Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, əmək pensiyalarının sığorta hissəsinin məbləği 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə 4 faiz artırılmışdır.
Muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin məbləğinin 4 faiz artırılması prosesinə artıq başlanılıb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, pensiyanın ümumi məbləğindən baza hissəsi çıxılaraq pensiyanın sığorta hissəsinə 4 faiz (2015-ci il üzrə istehlak qiymətləri indeksi) əlavə edilməklə aparılır. Fond tərəfindən bütün növ əmək pensiyaları üzrə 48 min 56 nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsinə 4 faiz artım tətbiq ediləcəkdir. Bu da hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kateqoriyasına aid olan əmək pensiyaçıları istisna olmaqla, muxtar respublika üzrə ümumi pensiyaçıların 93 faizini təşkil edir.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, fərdi uçot sistemində sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalı məbləğlərinin də 4 faiz indeksləşdirilməsi aparılır.
Məlumatda o da bildirilir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2016-cı ilin fevral ayının pensiya ödənişində yanvar ayının artımları da daxil olmaqla, əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürüləcəkdir.
Xəbərlər şöbəsi