22 Dekabr 2024, Bazar

Muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu qədim diyarın tərəqqisində yüksək dinamizmi təmin etmişdir. İqtisadi inkişafı stimullaşdıran ardıcıl tədbirlərin həyata keçirilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, kənd təsərrüfatının dirçəldilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan düzgün iqtisadi siyasətin nəticələridir. Sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət pro­qramlarının qəbul edilməsi və uğurlu icrası ailələrin maddi rifah halının yaxşılaşdırılmasına zəmin yaratmışdır.

 Regionumuzun sürətli sosial-iqtisadi inkişafında, əhalinin maddi gəlirlərinin mütəmadi artmasında, rifah halının yüksəlməsində mühüm rol oynayan amillərdən biri də sahibkarlar sinfinin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdir. Son illər muxtar respublikada həyata keçirilən mühüm infrastruktur layihələri sahibkarlığın inkişafını getdikcə sürətləndirir. Bu da öz nəticələrini göstərməkdədir. Hər bir sahibkar bir ailənin üzvüdür və onun yaratdığı müəssisədən onlarla, yüzlərlə ailədən olan insanlar gəlir əldə edirlər. Onların gəlirlərinin artması ailələrinin rifah halının yaxşılaşdırılmasına şərait yaradır. 

Muxtar respublikada iqtisadiyyatın hər bir sahəsinə qoyulan investisiya elə ailələrin rifahına yönəlmiş yatırımdır. Bu baxımdan muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi təmin edilməklə ailələrin mühüm problemlərinin həllinə nail olunmuşdur. Ailələrin ərzaq təhlükəsizliyinin təmin edilməsində “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı”nın rolunu xüsusi qeyd etmək lazımdır.
Bütün dünyada enerji təhlükəsizliyi yaşadığımız əsrin prioritetidir və dövlətlərin sosial-iqtisadi inkişafının başlıca hərəkətverici qüvvəsidir. Enerji təminatı insanların normal həyat yaşamasının vacib tərəfidir. Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi, əhalinin fasiləsiz elektrik enerjisi və mavi yanacaqla təminatı, sözün hər iki mənasında, ailələrin həyatını işıqlandırmışdır. Ötən il regionun enerji xəritəsində parlayan və muxtar respublikanın tarixində iki nəhəng elektrik güc mərkəzi olan 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilmişdir. Burada yaşayan ailələr bu enerji mənbələrinin dəyərini bilir, çünki ötən əsrin 90-cı illərinin əvvəllərindəki çətinlikləri görüblər. İnsanlar neft çırağı ilə keçən alaqaranlıq illəri yaxşı xatırlayırlar.
Muxtar respublikada bütün resurslardan, o cümlədən əmək ehtiyatlarından səmərəli istifadə olunmaqla iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyət qurulmaqdadır. Əhalinin məşğulluğu ailələrin firavanlığı və bütünlükdə cəmiyyətin normal yaşayış səviyyəsinin başlıca səbəbi və göstəricisidir. Son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım templəri sosialyönümlü inkişafı təmin etmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, ötən il muxtar respublikada 3805 yeni iş yeri yaradılmışdır. Bunun da 3709-u və ya 97,5 faizi daimi iş yerləridir.
Muxtar respublikanın 2014-cü ilin sosial-iqtisadi inkişafının göstəricilərinə nəzər salanda əhalinin gəlirlərinin bir il öncəyə nisbətdə 2,2 faiz artaraq 1,8 milyard manata yaxınlaşdığını görmək mümkündür.
Ailələrin içməli su təchizatının yaxşılaşdırılması üçün də geniş imkanlar yaradılmışdır. Belə ki, son illər su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına yönəlmiş layihələr həyata keçirilir. Cari ilin əvvəlinə 766 kilometr məsafədə içməli su xətləri, 548 kilometr məsafədə kanalizasiya xətləri çəkilmiş, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Görülən bu işlər şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı muxtar respublikada sudan səmərəli istifadəni tənzimləyir. Yaxın zamanlarda yerli bulaqlardan və yeraltı su mənbələrindən istifadə etməklə rayon mərkəzlərində və kənd­lərdə etibarlı mərkəzləşdirilmiş su təchizatı sistemləri vasitəsilə bütün ailələr keyfiyyətli içməli su ilə təmin ediləcəkdir.
Muxtar respublikada sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, əhalinin sosial müdafiəsi mütəmadi olaraq gücləndirilir, sosial cəhətdən həssas əhali qruplarına davamlı qayğı göstərilir. Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının azalması, digər tərəfdən, aztəminatlı ailələrə ödənilən yardımların məbləğinin artması ilə müşahidə olunur. Belə ki, ötən il hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 443 min manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, sosial qayğıya ehtiyacı olan üç ailə üçün fərdi yaşayış evləri tikilmişdir.
Muxtar respublikanın inkişafını sürətləndirən dövlət proqramlarının uğurlu icrası, sosial inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ailələrin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Bu baxımdan əsas məqsədi real sektorun inkişafı, iqtisadiyyatın diversifikasiyası, sürətli inkişaf istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın əhəmiyyəti misilsizdir. Dövlət proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün muxtar respublikada ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması, infrastruktur təminatının, o cümlədən kommunal xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bu, aysberqin görünən hissəsidir. Görünməyən tərəfində isə sosial-iqtisadi tədbirlərin ailələrin rifahına xidmət etdiyini düşünmək o qədər də çətin deyil. Dövlət proqramında da qeyd olunduğu kimi, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, nəzərdə tutulan məqsədlərə nail olunmasında və əhalinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Muxtar respublikada daha intensiv inkişafa nail olmaq məqsədilə qəbul edilmiş sayca üçüncü olan bu mühüm dövlət sənədinin icrasına başlanılması regionumuza yeni nəfəs gətirmiş, sosial-iqtisadi fəallığı xeyli artırmışdır. Bütövlükdə isə muxtar respublikada son 20 ilə yaxın bir dövrdə sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsinin nəticələrini hər bir ailə öz gündəlik həyatında hiss edir.

Muxtar respublika iqtisadiyyatının bütün sahələrində əldə olunan yüksək nəticələr və insan inkişafı indeksinin yüksəlməsinə hesablanan sosial tədbirlər əminliklə deməyə əsas verir ki, ailələrə daha komfortlu, rahat həyat bəxş ediləcəkdir. Bütün sahələrdə aparılan islahatlar, böyük inkişaf – əhalinin gəlirlərinin artması, özəl sektorun, sahibkarlığın genişlənməsi, kənd təsərrüfatında uğurlara nail olunması, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin yenidən qurulması, bərpası, yeni infrastrukturların yaradılması, sosial sektorda nailiyyətlər və ünvanlılığın təmin edilməsi muxtar respublikada yaşayan ailələrin yaşayış səviyyəsinin daha da yüksəlməsinə xidmət edir.

Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR