21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında bu sahədə görülmüş işlər bunu deməyə tam əsas verir

Tarixən bütün inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına sərf olunan vəsait həmişə özünü doğrultmuşdur. Doğrudan da, insana göstərilən qayğı, son nəticədə, bütün cəmiyyətin ümumi rifahının yüksəlməsinə xidmət edən ən humanitar addımdır. Məhz buna görə də görülən hər bir işə yekun vurarkən onun insan həyatını yaxşılaşdırmağa yönəlmiş müsbət sosial təsirləri həmişə ön planda tutulur. Son illər, ümumilikdə, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlər Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı islahatlar üçün əlverişli imkanlar açaraq insanların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlərə təkan vermiş, əhalinin etibarlı sosial müdafiəsinə möhkəm zəmin yaratmışdır. Sosial qayğıya ehtiyacı olan əhali qruplarının sosial müdafiəsi sahəsində muxtar respublikamızda 2012-ci ildə görülmüş işlər bu qənaətə gəlməyə imkan verir.

Təkcə bir fakta nəzər salsaq, görərik ki, bu dövr ərzində muxtar respublikada bütün növ müavinətlərə və ünvanlı dövlət sosial yardımına 11 milyon 491 min 371 manat ayrılmışdır ki, bunun da 3 milyon 472 min 324 manatı ünvanlı dövlət sosial yardımına, 8 milyon 19 min 47 manatı isə bütün növ müavinətlərə sərf olunmuşdur. Muxtar respublikada əlil və ahıl vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığı təmin edilmiş, sağlamlıq imkanları məhdud şəxslərin sosial-tibbi reabilitasiyası, texniki bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunması, eyni zamanda onların sanatoriya və kurortlarda müalicələrinin təşkili, habelə cəmiyyətə inteqrasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Cari ilin ötən dövrü ərzində 635 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində sosial-məişət xidməti göstərilmiş, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 242 şəxsin, Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud 232 uşağın müalicəsi təşkil edilmişdir. Bu dövrdə sağlamlıq imkanları məhdud vətəndaşların sanatoriyalarda müalicə və istirahət etmələri üçün 96 göndəriş verilmiş, 586 nəfər texniki bərpa vasitələri ilə təmin edilmiş, 526 nəfərə protez-ortopedik xidmət göstərilmişdir. İl ərzində sağlamlıq imkanları məhdud 27 şəxsin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 17 nəfərin respublika daxilində, 5 nəfərin Bolqarıstan Respublikasının “Pavel Banya” kurort müəssisəsində, 6 nəfərin isə Ukrayna Respublikasının Saki şəhərində yerləşən onurğa və sinir sistemləri üzrə ixtisaslaşmış müalicə müəssisəsində müalicələri təşkil edilmişdir. Dövlətimizin əlil ailələrinə göstərdiyi fasiləsiz qayğının növbəti ifadəsi olaraq, 2012-ci il ərzində müvafiq kateqoriyadan olan 10 ailə fərdi yaşayış evləri ilə, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 30 şəxs isə minik avtomobilləri ilə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2012-ci ilin “Milli dəyərlər ili” elan edilməsi ilə əlaqədar məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası məsələlərinin diqqətdə saxlanılması, onların xalq tətbiqi yaradıcılığı sahələrinə cəlb olunması və hazırlanmış əl işlərinin satış-sərgilərinin təşkil olunması məqsədilə bir sıra işlər görülmüşdür. Naxçıvan şəhərindəki Tədris-Ticarət Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərinin satışı üzrə mağaza fəaliyyətə başlamış, Naxçıvan Regional Peşə Tədris Mərkəzində bir sıra peşə kursları təşkil edilmiş, xalq mahnıları üzrə müsabiqə keçirilmişdir.
Sağlamlıq imkanları məhdud şəxslərin və ahılların fərdi qabiliyyət və bacarıqlarının nümayişi üçün onların rəsm və əl işlərinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda satış-sərgisi təşkil edilmiş, Bakı şəhərində keçirilən Əlillərin VIII Ümumrespublika Sərgi Müsabiqəsində sağlamlıq imkanları məhdud 7 nəfərin 22 adda rəsm və 18 adda əl işləri nümayiş etdirilmişdir. Onlardan da 3 nəfər qalib olmuşdur.
Əhalinin sosial təminatının əsas istiqamətlərindən biri də işaxtaranlara yüksək və effektiv məşğulluq xidməti göstərməkdən ibarətdir. Bu məqsədlə dövlətimiz vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsinə hərtərəfli köməklik göstərir. Belə ki, 2012-ci ilin 11 ayı ərzində şəhər və rayon məşğulluq mərkəzləri tərəfindən 2430 işaxtaran işlə təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Səhiyyə və Təhsil nazirlikləri ilə birgə təşkil olunan əmək yarmarkaları da daxil olmaqla, ümumilikdə, keçirilən yarmarkalarda 1019 nəfər peşələrinə uyğun daimi işlə təmin olunmuşdur. İşaxtaranların peşə hazırlığı, yenidən hazırlığı və ixtisas artırması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbinə uyğun təşkil olunan 17 peşə kursunu 148 müdavim bitirmişdir ki, bu da onların əmək fəaliyyətinə cəlb olunmasında mühüm rol oynamışdır. 2012-ci ilin avqust ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqlardan biri də hərbi hissələr üçün yun corabların toxunmasının davam etdirilməsi idi. Verilmiş tapşırığa uyğun olaraq, fiziki imkanları məhdud və ahıl vətəndaşlarla bağlanılmış müqavilə əsasında 4033 cüt yun corab toxunaraq hərbi hissələrə təhvil verilmişdir.
İqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitinin yüksək səviyyədə təmin edilməsi iş yerlərində əmək qanunvericiliyinə riayət olunmasını və əməyin mühafizəsi işinin yüksək səviyyədə təmin edilməsini şərtləndirir. Bu məqsədlə il ərzində 520 sahibkarlıq subyektində araşdırma aparılmış və muxtar respublika üzrə orta aylıq əməkhaqqı nəzərə alınmaqla, 837 halda əmək müqavilələrində əməkhaqqının real göstərilməsinə nail olunmuş, 375 əmək müqaviləsinin bağlanması təmin edilmişdir.
Dövlətimiz tərəfindən təhlükəsiz iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin də əsas məğzini insan amili təşkil edir. Bu məqsədlə təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilmiş, 363 müəssisədə işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılması təmin olunmuşdur. Tikinti və istehsal müəssisələrində sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, iş yerlərində əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinə nəzarətlə bağlı cari ilin ilk 11 ayı ərzində 202 tikinti sahəsində və istehsalat müəssisəsində nəzarət həyata keçirilmiş, 96 halda icrası məcburi olan göstəriş, 11 halda inzibati xəta hadisəsinə görə cərimələnməyə dair qərar verilmiş, 20 halda müvafiq şəraitin yaradılmaması səbəbindən tikinti sahəsinin fəaliyyəti müvəqqəti dayandırılmış və digər zəruri tədbirlər görülmüşdür. Tikinti sektorunda işçilərin əmək hüquqlarının qorunması, tikinti müəssisələrində çalışan işçilərlə əmək müqaviləsinin bağlanması vəziyyəti araşdırılmış, işçilərlə əmək müqaviləsinin bağlanmaması səbəbindən 5 tikinti müəssisəsi 19 min manat məbləğində cərimələnmişdir. Ümumilikdə, 2012-ci ilin ilk 11 ayında əmək müqavilələrinin bağlanmaması və əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən muxtar respublika üzrə 17 işəgötürənə cəmi 34 min 500 manat məbləğində cərimə tətbiq edilmişdir.
Sivil dövlətin bir məqsədi vardır. Bütün mövcud imkanlar hesabına ölkənin ən qiymətli sərvəti olan insana qayğı göstərib yetişdirilən insan resursları hesabına ölkədə dinc quruculuğu təmin etmək bu gün qarşıya qoyulmuş ən ali məqsəddir.

 

 Ə.CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR