Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi Tumbul kəndində “Məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyəti və mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Tədbiri Naxçıvan şəhər Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əcəmi Tağıyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Yığıncaqda şöbənin əməkdaşları Vüqar Ağacanov, Amil Əliyev, Sabir Seyidov məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, mahiyyəti, fərdi uçot sistemi və başqa məsələlər barədə torpaq mülkiyyətçilərinə ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının yeganə maliyyə mənbəyidir. Pensiyaların maliyyələşdirilməsi vəziyyəti bilavasitə sığorta haqqının ödənilməsindən asılıdır. İşçilərin sosial sığorta münasibətləri “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Adıçəkilən qanunun 14-cü maddəsinə əsasən, bütün hüquqi şəxslər hesablanmış əməyin ödənişi fondunun 22 faizi, onların işlətdikləri işçilər isə hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Fərdi sahibkarlar fəaliyyət göstərdikləri sahəyə müvafiq olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müəyyən faiz dərəcələri miqdarında məcburi dövlət sosial sığorta ayırmaları ödəyirlər.
Vurğulanmışdır ki, məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsi işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaradılması, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuş, uşağın anadan olması, uşağa qulluq, sanitariya-kurort müalicəsi zərurəti kimi sosial sığorta hadisələrindən yararlanmaları üçün olduqca vacibdir.
Tədbirdə torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığortası üzrə vəzifələri haqqında da danışılaraq bildirilmişdir ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan mülkiyyətçilər torpağın olduğu ərazi üzrə DSMF orqanlarında uçota durmalıdırlar. Uçota durmaq üçün onlar DSMF rayon şöbəsinə müəyyən olunmuş sənədləri, ailə-kəndli təsərrüfatları isə DSMF-nin rayon şöbəsində uçota durmaq üçün ərizə ilə birlikdə onların bələdiyyə orqanlarında uçotunu və ailə-kəndli təsərrüfatı üzvlərinin statusunu təsdiq edən vəsiqənin surətini təqdim etməlidirlər.
Bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə könüllü olaraq ödəməklə torpaq mülkiyyətçiləri gələcəkdə baş verə biləcək sığorta hadisələrindən sığortalanmış olacaqlar. Çünki ödənilmiş məcburi dövlət sosial sığorta haqları onlar üçün fondda açılmış fərdi şəxsi hesablara işlənir. Gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürüləcək. Hesabda olan pensiya kapitalı yüksək olarsa, onda pensiyanın məbləği də yüksək olacaqdır.
Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmışdır.
Muxtar MƏMMƏDOV