Ölkəmizdə aparılan uğurlu islahatlar zamanı sığorta-pensiya sahəsi də diqqət mərkəzində saxlanılmış, pensiyaçılar üçün rahat və şəffaf, beynəlxalq standartlara uyğun xidmət təmin etmək üçün tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasında bu sahəyə göstərilən yüksək diqqət və qayğı sayəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən iş yerləri yaradılmış, muxtar respublikada sığorta-pensiya sisteminin yüksək səviyyədə qurulması əhalinin bu sistemin üstünlüklərindən maksimum yararlanmasına şərait yaratmışdır.
Qeyd edək ki, vətəndaşların pensiya təminatı sahəsində 2006-cı il 1 yanvar tarixində qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müstəsna əhəmiyyəti vardır. Həmin ildən etibarən ölkəmizdə əmək pensiyasının baza, sığorta və yığım hissələrindən ibarət üçpilləli sistemin yaradılması nəzərdə tutulmuşdur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əmək pensiyasının 3 növü müəyyənləşdirilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır.
Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin səbəbləri, habelə onların başvermə müddəti Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun müəyyən olunur. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanı məhdud sığortaolunana, ümumilikdə, sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
- vəfat etmiş və ya həlak olmuş şəxsin övladları: 18 yaşına çatmamış, 18 yaşından yuxarı əlil və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin 23 yaşına çatanadək;
- ata, ana, ər, arvad qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;
- əgər valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən sığorta stajı (ümumilikdə, sığorta stajı 5 ildən az olmamaq şərtilə əməkqabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay) olduqda təyin edilir.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının elektron hökumət portalına (www.e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə 20 adda elektron xidmət inteqrə edilmişdir. Hazırda həmin elektron xidmətlərdən 15-i fəaliyyət göstərir. Digər elektron xidmətlərin də yaxın vaxtlarda fəaliyyət göstərməsi üçün fond tərəfindən müvafiq işlər aparılır.
Elektron xidmətlərdən istifadə etmək üçün dsmf.nakhchivan.az internet səhifəsində yerləşdirilmiş elektron xidmətlər bölməsinə daxil olmaq lazımdır.
Qeyd edək ki, yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslər öz pensiyalarının məbləğini “Pensiya kalkulyatoru” elektron xidməti vasitəsilə hesablaya bilərlər. Xidmətdən istifadə etmək üçün elektron xidmətlər bölməsindən “Pensiya kalkulyatoru” elektron xidmətini seçmək lazımdır. Bu xidmətdən istifadə etmək üçün istifadəçi elektron imza sahibi olmalıdır. İstifadəçi 1 yanvar 2006-cı il tarixədək iş stajını illər və aylar üzrə ayrılıqda daxil edir, sorğu real vaxt rejimində avtomatik olaraq cavablandırılır. Bu zaman istifadəçinin soyadı, adı, atasının adı, sosial sığorta nömrəsi göstərilməklə pensiyanın məbləği barədə ətraflı məlumat təqdim olunur.
2015-ci ilin dekabr ayından isə pensiya kalkulyatorunun artıq smartfon telefonlar üçün mobil versiyası hazırlanmışdır. Artıq mobil telefonlar vasitəsilə də vətəndaşlar pensiya kalkulyatorunda gələcəkdə əldə edəcəkləri pensiyanın məbləğini hesablaya biləcəklər. Pensiya kalkulyatorunu mobil telefona yüklədikdən sonra müvafiq xanaları dolduraraq əldə olunacaq pensiyanın məbləğini öyrənmək olar. Qeyd edək ki, burada da 2006-cı ilə qədər iş stajı və 2006-cı ildən başlayaraq hər il üçün ayrı-ayrılıqda cəmi əməkhaqqı barədə məlumatları əlavə etmək lazımdır. Bütün məlumatlar qeyd olunduqdan sonra mobil proqramda göstərilən kalkulyator işarəsinə toxunmaqla açılan pəncərədə pensiya kapitalı, pensiyanın baza və sığorta hissəsi, aşağıda isə pensiyanın məbləğini öyrənmək mümkündür.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində göstərilir ki, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən digər növünə keçmə hüququ vardır. Əgər əvvəllər əmək pensiyaçıları əmək pensiyasının bir növündən digər növünə keçmək üçün ərizə və digər təsdiqedici sənədləri Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına təqdim edirdilərsə, hazırda “Pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətinin köməyi ilə buna ehtiyac qalmır. Əmək pensiyaçıları bu xidmətdən istifadə edərək pensiyanın bir növündən başqa bir növünə keçmə hüquqlarını reallaşdıra bilərlər. Həmçinin “Pensiyaçıya məlumatların verilməsi” elektron xidməti vasitəsilə pensiyaçılar əmək pensiyasının təyinolunma tarixi, məbləği və növü barədə fərdi məlumatları əldə edə bilərlər.
Qeyd edək ki, 2014-cü ilin noyabr ayından etibarən fond tərəfindən avtomatlaşdırılmış qaydada əmək pensiyalarının təyinatına başlanılmışdır. Əvvəllər pensiya hüququ qazanan vətəndaşlar pensiya təyinatı üçün qanunvericiliklə müəyyənləşdirilmiş sənədləri toplayıb Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına təqdim edirdilər. Hazırda yaşa görə əmək pensiyası hüququ qazanmış hər bir vətəndaş heç bir sənəd toplamadan və vaxt itirmədən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə, (+99436) 550-59-79 nömrəsinə zəng edərək yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməklə real vaxt rejimində dərhal əmək pensiyası təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Məlumat üçün bildirək ki, muxtar respublika üzrə 2015-ci ilin 11 ayı ərzində 127 nəfərə bu sistem vasitəsilə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
Pensiyaların ödənişində kart sisteminin tətbiqi sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biridir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında uçotda duran bütün növ əmək pensiyaçılarının pensiyaları plastik bankomat kartları vasitəsilə ödənilir. Sığorta-pensiya ilə bağlı xidmətlərin avtomatlaşdırılması və “Elektron hökumət” prinsiplərinə uyğun təmin edilməsi bu sahədə işin keyfiyyətinin və şəffaflığının artırılmasına zəmin yaradır.
Rza QARAYEV
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun əməkdaşı