23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz şəhərindən Nursu kəndinə gedərkən bir vaxtlar Məmməd Arazın bir qədər küskünlüklə qələmə aldığı
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində, – misraları yadıma düşdü. O anda Nursunun bugünkü simasını xatırladım. 2014-cü ildə aparılan kompleks quruculuq tədbirləri hesabına müasir Azərbaycan kəndinə çevrilmiş abad yaşayış məntəqəsi gözlərim önündə canlandı. Məmməd Araz kimi görkəmli şairin doğulub boya-başa çatdığı, “hələ adı dünyanın xəritəsində olmayan” bir vaxtlar bu kənddə bir neçə dəfə olmuşdum. Quruculuq tədbirləri həyata keçiriləndən sonra da. Artıq Nursunun da adının dünyanın quruculuq xəritəsinə düşdüyünü bu gün yolu həmin ünvana düşənlərin hamısı təsdiq edər. Gərəkdir ki, o kəndə gedəsən, o kəndin bu gününü özün görəsən və Məmməd Araz arzularının çiçəklədiyinin şahidi olasan. Qəlbimdən keçənləri yol yoldaşım, sürücü Zahid Rüstəmova bildirirəm. Öz el-obasını əsl vətənpərvərliklə sevən bu sadə peşə sahibi, sən demə, Məmməd Araz poeziyasının vurğunudur, onun şeirlərinin çoxunu əzbər bilir. Həmin şeirin bir bəndini isə o deyir:

Kəklik fərəsinin sayına görə,
Bulud nərəsinin sayına görə,
Aylı gecələrin sayına görə,
Tozlu küçələrin sayına görə,
Bəlkə də, dünyada birinci kəndsən.
Sonra söhbətinə davam edir:
– Düşünmürəm ki, muxtar respublikamızda indi elə bir kənd olsun. Elə bu kiçik Şahbuz rayonunun ən ucqar dağ kəndi, ən kiçik yaşayış məntəqəsi özgə bir büsatdadır. Nursu da həmin kəndlər sırasında.
Mahmudoba kəndini keçdikdən bir qədər sonra qar yağmağa başladı. Maşından düşüb təmiz qar havası udmaq istədik. Dayandığımız yerdən ətraflara göz gəzdirdim. Yurdumuzun ayrı-ayrı ünvanlarında və dəfələrlə gördüyüm mənzərələr yenidən qəlbimi dağa döndərdi. Bir tərəfdə möhtəşəmlik rəmzi olan dağlar, bir tərəfdə dərələrə sığınmış evlər. Qar isə yağmağındadır. Yenə Zahid dillənir: Bolluq yağır, bərəkət yağır, öz yerinə, öz yurduna yağır.
“Yolçu yolda gərək”, – deyib yola düzəlirik. Şahbuz şəhərindən çıxanda razılaşmışıq ki, ilk olaraq Məmməd Arazın ev-muzeyinə gedək. Kəndə daxil oluruq. Uzaqdan Nursunun “keşiyində dayanmış” başı ağ çalmalı Toğlu qaya, Motal qaya dağları görünür. Bu dünya binə olandan beləcə dayanan bu dağların qoynuna sığınmış Nursu ağ dona bürünüb. Yeni quruculuq ünvanlarının hamısı kəndin mərkəzində cəmləşib. Tam orta məktəb binası, kənd və xidmət mərkəzlərinin yanından keçib üzü yoxuşa qalxırıq.
Bu da görkəmli şairimizə böyük diqqət və ehtiramın ifadəsi olan muzey. Gəlişimizdən muzeyin direktoru Fizzə Bağırovanın xəbəri var. Qapıya çıxıb bizi qarşılayır. İçəri daxil oluruq. Muzey direktoru Məmməd Araz haqqında ürəkdən danışır. Onun şeirlərini söyləməkdən yorulmur. Məmməd Araz sənətinə belə vurğunluğun sirrini bu torpaqda görürəm. Sonra görüşəcəyim, söhbətləşəcəyim insanlar bu qənaətimi bir daha təsdiqləyəcəklər.
Muzeydən çıxırıq. Sürücüdən kənd evlərinin birinin qapısında avtomobili saxlamağı xahiş edirəm. Mənimlə birlikdə o da avtomobildən düşür. Bu evi çoxdan tanıyırmış kimi qapını ərklə döyüb dayanıram. Həyətdən uşaq səsləri gəlir. Qapını açıb baxıram. Qartopu oynayırlar. Qapının səsinə dönür, sevimli oyunlarına bir qədər ara verərək bizə tərəf baxırlar. Onlardan biri ucadan evə tərəf səslənir:
– Ay baba, qonağımız gəlib.
Bir az sonra evin qapısı açılır. Orta yaşlarında bir nəfər gəlib bizə yaxınlaşır, neçə illərin tanışı kimi hal-əhval tutur, evə dəvət edir.
Ev sahibinin bizi tanımadan səmimiyyətlə içəri dəvət etməsini bu kənddə qonağa hörmət kimi qəbul edirəm. Yəni bu, xalqımıza məxsus ən yüksək keyfiyyətlərdəndir ki, Nursuda bu gün də ona əməl olunur.
Bu da sadə bir kənd evi. Öyrənirəm ki, kənd tam orta məktəbinin müəllimi Rizvan Bağırovun evidir. Bir qədər sonra biləcəyəm ki, Bağırovlar bu kənddə böyük bir nəsildir və çoxlu ziyalısı var. Onların sırasında alim də var, yazıçı da, iqtisadçı da. Müəllimlər isə çoxluq təşkil edir. Babasını çağıran uşaq isə Bakıda yaşayır. İkinci sinif şagirdidir. Qış tətili günlərini doğma kənddə keçirməyə gəlib. Rizvan müəllim söhbətə qarışır: Böyük nəvəmdir, şahmatçıdır. Bir qədər təəccüblənirəm. Bu diribaş uşaq inanmadığımı hiss edir, o biri otağa keçir, diplomunu gətirir. Bu an Rizvan müəllimin təbəssümlü simasına gözüm sataşır. Hiss etmək çətin deyil ki, bu təbəssüm baba sevgisindən doğulub. Elə şirin söhbət də buradan başlayır. Rizvan müəllim ailəsi haqqında məlumat verərək bildirir ki, 4 övlad atasıdır. Onların 4-ü də ali təhsil alıb. Bir neçə gündür, Bakıda yaşayan övladları ata evinə gəliblər. Gəliblər ki, tətili burada keçirsinlər.
Evdə qonaq olan Rizvan müəllimin bibisi Tovuz xanım söhbətə qoşulur. Deyir ki, belə xoş günləri indi-indi görürəm. Kiçik bir kolxozda işləyib, ailəmizi dolandırmışıq. Ancaq bu çətinliklərə baxmayaraq, uşaqlarımızı oxutmuşuq. Şükür ki, belə xoş dövrana gəlib çıxmışıq. Bu günləri görəndə, vallah, bir az da yaşamaq istəyirəm. Sağ olsun dövlətimizi, belə ucqar kəndə qaz çəkiblər, işıq çəkiblər, evin içində oturub dünyanın o başı ilə danışmağa şərait yaradıblar. Belə günlərin qədrini bilməmək naşükürlükdür. Bunlar asan başa gəlməyib. İllər qabaq Şahbuzdan bu kəndə gəlməyə saatlarla vaxt itirirdim. Yollar pis vəziyyətdə, maşın da az idi. İndi şüşə kimi yolumuz var. Kəndə çıxsan, iki-üç qapıdan birində maşın görəcəksən. İlbəil yeni evlərin sayı artır. Bunların hamısı kənd adamlarının yaxşı yaşaması üçün edilir. Ancaq onu da deyim ki, kənd adamları dünəni unutmurlar. Kənd sakinləri heyvan da saxlayırlar, arı da. Əkin-biçin üçün də imkan var. Kənd adamının ki süfrəsinə dükan-bazardan ət, yağ, pendir gəldi, onda bu, necə kəndçilik oldu? Camaatımız təsərrüfatda çalışmağı özünə ar bilmir. İstər oxumuş olsun, istərsə də başqaları.
Evin gəlini Validə müəllimə Nursu kənd tam orta məktəbində həyat yoldaşı Rizvan müəllimlə çiyin-çiyinə çalışır. Dilimizi və ədəbiyyatımızı nursulu uşaqlara öyrədir. Bu günlər Validə müəllimənin də sevincinin üstünə sevinc gəlib. Övladlarının 4-ü də başına yığışıb. Deyir ki, Bakıda yaşayan uşaqlarım kəndə bir neçə günlüyə qonaq gəlmişdilər. O vaxt tikinti işləri təzə başlamışdı. Məktəb, kənd və xidmət mərkəzləri, unudulmaz şairimiz Məmməd Arazın ev-muzeyi üçün binalar inşa olunurdu. Həmin binalar istifadəyə verildikdən sonra onların şəkillərini internet vasitəsilə uşaqlara göndərdik. Budur, indi özləri gəliblər. Gələn kimi də birinci olaraq məktəbə baş çəkdilər. Gördüklərinə inanmırdılar ki, ucqar dağ kəndində 234 şagird yerlik məktəb tikilsin. Burada elektron lövhəli siniflər, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları istifadəyə verilsin.
Burada Rizvan müəllim söhbətə qarışır. Deyir ki, yeni bina istifadəyə verilən gün məktəbin elektron lövhəli sinfində muxtar respublikanın 192 ümumtəhsil məktəbi ilə Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında videobağlantı qurulacağını və virtual dərs keçiləcəyini uşaqlara bildirəndə buna inanmaqları gəlmədi. Düzünü deyim ki, həmin gün heç kənd adamları da buna inana bilmirdilər.
Evin böyük oğlu Emin kənd və xidmət mərkəzlərində olduğunu da bildirir. Doğulub boya-başa çatdığı qədim yaşayış məntəqəsinin müasir Azərbaycan kəndinə çevrilməsindən qürur hissi ilə danışır. Gülnarə müəllimə də məmnunluğunu ifadə edir. Deyir ki, bir, ya uzağı iki il Naxçıvandan ayrılan adam buraya qayıdarkən gözlərinə inana bilmir. Doğma yurdumuzda çox böyük inkişaf var. Bunu sözlə ifadə etmək çətindir.
Soyuq və şaxtalı bir qış günündə muxtar respublikanın ən ucqar dağ kəndlərindən birində, sadə bir müəllim evində etdiyimiz söhbətlər qurtarmaq bilmirdi. Bu da təbii idi. Bu işlərin Naxçıvan şəhərində, rayon mərkəzlərində görülməsi bir o qədər də təəccüblü olmaz və hər gün bunun şahidiyik. Ancaq kiçik və ucqar yaşayış məntəqəsinin qısa bir müddətdə müasir Azərbaycan kəndinə çevrilməsi muxtar respublikada insan amilinə qayğının davamlı olduğunun ifadəsidir. Və söhbətlərimizdə də bu məqam dəfələrlə dilə gətirildi.

...Bayırda qar yağmağındadır. Bizə bu gün getməməyi, qalmağı məsləhət görürlər. Bu ailənin qonaqpərvərliyi öz yerində, ailə üzvlərinin yoldan ehtiyat etdiklərini hiss edirik. Sürücü gülümsünüb deyir ki, o vədələr keçmişdə qaldı. Bu gün ən ucqar dağ kəndlərinin belə, yolları elə vəziyyətdədir ki, sərnişinlər vaxtında və təhlükəsiz olaraq mənzil başına çatırlar. Sağollaşıb ayrılırıq. Yol boyu isə muxtar respublikanın ötən əsrin 90-cı illərinin əvvəllərindəki çətin günlərini xatırlayır və bugünkü inkişafımızı, insanların firavan yaşayışı üçün görülən işləri minnətdarlıq duyğuları ilə gözlərim önünə gətirirəm.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR