Muxtar respublikada qadınların problemlərinin öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılaraq onların məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olanlara sosial yardımlar təyin edilir, tənha qadınlara evlərində xidmət göstərilir.
Həyata keçirilən tədbirlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan Naxçıvan şəhəri, “İstiqlal” 133, mənzil 1 ünvanında yaşayan I qrup əlil, tənha qadın Ələsova Pərizad Ələkbər qızı ilə görüş keçirilmişdir. Adıçəkilən təşkilatların əməkdaşları qadının yaşayış vəziyyəti ilə maraqlanmış, evində səliqə-sahman işləri aparmış, onu tibbi müayinədən keçirərək müalicəyə cəlb etmiş, qadına ərzaq payı və hədiyyə vermişlər. Bundan başqa, məişət şəraitinin yaxşılaşdırılması məqsədilə aidiyyəti təşkilatlar tərəfindən su-kanalizasiya xətlərində olan nasazlıqlar aradan qaldırılmışdır.
Pərizad Ələsova göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti