22 Dekabr 2024, Bazar

Təbiətin dilbər guşəsi olan Şahbuz rayonuna yolu düşən hər kəs buradakı möhtəşəm yeniliklərə heyrətini gizlədə bilmir. Son illər bu bölgədə çox dəyişikliklər olub. Dağların ağuşuna sığınan Şahbuz rayonunun kəndləri bu gün qoynunda yaşayan insanların əməyi ilə daha gözəl görkəm alıb. Rayonun belə gözəllik məskənlərindən biri də Biçənəkdir.

Rayon mərkəzindən 24 kilometr şimal-şərqdə – Zəngəzur silsiləsinin ətəklərində qərar tutub bu dağ kəndi. Bir zamanlar daim hərəkətli olan Yevlax-Laçın-Naxçıvan avtomobil yolu da Biçənəkdən keçib. Kəndin qədim İpək Yolunun üzərində yerləşməsi orta əsrlərdə bu yerlərdə sənətkarlığın inkişafına səbəb olub. Təsadüfi deyil ki, dəvə karvanlarının dayanacaq yeri kimi istifadə edilən, el arasında “Fərhad evi” kimi tanınan möhtəşəm təbiət abidəsi də məhz Biçənək kəndinin həndəvərindədir.
On iki əsr bundan əvvəl tarixi mənbələrdə adıçəkilən Biçənək indiki yaraşığı, növrağı ilə qəsəbə timsallı müasir Azərbaycan kəndlərindən birinə çevrilib.

Biçənək muxtar respublikanın dilbər guşələrindən olan Batabat yaylağına ən yaxın yaşayış məntəqəsidir. Bu gün Naxçıvanın ən gözəl turist məkanlarından birinə çevrilən möcüzəli Batabata, “üzən ada”ya, məşhur Zor bulağa da yol məhz Biçənəkdən keçir. Yeri gəlmişkən qeyd edim ki, Batabatın Naxçıvanın turizm potensialı üçün kifayət qədər əlverişli və səmərəli olduğu nəzərə alınaraq, ötən ilin sonlarından Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Son illər bu dağ kəndinin, demək olar ki, bütün sosial problemləri öz həllini tapıb.
Biçənəkdə olarkən nur çöhrəli bir neçə ağsaqqalla görüşüb həmsöhbət olduq. Kəndin dünənindən, bu günündən danışdıq, sabaha fikir körpüsü saldıq. Kimi dindirdiksə, ürəyindən keçənləri həvəslə dilə gətirdi:
– İndi yaşamalı dövrandı. Bu inkişafı, yüksəlişi görəndə adamın qəlbi qürurla dolur. Məlumatımız var ki, ölkəmizin bütün bölgələri dəyişib, gözəlləşib. Amma bizim doğma Şahbuzda, eləcə də kəndimizdə özgə büsat var. Müstəqil ölkə­mizdə, xüsusilə də sərhəd və dağ kəndlərində adamların firavan yaşaması üçün dövlətimiz lazım olduğundan da çox işlər görür. Rayonumuzda gözoxşayan yaxşı nə varsa, hamısı son illərin məhsuludur.
Bir sözlə, gözəlləşən təkcə rayon mərkəzləri deyil, bütövlükdə həyatımızdır. Bu gün Şahbuzun bütün kəndlərində yaşayanların təknəsi bol çörəklidir. Bir vaxtlar fasilələrlə verilən elektrik enerjisi ilə bağlı yaşanan problemlər artıq tarix olub. Naxçıvana çəkilən təbii qaz xətti kəndli məişətinə də çox böyük rahatlıq gətirib. Su təminatından da heç bir narazılıq yoxdur. Digər xidmətlər də öz qaydasındadır.
Biçənəkdə yaşayan insanların həyatını gözəlləşdirən, yaşamağına həvəs verən bu işlərin mayasında dövlət qayğısı dayanır.
– Biçənəyin yaşlı nəsli həyatın hər üzünü görüb, – deyən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Faiq Rəhimov bugünkü reallığı sadə dillə belə şərh etdi:
– Bir vaxtlar həyətdə quraşdırılmış dəmir çardağa, yaxud sənədi olmayan darvazaya görə adamı sorğu-suala çəkirdilər. İndi gözəl zamandı. İnsanlara çox sərbəstlik verilib. Qabiliyyəti, bacarığı olanlar, necə deyərlər, şah kimi yaşayırlar. Biçənəkdə ailə var ki, qapısında 5-10 baş inəyi, sürü ilə qoyun-quzusu, 40-50 arı ailəsi var. Şəxsi minik maşını da öz yerində. Hələ əkin-biçinlə məşğul olan kəndliyə verilən yardımları, güzəştli şərtlərlə satılan gübrəni, məhsuldar cinsli mal-qaranı demirəm.
Bütün bunlara necə sevinməyəsən, şad olmayasan... Biçənəkdə kiminlə həmsöhbət oldumsa, hamısı bir ağızdan dedi ki, torpaq neçə illərdir, verilib kəndliyə, üstəlik, kəndli vergilərdən də azad olunub. Fərasəti olanlar ailə-uşağını yığıb başına işləyir və yaxşı da qazanır.
Bəli, yaxşı dolanışıq belələrinin halal haqqıdır. Dövlətimizin də istəyi budur: adamlar səmərəli işləsinlər, qazansınlar və firavan yaşasınlar.
Bir vaxtlar gözdənuzaq, könüldəniraq düşən Biçənəkdə bu gün gözəlliyi ilə gözoxşayan yeni ünvanlar yaradılıb. Müasir layihə əsasında tikilən kənd mərkəzində əhaliyə nümunəvi xidmət göstərilir. İndi burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi, Kolanı Kənd Uşaq Musiqi Məktəbinin Biçənək filialı və digər təşkilatlar fəaliyyət göstərir.
Kənd mərkəzi ilə üzbəüz bina isə məişət evidir. Biçənəklilərə dövlət qayğısının daha bir ifadəsi olan bu obyektdə bərbər, dərzi, məişət cihazlarının təmiri üçün otaqlar ayrılıb. Məişət evində həmçinin ət, ərzaq, sənaye və kənd təsərrüfatı malları mağazaları kənd adamlarına xidmət göstərir.
Biçənəyə yeni növraq gətirən quruculuq ərməğanlarından biri də bələdiyyə üçün inşa olunmuş binadır. İki mərtəbədən ibarət olan binada “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Biçənək kənd təlim mərkəzi, baytarlıq məntəqəsi, 384 nömrəlik ATS, poçt bölməsi üçün lazımi şərait yaradılıb. Kənd mərkəzində yerləşən həkim ambulatoriyasında doğuş, həkim, qeydiyyat və manipulyasiya otaqları var. Burada biçənəklilərə ilkin tibbi yardım göstərilməsi üçün nümunəvi şərait mövcuddur.
Biçənəkdə son möhtəşəm tikili ötən ilin noyabrında istifadəyə verilən məktəb binasıdır. Diqqətçəkən məqam odur ki, muxtar respublikamızın rayon mərkəzləri də daxil olmaqla, heç bir məktəb Biçənəkdəki kimi beşmərtəbəli binada yerləşmir.
Dağların qoynuna sığınan Biçənəyin ildən-ilə dəyişən, yeniləşən sosial mənzərəsinə bilik, zəka işığı salan 252 şagird yerlik bu yeni məktəb binasında 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron lövhəli sinif, idman zalı, 4400-dən çox kitab fondu olan kitabxana, internetə çıxışı olan 19 kompüter dəsti ilə təmin olunmuş kompüter sinfi var.
294 təsərrüfatı özündə birləşdirən Biçənəkdə hazırda 1300 nəfərdən çox əhali yaşayır. Heyvandarlıq, xüsusilə arıçılıq biçənəklilərin əsas məşğuliyyətidir. Buna baxmayaraq, kənd camaatı həyətyanı sahələrində meyvə-tərəvəz əkib-becərir. Əhalinin, demək olar ki, əksəriyyəti qış azuqəsini öz həyətyanı sahələrindən əldə edir.

Bəli, bu gün Biçənəkdə yeni həyat çağlayır. Burada həm əhali artır, həm də yaraşıqlı evlərin sayı... Ən önəmli cəhət odur ki, bir vaxtlar ağır yaşayış şəraitindən şikayət edib mərkəzə, paytaxta gedənlər indi geri qayıdırlar. Axı niyə də qayıtmasınlar. Müstəqillik işığının növrağına bürünən gözəlliklər məskəninə çevrilən Biçənəyə gəlməyə dəyər.

Aydın TARVERDİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR