Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Ərəbyengicə kəndində yaşayan aztəminatlı Abbasovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru İmran Əliyev bildiriblər ki, muxtar respublikada aztəminatlı ailələrə qayğı davamlı xarakter alıb. Cari ildə də aparılan uğurlu sosial siyasətin əsas məqsədi belə ailələrin maddi rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün sosial qayğıya ehtiyacı olan insanları da əhatə edəcək “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi əsas məqsəd kimi müəyyənləşdirilib. Sevindirici haldır ki, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızın gəlirləri daim artır. İqtisadi layihələrdən əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilib, nəticə olaraq əhalinin sosial müdafiəsi daha da gücləndirilib. Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi də həmin ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara ərzaq payı verilib.
Sonda ailənin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti