23 Dekabr 2024, Bazar ertəsi

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məşğulluğun artırılması istiqamətində əhəmiyyətli nailiyyətlərin əldə olunmasına şərait yaradacaq

Ötən əsrin sonlarından başlayaraq muxtar respublikanın iqtisadiyyatında müşahidə olunan sabit artım templəri onun sosialyönümlü inkişafını təmin edib, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaradıb. Son 20 il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli uğurlar qazanılıb, keçid dövrünün ilkin mərhələsində üzləşilən iqtisadi və sosial problemlər öz həllini tapıb. Bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyişlərin əldə olunmasına rəvac verib.

Beləliklə, müstəqillik illərində aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Muxtar respublikada bütün resurslardan, o cümlədən əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas məqsədidir. Bu mənada, muxtar respublikanın demoqrafik inkişafına paralel olaraq əhalinin məşğulluğunun artırılması üçün elmi surətdə əsaslandırılmış dövlət proqramlarının həyata keçirilməsi uğurlu nəticələrlə yadda qalıb. Muxtar respublikada əmək bazarının tənzimlənməsində və əhalinin səmərəli məşğulluğunun təmin edilməsində 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası mühüm rol oynayıb. Belə ki, 1996-cı ildən bu günə kimi muxtar respublikada 85 min 861 yeni iş yeri açılıb ki, bunun da 59 min 90-ı və ya 68,8 faizi daimi iş yerləridir. Əgər 1995-ci ilin sonuna məşğulluq xidmətlərində rəsmi işsiz statusu alanların sayı 5 min 211 nəfər təşkil edirdisə, hazırda bu göstərici sıfır səviyyəsinə endirilib, əmək bazarında sabitlik təmin olunub.
Konkret olaraq “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublikada 6 min 364 yeni iş yeri açılıb, 5 min 537 işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilib, 627 nəfər ictimai işlərə göndərilib, əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün təşkil olunan peşə kurslarına 7 min 595 nəfər cəlb edilib. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb, 158 nəfər kvota yerlərinə, sağlamlıq imkanları məhdud 171 nəfər münasib işlərə göndərilib, məhdud fiziki imkanlı 161 nəfər peşə kurslarına cəlb edilib. Yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilib, bu məqsədlə 82 milyon 286 min manat güzəştli şərtlərlə kreditlər verilib. Qeyd olunan dövrdə əhalinin gəlirləri 3,5 faiz artıb.
Bu gün muxtar respublikamızın əmək potensialından daha səmərəli istifadə edilməsi dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” önümüzdəki 5 il ərzində qədim diyarımızda məşğulluq siyasətinin əsaslarını müəyyən edir.
Dövlət proqramında göstərilən istiqamətlərə nəzər yetirdikdə bir daha aydın olur ki, müasir mərhələdə dövlət məşğulluq siyasətinin davam etdirilməsinin əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin edilməsi, əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılmasıdır. Peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, iş­axtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi də əsas məqsədlərdəndir.
Naxçıvanın malik olduğu mövcud potensial yeni mərhələnin hədəflərinə çatmağa imkan verəcəkdir. Əsası ümummilli lider Heydər ­Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Naxçıvanda uğurla həyata keçirilməsi isə qeyd olunan hədəf və məqsədlərin daha tez reallaşmasına etibarlı zəmin yaradır.
Dahilər yurdunda inkişaf strategiyasının əsas xüsusiyyətlərindən biri onun sosial-əmək potensialından səmərəli istifadə edilməsi, iqtisadi cəhətdən aktiv əhalinin işgüzar və yaradıcı təşəbbüskarlıqlarının artırılmasına yönəlmiş əməli tədbirlərin, əməyin sosial cəhətdən effektiv təşkilidir. Mövcud dünya təcrübəsi də sübut edir ki, sürətli tərəqqinin əsas bazis elementlərindən biri əmək potensialından səmərəli istifadənin təşkil olunması, iqtisadi fəaliyyət üçün lazımi şəraitin yaradılması, işçi qüvvə əmsalının yüksək göstərici ilə ifadə olunmasıdır. Bu mənada, muxtar respublikamızda fərdi və ictimai tələblərin ödənilməsi ilə həyata keçirilən çeviklik, mobillik və rasionallıq kimi mühüm prinsipləri özündə ehtiva edən məşğulluq strategiyası əmək resurslarından səmərəli istifadə olunmasında önəmli rol oynayacaqdır.
Bu baxımdan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi istiqamətində atılan növbəti əhəmiyyətli bir addımdır. Böyük önəmə malik olan yeni dövlət pro­qramı əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edəcəkdir.
Dövlət proqramında muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, əmək bazarının tələbinə müvafiq olaraq işaxtaranların peşə hazırlığının təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə ardıcıl işlərin görülməsi, işçilərin əmək hüquqlarının təmin edilməsi, işaxtaranların təşkil olunacaq peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatlandırılması nəzərdə tutulub. Göründüyü kimi, konkret hədəfləri və istiqamətləri müəyyənləşdirən bu proqramın icrası işçi qüvvəsinə tələbatın stimullaşdırılmasına, səmərəli işgüzarlıq mühitinin formalaşmasına, investisiya fəallığının daha da artırılmasına və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə şərait yaradacaqdır. Bütün bunlar o deməkdir ki, proqramın icra müddətində muxtar respublikamızda iqtisadi cəhətdən məşğul əhalinin sayı daha da artacaq, əmək potensialının real­laşması prosesi daha geniş miqyas alacaq, insanların maddi rifah halı yüksəlməkdə davam edəcəkdir.
Ötən dövr ərzində müvafiq dövlət proqramlarının uğurlu icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaratdığını nəzərə aldıqda, əminliklə demək olar ki, 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunacaqdır. Yeni dövlət proqramı qeyd olunan istiqamətdə əldə olunan nailiyyətlərin miqyasını daha da genişləndirəcək, əhalinin məşğulluq səviyyəsini daha da yüksəldəcəkdir.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR