22 Dekabr 2024, Bazar

Məlumdur ki, keçən əsrin 90-cı illərinin dağıdıcı proseslərindən sonra Naxçıvan Muxtar Respublikasında ticarət sahəsində yaranan pərakəndəlik geniş miqyas aldı. Yəqin ki, 17-18 il bundan əvvəl muxtar respublikanın ticarət obyektlərini xatırlayanlar bunu təsdiq edərlər. Kim harda istəyir, orda dükan açırdı. Yöndəmsiz, ən adi tələblərə cavab verməyən ticarət obyektlərinin sayı yağışdan sonra çıxan göbələklər kimi artmaqda idi. Ona görə də bu sahədə məqsədyönlü tədbirlər həyata keçirildi, yeni ticarət mərkəzlərinin, bazarların yaradılması işinə başlanıldı, muxtar respublikanın müxtəlif ünvanlarında böyük ticarət mərkəzləri istifadəyə verildi. Hətta ən ucqar kəndlərdə belə, xidmət mərkəzlərinin istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin göstəricisidir. Bəs yaradılan şəraitdən necə istifadə olunur? Konkret olaraq bir neçə  ticarət obyekti, bu obyektlərdə əhaliyə göstərilən xidmətin səviyyəsi barədə söhbət açmaq istəyirik. 

 

Çünki toxunduğumuz mövzu elə bir sahədir ki, hər bir vətəndaş bu sahədən hər gün istifadə edir. Yəni istər yüksək səviyyədə xidmət olsun, istərsə də xidmətin səviyyəsi ən adi tələblərə cavab verməsin – bunu hamımız görürük. Məsələ ondadır ki, xoşagəlməz vəziyyət daha çoxdur və bu, hamını narahat etsə də, kimsə bu haqda ağzını açıb danışmaq istəmir. Elə götürək “Cahan” Ticarət Mərkəzini. Qeyd edək ki, bu mərkəz 2005-ci ilin iyun ayında istifadəyə verilib. Mərkəzin içərisində hər şey qaydasında olsa da, arxa tərəfində – meyvə-tərəvəz satılan yerdə vəziyyət heç də ürəkaçan deyil. Daha dəqiq desək, ən adi ticarət normalarına, sanitar-gigiyenik qaydalara əməl edilmir. Ərazidə yerləşən ət satışı dükanı isə bu sahədə birinci yerdə gedir. İçəri daxil olub buranın sanitariya vəziyyətini görən insanın, necə deyərlər, “ürəyi ağzına gəlir”. Real vəziyyəti sözlə ifadə etmək çətindir. Ət satanların geyim formasının, əllərində əlcəklərinin olmaması buraya nəzarətin nə qədər zəif olduğunu göstərir. Bunlar da təbii ki, vətəndaşların haqlı narazılığına səbəb olur. Ticarət mərkəzində müşahidə apararkən vətəndaşlardan biri bizə yaxınlaşaraq dedi ki, satışa çıxarılmış ətin qoyulduğu ləyənlərə diqqət yetirin. Fotomüxbirimizlə həmin ləyənlərə baxa bilmədik. Ləyənlər elə bir vəziyyətdə idi ki... Düşündük ki, bəlkə də, ləyənlər ət satışı dükanına gələn gündən heç su üzü görməyib. Giriş qapısının yanında döşəmə silinən taxta qoyulan yerdə kəllə diqqətimizi çəkdi. Özünüz müqayisə aparın və ya belə mənzərəni gözünüzün qarşısına gətirin. Belə hallarda ət satanlara heç iradınızı bildirmisinizmi? Ola bilər ki, kimsə bununla bağlı iradını söyləyib. Lakin bu vəziyyətə hamı yüksək vətəndaşlıq borcu ilə yanaşmalıdır. Nə isə...
Satıcılara sual edirəm: “Bu kəlləni niyə belə yerə qoymusunuz?” Satıcının cavabına diqqət yetirin: “Kəllə böyük olduğu üçün ləyənə yerləşmir”. Yerləşmirsə hara gəldi qoyulmalıdır?
Ət satışı dükanının yanındakı kabab satılan yerə də baş çəkdik. Ət satışı dükanındakı vəziyyət bunun yanında şükürlü idi. Kabab bişirənlərin formasız, səliqəsizlikləri açıq-aydın görünürdü. Burada əlavə şərhə ehtiyac yoxdur. Fotolar hər şeyi deyir.
Sonra üz tutduq Naxçıvan şəhər Mərkəzi bazarındakı ət satışı dükanına. Piştaxtaların üzərindəki ət məhsullarının laborator müayinədən keçirildikdən sonra satışına icazə verildiyini gördük, səliqə-sahman yerində idi. Burada işləyən qəssablar minbir dillə alıcılara müraciət edərək ondan ət almağı istəyirdilər. Bu səbəbdən müştəri rahat gəzib seçim edə bilmir. Satıcıların hamısı formada olmasa da, burada sanitar-gigiyenik qaydalara riayət edildiyinin şahidi olduq.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 16 nömrəli binada yerləşən ət satışı dükanında da sanitar-gigiyenik qaydalara tam əməl olunmur. Dükanda çalışan qəssab formada deyildi. Baxmayaraq ki, forma divardan asılmışdı. 

Son olaraq “Tema” adı ilə tanıdığımız ticarət mərkəzində yerləşən ət satışı dükanına baş çəkdik. Burada bir qəssab fəaliyyət göstərir. O, kiməsə zəng etdi, aldığı tapşırığa əsasən, dükanın qapısını bağlayaraq bizə orada çəkiliş aparmağa icazə vermədi. Sonra avtomobilinə əyləşərək oradan uzaqlaşdı. Bəlkə də, bu ət satışı dükanında hər şey qaydasında idi. Ancaq bizə dükana baxmağa imkan vermədilər. Ona görə də düşündük ki, burada vəziyyət acınacaqlıdı. Yoxsa niyə belə təşvişə düşürdülər?

Ət satışı obyektlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları”nın tələblərinin əksəriyyətinə əməl olunmur. Bu da istehlakçı hüquqlarının pozulmasıdır. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi isə bu pozuntuya göz yumur. Apardığımız müşahidələr onu göstərir ki, Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi bu obyektlərə nəzarət etmir. Ət satışına nəzarət edənlər belə vəziyyət barədə verdiyimiz suallara cavab vermədilər. Ancaq onlar yaxşı bilirlər ki, burada, sadəcə, baş girələməklə vaxtlarını keçirirlər. Baxmayaraq ki, onlar bu işlərinə görə əməkhaqqı alırlar. Təəssüf ki, aldıqları əməkhaqqının halallığı barədə düşünmürlər.

Bazar hər bir ölkənin mədəniyyət göstəriciləri sırasına daxil olan sahələrdən biridir. Üstəgəl ki, burada söhbət insan sağlamlığında başlıca rol oynayan ən qiymətli ərzaq məhsulu satılan bazardan gedir. Deməli, bu sahənin fəaliyyəti  daim  nəzarətdə olmalı, müəyyənləşdirilmiş sanitar-gigiyenik qaydalara dönmədən riayət edilməlidir. Bununla ən qiymətli kapital olan insan sağlamlığının qorunması təmin olunar. Bu işdə vətəndaşların da üzərinə mühüm vəzifələr düşür. Onlar gördükləri neqativ hallara qarşı barışmaz mövqedə durmalı, həm də öz sağlamlıqlarını təmin etməlidirlər. Qeyd edək ki, araşdırmalarımızı muxtar respublikanın rayonlarında davam etdirəcəyik.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR