22 Dekabr 2024, Bazar

Ön söz əvəzi və yaxud kiçik üzrxahlıq

Şahbuzun Ağbulaq kəndinə gedərkən yol boyu elə hey fikirləşirdim, götür-qoy eləyirdim ki, görəsən, burdakı insanların həyatı, dolanışığı, güzəranı barədə oxucuma nə isə yeni bir söz deyə biləcəyəmmi? Ədəbiyyat tənqidçilərinin təbirincə desək, yazdıqlarım “boz” (yəni zəif) olmayacaq ki? Uğuruma heç özüm də inanmıram. Çünki Naxçıvan şəhərindən Ağbulağa olan 52 kilometrlik yolu gəlib çıxasan dağ zirvəsində qərar tutan məkana, heç olmasa bir gecə qalıb axşamüstü qoyun sürülərinin, qaramal naxırlarının kəndə saldığı “haray-həşiri” görməyəsən, doqqazlarda dayanıb bu sürülərin, naxırların arasından özününküləri ayırd eliyən kişilərin, qadınların təbəssümlü çöhrələrinə baxmayasan, hər iş-gücünü sahmanlayıb qurtarandan sonra bir-birindən hal-əhval tutmağa gedən qohumların söz-söhbətlərinə qulaq asmayasan, sübh tezdən Günəş hələ Üçqardaş, Papaqlı, Salvartı dağlarının arxasında arın-arxayın “yatdığı” vaxt kənd adamları üçün yeni iş gününün başlandığını xəbər verən “sabahın xeyir”, “salam”, “günün aydın” (eh nə çoxdur belə xoş sözlərimiz) ifadələrinin istək, sevgi, mehribanlıq, xətir-hörmət çalarlarını dərk etməyəsən, vallah, deməli, heç o kəndi görməmisən. Və ona görə də yazımdakı kəm-kəsirlərə, kənd həyatının özünəməxsusluğunu, gözəlliyini, eyni zamanda kəndli əməyinin oxucuya bəlli olmayan tərəflərini onların ürəyincə kağıza köçürə bilmədiyimə görə bəri başdan oxucularımdan və ağbulaqlılardan üzr istəyirəm.

 

Ağbulağa gedən yol

Naxçıvan şəhərindən bir üzü Sədərəyə, bir üzü də Culfaya abad, rahat yollar çəkilib. Son illər Naxçıvanın qonaq-qarası xeyli artıb: həm turizm baxımından, həm də neçə-neçə ölkənin rəsmi nümayəndələrinin səfərləri baxımından. Odur ki, gördüyümüz işlər, qazandığımız uğurlarla yanaşı, abad, rahat, bir az da bu günün dili ilə desək, dünya standartlarına cavab verən yollarımızla da fəxr edə bilərik. Qeyd etdim ki, Culfa, Sədərək istiqamətindəki magistral yollar yenidən qurulub. Daha bir yolun – üzü ta Batabat yaylaqlarına uzanıb gedəcək yolun tikintisi isə davam etdirilir. Şahbuz şəhərinə kimi bir yol çəkilib ki, iki göz istəyir, tamaşa eləsin. Amma elə ki Şahbuzu keçdin, başqa bir mənzərə ilə qarşılaşırsan: müxtəlif işarələr, yol nişanları, sürəti məhdudlaşdıran rəqəm görüntüləri, əllərində qırmızı göstərici tutmuş yol inşaatçıları, yükünü özüboşaldan maşınların, çoxlarının adlarını belə bilmədiyim yol texnikasının, qayaların bağrını yaran ekskavatorların, buldozerlərin, xülasə hamısı yenilikdən, müasirlikdən xəbər verən bu texnika nəhənglərinin nəriltisi, gurultusu ətrafdakı dağların sakitliyini pozur. Yol tikintisi gecə-gündüz bilmir, başqa cür də mümkün deyil, dağlarda yol çəkmək arandakına bənzəmir: leysan yağışları, təbiətin min cür şıltağı, az qala hər yüz metrdən bir salınan su keçidləri inşaatçıların zəhmətini bir az da artırır. Amma başqa çarə də yoxdur, bu istiqamətdə qərar tutan kəndlərin sakinlərinin yol rahatlığı təmin olunmalıdır. Bu, dövlətin qarşıya qoyduğu başlıca vəzifədir. Kolanı kəndini keçər-keçməz zamanın səs-küyündən bir xeyli azad olursan, maşının pəncərəsindən içəri xoş bir nəsim dolur. Naxçıvan-Batabat yolundan üzü sağ tərəfdəki dağlara sarı bir qol ayrılır. Ağbulaq yazılmış yol nişanı sükanı bu tərəfə hərləməyimə bir işarədir.
Dağ çayının üstündən salınmış körpünü keçib üzü dağlara sarı gedirəm, lap yuxarıda, zirvə qaşında Ağbulağın ağ, qırmızı kirəmitli evləri təkəm-seyrək görünür, yayda dağ kəndlərinin tikililərini azman ağaclar görünməyə qoymur. Ağbulağa çox gedib-gəlmişəm, amma bu il birinci kərə idi. Əvvəllər tozlu-torpaqlı, çala-çuxurlu, əyri-dolayı yollar bitmək, qurtarmaq bilmirdi. Amma bu gedişim ötən dəfəkilərə bənzəmirdi, keçmiş yoldan əsər-əlamət qalmamışdı. Burada hamar asfalt yol çəkilib. Döngələrin kənarında qoruyucu metal sipərlər düzəldilib. Yan-yörəsində 2-3 ağac kol olan sısqa bulaqdan da əsər-əlamət yox idi. Əvəzində səliqə-sahmanlı bulaq-abidə tikilib, ətrafda dincəlmək üçün stollar, oturacaqlar qoyulub. Ağbulağın zirvədəki görünüşü də məni təşvişə salmırdı, yol elə rahat, elə hamar idi ki, özümü dağ yolunda yox, lap elə Naxçıvan şəhərinin küçələrindəki yollardakı kimi hiss edirdim.

Ağbulaq haqqında oxucuya kiçik tanışlıq arayışı

Ağbulaq Şahbuz rayonunun bu istiqamətdə sonuncu kəndidir. 387 nəfər əhalisi, 63 evi var. Az qala hər qapıda minik maşınından tutmuş yük maşınına qədər, lap elə traktoracan bir texnika durur. 1997-ci ildə kənddə torpaq islahatı aparılıb. Bütövlükdə, ağbulaqlılara 199 hektar torpaq verilib. Üstəlik 30 hektar da həyətyanı torpaq sahələri var. Bir də üstəlik dövlət 50 hektar da biçənək verib ki, bu da sizin mal-heyvanınızın, qoyun-quzunuzun yem bazası. Və burda kiçik bir hesablama aparıb görürəm ki, 63 evlik kənd camaatına üst-üstə 280 hektar torpaq verilib və bir də hesablayıb görürəm ki, hər evə 4,1 hektar torpaq payı düşüb.
Ağbulaq görüşləri
Kəndin baş küçəsi ilə irəlilədikcə nə qədər yeniliklər görürəm. Bu dağ kəndində tikilənlər, qurulanlar dövlətin kənd sakinlərinə qayğısıdır. Bu tikililər insanların həyat, məişət şəraitinin rahatlığına, güzəranlarının yüksəlişinə, qayğılarının həllinə xidmət edir.
Ağbulaqda ilk tanışım, həmsöhbətim kəndin icra nümayəndəsi Mətləb Məmmədov oldu. Söhbətcil adamdır, işinə bələddir, danışanda hiss edirsən ki, kəndi ilə fəxr edir, qürurlanır, istəyir ki, ürəyində nə varsa, hamısını “əndərib töksün” mənim söz, yaddaş dəftərçəmə, bu isə mənə əl vermir, gərək heç olmasa iki sözdən birini çatdırıb qeyd götürəm. Mətləb Məmmədovun dediklərindən:
– İstəyirəm, bir az əvvələ qayıdam, 90-cı illərin əvvəllərinə. Ölkə nə kökdə idisə, dağ kəndi də elə o kökdə idi. Yol yox idi, varlığına vardı, amma bərbad gündə idi, heç buna yol demək olmazdı. Elektrik enerjisi 4-5 saatdan bir olurdu, olmasaydı belə, ondan yaxşı idi, lampanın közərtisini güc-bəla ilə görürdük. Təbii qaz haqqında danışmağa dəyməzdi, indiki kimi hər evdən telefon zəngi gəlmirdi, hərənin cibində 1-2 mobil telefon yox idi. Evlərin qızdırılması müşkül məsələyə dönmüşdü, cavanlar iş axtarırdılar, amma iş hardaydı?
– Yaxşı ki, ağbulaqlılar kəndi tərk etməyiblər, axı yay, yaz dursun o yana, qış burda çox uzun çəkir, – deyə söhbətimizə pilləkən qoyuram.
– Köçən oldu, hardasa 5-6 ailə qapısına qıfıl vurub getdi, gedəni saxlamaq da olmazdı, qınamaq da. O var ki, əksər ağbulaqlılar iki ayaqlarını bir başmağa dirədilər ki, getməyəcəyik, vəssəlam.
– Hər halda dövlət öz vətəndaşlarını da taleyin ümidinə buraxmazdı, elə deyilmi?
– Eləliyinə elədir, amma o vədə dövlətin nəyi vardı? O vaxtkı ölkə rəhbərləri Naxçıvanı taleyin ümidinə buraxmışdılar. Nə yaxşı ki, Ulu Tanrı o böyük insanı – ulu öndər Heydər Əliyevi bizə xilaskar göndərdi ki, bu qədim Azərbaycan diyarını – Naxçıvanı bəladan qurtarsın.
“Götürgəl” deyilən massivimizdə ağaclıq vardı, hamısını qırıb yandırdıq. Tək biz yox ha, qonşu Qışlaq, Kolanı, Nursu kəndlərinin sakinləri də.
– Mən o insanlarda heç bir günah görmürəm, zaman elə idi, bir də ki, ağac insandan qiymətli deyildi ki? Bəsdir, 20-22 il bundan əvvəlkiləri yada salıb kövrəldik, gəl bir az da bu gündən danışaq, Ağbulağın və ağbulaqlıların bu günündən, dolanışığından, güzəranından; ağbulaqlı nə ilə dolanır, çörəyi nədən çıxır?
– Qoy bir söz deyim, sonra sualınızın cavabını verərəm. Əgər dünənimizi yaddan çıxarsaq, unutsaq, bu günümüzün də qədrini bilmərik. İndi deyim, ağbulaqlının çörəyi hardan, nədən çıxır. Ağbulaqlının işlək əli, zəhmətə qatlaşan hünəri, özünün bir parça torpağı, gücünün çatdığı təsərrüfatı, yəni özünü dolandıran, amma bunların hamısından qabaq kürəyini söykədiyi bir dağ var ki, o da dövlətdir. Əgər dövlətin köməyi, hamiliyi olmasaydı, Ağbulağın bugünkü dəstgahı hardaydı?
– Dəstgah deyəndə nəyi nəzərdə tutursan?
– Göz dəyməsin, Qadir Hüseynovun qapısından çıxan 200 başdan çox davarını, Sahib Məmmədovun 15 baş inəyini, Dostəlinin, Vaqifin traktorlarını, Hidayətin, İnşallahın, Çərkəzin, Habilin, Sahibin – hamısını sayammıram – 15 nəfərin otbiçən maşınını dövlət pulsuz-parasız verib deyib ki, götürün, 10 ilə borcumu qaytararsınız. Söhbətimin bir yerində dedim ki, o vədə kənddən köçənlər olub, indi, demək olar ki, hamısının pas tutmuş qıfılları açılıb, yəni qayıdıblar doğma ocaqlarına, məgər bunlar dəstgah deyil?
İçəri orta yaşlarında bir kişi girir.
– Hidayət, yaxşı vaxtında gəlmisən, müxbir qardaş soruşur ki, ağbulaqlı necə dolanır?
– Bu zəmanədə dolanışığından gileylənən özündən küssün, başqa heç nə demirəm. Mən özüm təsərrüfatla məşğul oluram. Uşaqların anası məktəbdə çalışır, gəlinim kitabxanaçıdır, 2 oğlum hərbçidir. Evim plana düşdü, dövlət 5 otaqlı ev tikib verdi. Evimizin geniş həyətyanı sahəsi var. Həyətdə digər yardımçı tikililər də inşa olunub.
Ağbulağın baş küçəsində yaraşıqlı bir imarət ucaldılıb, bura məktəbdir. Məktəb binasının yanında inşa olunan kənd mərkəzində bələdiyyə, icra nümayəndəliyi, feldşer-mama məntəqəsi, rabitə evi, kitabxana, klub, polis və baytarlıq məntəqələri cəm olub, xülasə ağbulaqlı hər hansı bir sənəd, arayış üçün müxtəlif səmtlərə üz tutmur, bir binada onun bütün problemləri həll olunur.
Məktəbin fizika müəllimi Mirhəsən müəllimlə təhsil ocağının həyətində rastlaşırıq, əsl kənd ziyalısı təsiri bağışlayır, tətil günləri olsa da, iş-gücü çoxdur, ən əsası budur ki, fizika üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir.
– Ağbulaqda zəhmətlə elm qoşadır, balaca kənddən azından 50-60 nəfər ali təhsilli mütəxəssis çıxıb. Qardaşımın qızı Bakı Dövlət Universitetinin müəllimidir, bu gün-sabah doktorluq dissertasiyası müdafiə edəcək, ağbulaqlı alim – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əyyub Quliyev Şamaxı Astrofizika Rəsədxanasının direktorudur.
Bu il kənd məktəbinin 4 nəfər məzunu olub. İkisi ali məktəbə sənəd verib, ikisi də qəbul olunub. Mirhəsən müəllimin bu kiçik məlumatı məni sevindirir, yəqin ki, oxucu da şad olar.
Kəndin baş küçəsi ilə üzüyuxarı gedirəm. Bir az yuxarıda, sağ tərəfdə əzəmətli tikililər kompleksi görünür. Bura Ağbulaq İstirahət Mərkəzidir. Dünyanı az-çox dolanmışam, bundan da böyük, bundan da əhatəli istirahət evləri, sanatoriyalar, bahalı, ucuzlu otellər çox görmüşəm, lakin hansısa ucqar dağ kəndində belə təmtəraqlı istirahət məkanı ilə ilk dəfə idi ki, qarşılaşırdım.
İstirahət mərkəzinin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ağbulaq kəndi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Dağlıq ərazidə yerləşən Ağbulaqda kənd turizminin inkişafı üçün əlverişli infrastruktur mövcuddur. Fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin mövcudluğu, yolun çəkilməsi, yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim məntəqəsinin tikintisi kəndin turizm imkanlarını daha da artırıb... Kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq, heyvandarlıq inkişaf etdirilir, bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda istirahət mərkəzi kəndin inkişafında da mühüm rol oynayacaqdır”.
Bəli, istirahət mərkəzində turistlərə, istirahət edənlərə broyler fabriklərinin dadsız-duzsuz toyuq əti, yumurtası, müxtəlif kimyəvi yollarla yetişdirilmiş meyvə-tərəvəz və başqa qida məhsulları verilməyəcək. Keçi pendiri, inək kərəsi, camış qaymağı, qoyun qatığı, Ağbulağın gül-çiçəyinin şəhdini dadan balını verəcəklər. Ağbulaqda kartof da, soğan da, kələm də, alma da, cəviz də, o biri meyvə-tərəvəz də yaxşı bitir, bütün bunlar qonaqların süfrəsi üçün olacaq, ağbulaqlı da öz məhsulunu zəhmət çəkib Şahbuz şəhərinə, yainki Naxçıvan şəhərinə daşımayacaq, öz kəndində, öz həyətində satacaqdır. Məncə, artıq izahata ehtiyac yoxdur.

Epiloq əvəzi

Gün günortadan keçib, amma əlahəzrət Günəş hələ də Ağbulağın aydın səmasında qızıl halqa kimi hərlənib-fırlanmaqdadır. Mənə elə gəlir ki, heç səmanın bu aydınlığını da tərk etməyəcək, buranı dövrələyən dağların arxasına köç etməyəcək. Əgər bir gecəliyə köçünü yığışdırsa, yerini salxım-salxım, burdan əl uzatsan, az qala əlin çatası ulduzların ümmanından boylanan Aya verəcəkdir. Günəş buralara necə həyat eşqi, yaşamaq qüdrəti bəxş edirsə, Ay da Ağbulağa bir süd işığı ərməğan edəcəkdir. Bu işıq ağbulaqlıların yuxusuna bir süd ağlığı, ana təbiətin ətrini, bal şirinliyini gətirəcəkdir. Gündüzlər qızıl Günəş qızıl halqa kimi, gecələr Ay qızıl qaval kimi Ağbulağın aydın səmasında əbədi dolanacaq və bu aydınlıqdan hamımıza pay düşəcək, ağbulaqlıya da, qonaq-qarasına da, mənə də, sənə də, hörmətli oxucum.

Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR