyik.
Digər bir tərəfdən, bu məsələnin həlli sosial şəbəkələrdə faydalı və aktiv fəaliyyət göstərməklə də mümkündür. Bununla yanaşı, burada bir qazancdan da danışmaq olar. Buradan əldə etdiyimiz informasiya ilə sosial əhatəmizdə daha sayılan və seçilən bir fərd ola bilərik.
Çat saytlarının bizə vurduğu ziyan gündən-günə artır. Bu ziyanı görməmək və yaxud görməzlikdən gəlmək bizim özümüzə verdiyimiz dəyəri göstərir. İndi özümüzə bir sual verək: gözümüzün önündə yayılan bu xəstəliyə son verməyin vaxtı deyilmi? Qızıldan dəyərli vaxtımızı özümüzə ziyan verməklə keçirməkdən bezmədikmi?
Elvin BUDAQOV