22 Dekabr 2024, Bazar

Həyat sığortası bir sığorta növü kimi çox qədim zamanlardan məlumdur. Hələ qədim Roma dövründə insanlar cəmiyyətdə belə bir tələbatın vacibliyini dərk etmiş, müəyyən  sığorta cəmiyyətləri yaratmaqla bir-birlərinə kömək etmiş, orta əsrlərdən başlayaraq isə  ictimai-iqtisadi və sosial münasibətlərin mürəkkəbləşməsi ilə bu məsələ də aktuallaşmışdır. Hazırda isə həyat sığortası inkişaf etmiş ölkələrdə sığorta fəaliyyətinin ən geniş yayılmış növü kimi cəmiyyətdə mühüm idarəetmə vasitəsi, insanların bir-birinə və dövlətə inamının göstəricisi kimi çıxış edir. 

Həyat sığortası sığorta fəaliyyətinin iki mühüm istiqamətindən biridir. Əgər qeyri-həyat sığortası zamanı hər bir insan əmlakını, iqtisadi fəaliyyəti zamanı məsuliyyətini, eləcə də yol-nəqliyyat vasitələrində hərəkəti zamanı yarana biləcək riskli hadisələri sığortalayırsa, həyat sığortası zamanı müəyyən yaşa qədər insanın həyatını və sağlamlığını itirməsi ilə əlaqədar onun özünə və ya ailə üzvlərinə verilən ödəmələrlə həmin insanların sosial müdafiəsi məqsədi güdülür. Şübhəsiz, öz vətəndaşlarının zəmanətli həyat sürməsi və bununla da, stabil sosial vəziyyətin yaranması cəmiyyətin ən böyük qazancıdır. Çünki etibarlı sığorta təminatının bərqərar olması cəmiyyətdə hamının arzusunda olduğu rifah dövlətində yaşamağın ən vacib şərtlərindən biridir.

Həyat sığortası, onun aparılması və bu sahədə toplanmış dünya təcrübəsinə baxdıqda bir çox maraqlı cəhətlərlə rastlaşırıq. Qeyri-həyat sığortası ilə müqayisədə burada sığorta mövzusunun insan həyatının özü olması məsələyə daha həssas yanaşma tələb edir. Belə ki, insan həyatı hər şeydən qiymətlidir. Hər kəs üçün onun öz həyatı, sağlam yaşadığı hər gün bütün maddi nemətlərdən daha dəyərlidir. Ona görə də insanın cansağlığı sığorta predmeti olduqda və ona bir iqtisadi münasibətlər obyekti kimi yanaşıldıqda ortaya çıxan sualların həllini bilavasitə həmin insanların yaşadığı cəmiyyətin inkişaf səviyyəsində axtarmaq lazımdır. Belə cəmiyyətlərdə insana verilən qiymət, insanların öz cansağlığına ayırdığı diqqət həyat sığortasının yerini və dəyərini müəyyən edir. Ona görə də yuxarıda qeyd etdiyimiz kimi, həyat sığortasının yüksək inkişaf etmiş cəmiyyətlərdə daha populyar olmasını təsadüfi hesab etmək olmaz. 
Ölkəmizdə aparılan həyat sığortası sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. Göründüyü kimi, həyat sığortası zamanı insan bir sıra mühüm zəmanətlər əldə etmiş olur ki, bunlar vasitəsilə o, özünün və himayəsindəki ailə üzvlərinin maliyyə təminatının həllinə nail ola bilir. Ümumiyyətlə isə həyat sığortasının maliyyə funksiyasından başqa, onun daşıdığı sosial məqsədləri arasında ailə başçısının itirilməsinə görə ailə üzvlərinin sosial müdafiəsi, əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirilməsinə görə ödənişlərin verilməsi diqqətçəkicidir.
Həyat sığortası həm icbari, həm də könüllü qaydada aparılır. İcbari qaydada aparılan həyat sığortası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehsalatda baş vermiş hadisələr üçün sığorta təminatı verir. Könüllü sığortalar zamanı isə işləyib-işləməməsindən asılı olmayaraq, vətəndaşlar baş vermiş riskli hadisələr üçün sığorta təminatı alırlar.
Həyat sığortası insanların bədbəxt hadisələrdən sığortalanması üçün çox vacibdir. İnsanların başına gələ bilən riskli hadisələr zamanı ölüm, əlillik, müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan sağlamlıq vəziyyətinin pisləşməsi kimi hallar baş verdikdə sığorta­olunan və ya onun ailə üzvlərinin sosial müdafiəsi sığortaolunanlar üçün həyati əhəmiyyət daşıyır. İcbari həyat sığortası zamanı maksimum sığorta məbləği, sığorta tarifi, sığorta haqqı, sığortalı, faydalanan şəxslər qanunla müəyyən olunur. Könüllü sığorta zamanı isə sığorta məbləği, sığorta tarifi, sığorta haqqı sığortaçı tərəfindən müəyyənləşdirilərək tərəflər arasında razılaşdırılmaqla müqavilə bağlanılır. Bu zaman ödənilən sığorta haqqı sığorta məbləğinin həcmindən, sığortaolunanın yaşından, sığortaolunanın sağlamlıq vəziyyətindən asılıdır. Bağlanmış sığorta müqaviləsinə əsasən, sığortalıya sığorta hadisəsi baş verdikdə sığorta agentliyi tərəfindən ona ödəniləcək məbləğ təmin olunur. Faydalanan şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri həmin şəxsin varislərinə keçir.
Ölkəmizdə insan inkişafına ayrılan diqqət, iqtisadiyyatda və əhalinin həyat səviyyəsində ümumi yüksəliş həyat sığortasını vacib tələbat kimi ortaya qoyur. Adamlar artıq öz sağlamlıqlarını qorumaqla bərabər, ola biləcək riskli, gözlənilməz hadisələrdən təkcə özlərini deyil, bütün ailə üzvlərini də sığortalamağı bir sosial məsuliyyət kimi başa düşürlər. Çünki sığortalı yaşamaq rahat yaşamaq deməkdir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR