22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin cari ilin ilk 6 ayının yekunlarına həsr olunmuş kollegiya iclasını giriş sözü ilə komitə sədri Ramilə Seyidova açaraq hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, 2013-cü ilin ilk 6 ayı ərzində beynəlxalq və tarixi günlərin qeyd olunması, ailə dəyərlərinin təbliği, aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və lazımi işlərin görülməsi diqqət mərkəzində saxlanılmış, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, gender bərabərliyinin təmin olunması, cəmiyyətdə qadınların rolunun artırılması, hər bir uşağın milli dəyərlər əsasında tərbiyə olunması və layiqli vətəndaş kimi yetişməsi məqsədilə seminarlar, müsabiqələr, tədbirlər keçirilmiş, ailə, qadın və uşaqlarla bağlı məlumat bazası yaradılmışdır. 

Muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar toplanılmış və onların müqayisəli təhlili aparılmışdır. Məlum olmuşdur ki, muxtar respublikada 90 min 900 ailə yaşayır. Bunlardan 3027-si aztəminatlı ailə, 1354-ü qaçqın və məcburi köçkün ailəsi, 251-i şəhid ailəsidir. Muxtar respublikada yaşayan 427 min 228 nəfər əhalinin 50,25 faizini, yəni 214 min 696-nı qadınlar təşkil edir.

Muxtar respublikada 153 min 375 uşaq vardır ki, bu da muxtar respublika əhalisinin 35,9 faizini təşkil edir. Bu uşaqlardan 1971 nəfəri sağlamlıq imkanları məhdud, 151 nəfəri hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlardır. Övladlığa götürülmüş 255 nəfər, tək ana və ya tək ata himayəsində yaşayan 1166 nəfər uşaq vardır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Naxçıvan şəhərində yerləşən muzeylərə, tarixi abidələrə, müalicə və istirahət yerlərinə ekskursiyaya aparılmış, onlara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında, Naxçıvan Dövlət Uşaq Teatrında tamaşalar, Naxçıvan Dövlət Film Fondunda filmlər göstərilmişdir. Bu qəbildən olan 243 uşağa keçirilən tədbirlərdə hədiyyələr təqdim olunmuş, 204 nəfər 18 yaşınadək sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılaraq onlarla geniş maarifləndirici söhbət aparılmış, onların potensiallarına uyğun olaraq, 12 uşaq məktəbəqədər, məktəb və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə yönləndirilmiş, hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmiş, toplanan 6 litrə yaxın qan xəstələrə vurulması üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına verilmişdir. 
Qeyd olunmuşdur ki, komitə tərəfindən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan 3 uşağın və övladlığa götürülmüş 7 uşağın ümumi uçotu aparılmışdır. Cari ildə uçotu aparılan valideynlərini itirmiş 2 uşağın evində monitorinq təşkil edilmiş və onların yaşayış şəraitləri ilə maraqlanılmış, problemləri öyrənilərək həlli istiqamətində tədbirlər görülmüşdür.
Vurğulanmışdır ki, komitə qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi məqsədilə aidiyyəti təşkilatlarla birgə 30 xüsusi qayğıya ehtiyacı olan tənha, ahıl, əlil qadınların, aztəminatlı, o cümlədən ailə üzvləri sağlamlıq imkanı məhdud olan aztəminatlı ailələrin yaşadıqları ünvanlara başçəkmələr keçirilmiş, onların problemlərinin həlli istiqamətində tədbirlər görülmüşdür.
Sonda komitənin aparat rəhbəri Zeynal Hümbətovun, Uşaq problemləri şöbəsinin müdiri Rəşad Kərimovun, İctimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçi Sahir Rüstəmovun çıxışları olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir.
Kollegiya iclasına komitə sədri Ramilə Seyidova yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR