Muxtar respublikada həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də əhalinin həyat şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsidir. Aztəminatlı ailələrin sosial müdafiələrinin gücləndirilməsi məqsədilə ünvanlı dövlət sosial yardımlarının təyin edilməsini, ailə üzvlərinin məşğulluq problemlərinin həll olunmasını, ailələrin həyat səviyyəsinin yüksəldilməsi üçün atılan addımları bu məqsədlə görülən işlərə misal olaraq göstərmək olar. Mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilməsi də bu kimi tədbirlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Yaycı kəndində yaşayan aztəminatlı Səbralıyevlər ailəsinə baş çəkilib. Adıçəkilən təşkilatların əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, ailəyə məişət əşyası və ərzaq payı veriblər.
Xüsusi qayğıya ehtiyacı olan ailə üzvləri dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xəbərlər şöbəsi