23 Dekabr 2024, Bazar ertəsi

Qış fəslinin ən gözəl və necə deyərlər, olmazsa olmazlarından biri də qarın yağması, şəhər və kəndlərin ağ örpəyə bürünməsi, qartopu oynayan uşaqların şən-şaqraq səslərinin küçə və xiyabanlarda eşidilməsidir. Dünən səhər saatlarından etibarən Naxçıvan şəhərinə yağan qar da insanlarda əsl bayram əhval-ruhiyyəsi yaradıb, ətrafdakı al-əlvan çalarlar bir neçə dəqiqənin içində paklığın və təmizliyin simvolu olan ağ rəngə təslim olub.

…Orta və yaşlı nəslin nümayəndələri mənimlə razılaşar ki, nədənsə, hələ də qar yağanda uşaqlıq illərini, doğulub boya-başa çatdığımız məhəlləni, bir yerdə oynadığımız dostlarımızı, qar yağan kimi qış qayğılarının ağırlığı ilə odun-kömür tədarükü edən valideynlərimizi xatırlayırıq. Yaxşı yadımdadır, 1989-cu ilin soyuq bir qış günündə, qar yağanda məhəllədən olan dostlarımla küçəyə çıxıb o ki var oynamış, bir neçə saat sonra bərk üşüdüyümü hiss edib evə, isti sobanın yanına tələsmişdim. Ara qarışan vaxtlar idi. Ancaq, bəlkə də, həyatımın “Araz aşığımdan, Kür topuğumdan” dövrü olması səbəbindən idi ki, valideynlərimin qayğılı simalarından qış aylarının gətirdiyi çətinlikləri hiss etmirdim. Evə girib onsuz da alovu get-gedə azalıb öləziyən qaz sobasının yanında oturmuşdum.

Həmin vaxt hiss elədim ki, soba yavaş-yavaş soyumağa başlayır. Əyilib sobanın qapağını qaldıranda gördüm ki, elektrik enerjisinin aramla verilməsi səbəbindən tez-tez evimizdə yanan şamın işığı boyda qalan mavi alov da insanların o dövrdəki sabaha inamları kimi sönüb, öləziyib. Sonra xəbər gəldi ki, Naxçıvana gələn qaz xəttini partladıblar. Bəlkə də, elə həmin gündən mən böyüməyə başladım, həyatın çətinliklərini də elə o zaman hiss etdim. Bir neçə saat sonra qaz sobasını lazımsız bir əşya kimi söküb zirzəmiyə apardıq, əvəzinə zirzəmidən köhnə kömür sobasını çıxarıb qurduq. Ancaq yandırmağa kömür yox idi. Ona görə də atamla səhər tezdən oyanıb dəmir yolu kənarına, əvvəllər kömür satılan yerə yollandıq. Eşitmişdik ki, buraya bir neçə vaqon kömür gətirilib. Atam evdən bir miqdar pul götürmüşdü ki, buradan kömür alaq və evə gətirək. Ancaq bütün cidd-cəhdlərimizə baxmayaraq, kömür ala bilmədik, qurduğumuz kömür sobasında qızınmaq bizə qismət olmadı. Çünki o zaman bütün şəhər əhalisi, hətta ictimai yaşayış binalarında yaşayanlar belə, kömür almaq üçün buraya gəlmişdilər. Hamının kömür almaq üçün gözünü dikdiyi vaqonlar göz qırpımında boşaldı və biz əliboş evə qayıtmalı olduq. Elə həmin gün dərsimi oxumaq əvəzinə dünəndən yağıb ətrafı ağ yorğana bürümüş o ilk qarı, məni hədsiz sevindirmiş bəyaz örtüyü bir az da hirslə ayaqlaya-ayaqlaya əlimdə balta odun “ovuna” çıxdım. Həmin şaxtalı, qarlı qışda mən və məhəlləmizdəki yaşıdlarımın günü çöldən-bacadan odun toplamaqla keçdi. Məktəb çantaları balta ilə, odunları güc-bəla ilə daşıdığımız xizəklə əvəz olundu. Xülasə, minbir əziyyətlərlə, məhrumiyyətlərlə o qışı birtəhər başa vurduq. Bu hadisədən keçən bir neçə il ərzində də yağan ilk qar nə məni, nə də valideynlərimi sevindirə bildi.
İndi rahat, işıqlı, isti iş otağının pəncərəsindən yağan qara tamaşa edəndə, qartopu oynayan uşaqları, xoşbəxt və gülərüzlü valideynləri görəndə fikirləşirəm ki, bu günün uşağı da, valideyni də nə qədər xoşbəxtdir. Çünki nə elektrik enerjisindən korluğu var, nə də mavi yanacaqdan. Bu günün yeniyetməsi sübh çağından kilometrlərlə uzaqlıqdakı bağlardan odun qırmağa, çörək mağazaları önündə titrəyə-titrəyə növbəyə dayanıb çörək almağa yox, məktəbə, kitabxanaya, idman zallarına tələsir. Bu günün valideynini isə həlli olmayan məişət problemləri, elektrik enerjisi, istilik, su problemi narahat etmir. O, qışın ən sərt günündə belə, ölkəmizin gələcəyi naminə çalışmaq, qurmaq, yaratmaq üçün iş yerinə tələsir, işdən sonra isə isti, işıqlı evlərdə övladının qayğısına qalır. Artıq yurdumun insanlarını müstəqillik illərinin əvvəllərindəki kimi yağan qar qorxutmur, əksinə, sevindirir, fərəhləndirir. Çünki təbiətin istənilən şıltaqlığına qarşı hazırlıq ən incə detallarına qədər düşünülmüş şəkildə aparılıb. Bu gün yaradılan şərait insanları hər bir çətinlikdən qurtarıb, onlarda dövlətimizə güvən, gələcəyə inam hissi yaradıb. İndi yağan qar yeni qayğılar, çətinliklər, məhrumiyyətlər yox, bolluq-bərəkət gətirir. Qar yağırsa, axar sular kəsilməyəcək, çeşmələrimiz, bulaqlarımız çağlayacaq, daşlardan, qayalardan ilbəil təmizlənən, əkin sahələrinə çevrilən torpaqlarımız qızılı taxıl zəmilərinə, gözoxşayan üzüm bağlarına çevriləcək. Qara torpaq onu əkib-becərənlər, önündə min dəfə baş əyənlər qarşısında üzüqara qalmayacaq, çəkilən zəhmətin qarşılığını birə-on qaytara biləcək. Və o zaman insanlar soyuq qarın qor istisini ürəklərində hiss edə biləcək, keçmişin qaranlıq günlərinin acı xatirələrinin qara səhifələrini qar bəyazına çevirə biləcəklər.
Hə, əziz oxucular. Sizi deyə bilmərəm, ancaq mənim üçün pəncərədən gördüyüm yağan qar keçmişin həzin duyğularını oyatsa da, bu gün üçün xoş təəssüratlar yaradır.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR