22 Dekabr 2024, Bazar

Kənd təsərrüfatı insanın ilk məqsədyönlü fəaliyyət sahəsidir. İnsan ona lazım olan maddi nemətləri məhz torpaqdan əldə etmiş, əkib-becərmişdir. Mövcud olan əlverişli torpaq, iqlim, hava və su ehtiyatları kənd təsərrüfatını müxtəlif istiqamətlərdə inkişaf etdirməyə imkan verir. Muxtar respublikamızda aparılan tədbirlər nəticəsində kənd təsərrüfatının dayanıqlı inkişafı, onun çoxşaxəliliyinin təmin olunması, müxtəlif bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı təmin olunmuşdur.
Kənd təsərrüfatının iqtisadiyyatda xüsusi rolu vardır. Kənd təsərrüfatı məhsulları olmasa, insanın çox vacib tələbatları ödənilməz, ərzaq təhlükəsizliyi kimi mühüm məsələ həll oluna bilməz. Odur ki, bu məsələnin həllində torpaqlardan səmərəli istifadə olunması, torpaq mülkiyyətçilərinə müxtəlif sahələrdə dəstək göstərilməsi, anbarlar yaradılması, satış yarmarkalarının təşkil olunması, maşın-mexanizm, gübrə təminatının yaxşılaşdırılması, məhsuldar sort və cinslərin yetişdirilməsi və xaricdən alınması, aqrar sahə üzrə mütəxəssislərin, aqronom və baytarların hazırlanması daim dövlətin diqqət mərkəzində saxlanılır.

Bütün bunlarla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələrində, istər əkinçilik və bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalında, habelə hazır məhsulun daşınması və anbarlanması zamanı yaranan qəfil, gözlənilməz hadisələr – yanğın, dolu, sel, daşqın, fırtına, şaxta və ildırım vurması, partlayış, elektrik cərəyanının təsiri, gün, yaxud istivurma, zəlzələ, uçqun, sudaboğulma, ilanların, yaxud digər zəhərli həşəratların sancması, dərəyədüşmə, nəqliyyat vasitəsinin altına düşmə və başqa zədələnmələr kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların və fermerlərin ilboyu çəkdiyi zəhməti yox edən zərərlər doğura bilər ki, bu da kənd təsərrüfatı sığortasını aktual edir.
Qəfil riskli hadisələr zamanı insanlara dəymiş zərərlərin əvəzinin ödənilməsinə yönəlmiş etibarlı sığorta sistemi iqtisadi inkişafın mühüm şərtlərindəndir. Çünki məhz sığorta yolu ilə adamların həyatı, sağlamlığı, əmlakı, mülki məsuliyyəti zəmanət altına alınır, sahibkarlıq fəaliyyəti zamanı risklərin ötürülməsi təmin olunur. Həyat sığortası və fərdi qəza sığortası, habelə insanların daşınmaz əmlakının, avtomobilinin, ev əşyasının, mülki məsuliyyətinin sığortalanması ilə bərabər, kənd təsərrüfatının da sığorta olunması baş verə biləcək müxtəlif qəfil hadisələr nəticəsində bu sahədə dəymiş zərərlərin əvəzinin ödənilməsinə təminat verir.
Kənd təsərrüfatı qəfil hadisələrə çox həssasdır. Burada baş verə biləcək və sığorta hadisələri hesab olunan təbii fəlakətlər və yaxud digər hadisələr kütləvi zərərlər törədir. Məsələn, yağan şiddətli dolu və ya qəfil fırtına ərazidəki bir neçə evə, yaxud digər tikililərə zərər vurursa, bundan fərqli olaraq eyni hadisələrdən yüz hektarlarla əkinlər, çox sayda bar ağacları və ya istixanalar zərər görər, qiymətli kənd təsərrüfatı məhsulları məhv olar, ya da kənd təsərrüfatı təyinatlı bina, maşın və avadanlıqlar yararsız hala düşə bilər. Digər bir tərəfdən, kənd təsərrüfatına zərər vuran bu kimi hadisələrin nəticələrini aradan qaldırmaq nisbətən uzun bir müddət tələb edir. Məsələn, güclü küləyin qoparıb dağıtdığı ev damı qısa bir müddətdə bərpa olunsa da, taxıl zəmisini, yaxud illərlə ərsəyə gələn meyvə ağaclarını dərhal yerinə qaytarmaq mümkün deyildir. Ona görə də onlara dəymiş zərərə görə verilən sığorta ödənişləri öz qazancını kənd təsərrüfatından əldə edən insanlar üçün çox vacibdir.
Hazırda mövcud qanunlara görə, kənd təsərrüfatı sahəsində obyektlər, bir qayda olaraq, təbii fəlakətlərlə yanaşı, xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yoluxucu xəstəliklərdən, habelə üçüncü şəxsin qəsdən hərəkətlərindən də sığortalanır. Bu sığorta növündə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanır. Bunlardan əlavə, sığorta olunan digər kənd təsərrüfatı obyektləri isə kənd təsərrüfatı bitkilərinin məhsulları, iribuynuzlu və xırdabuynuzlu kənd təsərrüfatı heyvanları, quşçuluq təsərrüfatları, arı ailələri hesab olunurlar. Göründüyü kimi, aqrar sahədə sığortanın belə geniş məzmunda təşkilinin məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafelərinin qorunması, onların fəaliyyətinin stimullaşdırılmasıdır.
Kənd təsərrüfatında məhsulun və əmlakın sığortası könüllü formada həyata keçirilir. Burada sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq, sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir. Digər sığorta növlərində olduğu kimi, burada da sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir.
Göründüyü kimi, kənd təsərrüfatı sığortası geniş imkanlar vəd edən bir sahədir. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında bu məsələyə ciddi diqqət ayrılır. Bu həm də fermerlərin əmək fəaliyyətinin daha rahat olması üçün çox vacibdir. Fermerlərin əmlakı, məhsulu və aldıqları kreditlərin sığortlanması isə onların biznesinin uğuruna təminat verir.

Hafiz HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Dövlət
Baş Sığorta Agentliyinin aparıcı mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR