23 Dekabr 2024, Bazar ertəsi

İnsan həyatının rahat və təhlükəsiz keçməsi üçün zəruri olan bir sıra məsələlərin tam və vaxtında həll olunması müasir inkişafın mühüm tələblərindən biridir. Bu cəhətdən sığorta fəaliyyətinin cəmiyyət həyatındakı sosial müdafiə rolu çox əhəmiyyətlidir. Muxtar respublikamızda sığorta xidmətinin genişləndirilməsi istiqamətində görülən bütün məqsədyönlü tədbirlərin əsas mahiyyəti də bundadır.

Sığorta təkcə bir iqtisadi fəaliyyət növü olmayıb həm də mühüm bir tənzimləyici vasitədir. Müasir dünyada sığorta münasibətləri insan həyatının və fəaliyyətinin bütün sahələrində özünü göstərir. Təkcə işgüzar fəaliyyətdə deyil, hər yerdə rast gəlinə bilən arzuedilməz hadisələrdən insanlar sığortalanmaq istəyirlər.

Belə ki, heç gözlənilmədən evdə, işdə, istehsalatda, səyahətdə rast gəlinən bədbəxt hadisələr nəticəsində insanlara maddi zərərlər dəyə bilər. Buna görə də sığorta fəaliyyətinin günün tələbləri səviyyəsində təşkil olunması, sığortanın dünyanın bir çox yerlərində tətbiq olunan forma və növlərinin muxtar respublikamızda da genişləndirilməsi, gözlənilməz hadisələr zamanı dəyən zərərin qısa müddətdə aradan qaldırılması bugünkü real həyatın tələblərindəndir. Məhz buna görə də dörd il bundan əvvəl – 2011-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə sığortanın inkişafının mövcud vəziyyəti ətraflı müzakirə olunmuş, sığortanın bütün növlərinin inkişafının təmin edilməsi, hüquqi və fiziki şəxslərin xidmətin bu növündən faydalanması üçün geniş izahat-təbliğat işinin aparılması, aidiyyəti orqanlar tərəfindən qanuna müvafiq tədbirlər görülməsi barədə mühüm və zəruri tapşırıqlar verilmişdir. Həmin müşavirədən sonra muxtar respublikada sığortanın bütün növlərinin inkişaf etdirilməsi üçün yeni mərhələ başlanmışdır.
Keçən bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında sığorta fəaliyyətinin təşkil olunması istiqamətində xeyli işlər görülmüşdür. Əhalinin və sahibkarların maraqlarına xidmət edən, onların sosial müdafiəsinin təşkili istiqamətindəki bu işlər muxtar respublikada daşınmaz əmlakın, avtomobil nəqliyyatı sahiblərinin mülki məsuliyyətinin, habelə istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta tədbirləri üzrə aparılmışdır. Bunlardan başqa, muxtar respublikamızda fərdi qəza, əmlakın yanğın və digər risklərdən sığortalanması, avtonəqliyyat vasitələrinin tam sığortası və digər könüllü sığorta növləri əhali arasında geniş təbliğ olunmuş, tədbirlər hazırlanıb həyata keçirilmişdir. Əldə olunan nəticələrin müqayisəli təhlili nəticəsində muxtar respublikada sığorta fəaliyyəti üzrə xeyli artım olduğu görünməkdədir. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsində bu dövrdən başlayaraq hər il bağlanılan sığorta müqavilələrinin sayında dinamik artım müşahidə olunmaqdadır. Belə ki, 2011-ci illə müqayisədə cari ildə muxtar respublikada daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticələrində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalar üzrə sığorta haqlarının toplanması 2,6 dəfə artmışdır. Qeyd olunan dövrdə şəxsi sığortada 2,3 dəfə, məsuliyyət sığortasında 9,3 dəfə artım əldə olunmuşdur. Əhalinin bu sahədə maariflənməsi və aparılan işlər nəticəsində sığorta müqavilələrinin bağlanılmasına maraq xeyli artmışdır. Belə ki, qeyd olunan dövrlə müqayisədə cari ildə mülki məsuliyyət sığortası üzrə 1,5 dəfə, əmlak sığortası üzrə 1,4 dəfə olmaqla, ümumilikdə, sığorta müqavilələrinin sayında 1,3 dəfə artım olmuşdur.
Sığorta geniş əhatəli və əhalinin müxtəlif təbəqələrinin maraqlarını ödəyən bir xidmət növüdür. Odur ki, onun təkmilləşdirilməsi üçün maarifləndirmə tədbirləri ilə yanaşı, aidiyyəti qurumlarla da aparılan işlərin mühüm əhəmiyyəti vardır. Bu baxımdan bəhs olunan müddət ərzində avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortalanması məqsədilə dövlət yol polisi ilə keçirilmiş birgə tədbirlərin və aparılmış müntəzəm reydlərin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Eləcə də daşınmaz əmlakın icbari sığortasının aparılması üçün yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi ilə birlikdə aparılan ardıcıl tədbirlər də öz səmərəsini verməyə başlamışdır. Görülmüş bütün bu işlərin nəticəsi olaraq muxtar respublikamızda daşınmaz əmlakın (yaşayış evi və mənzillərin) icbari sığortaya cəlb edilməsi xeyli artmış, hərəkətdə olan əksər nəqliyyat vasitələrinin sahibləri avtonəqliyyat vasitəsinin sahibi kimi mülki məsuliyyətini icbari sığorta etdirməklə öz risklərini zəmanət altına almışlar. Həmçinin muxtar respublika ərazisində sənayedə, nəqliyyatda, kənd təsərrüfatında, dövlət, qeyri-dövlət müəssisələrində, sahibkarlıq obyektlərində çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortası təmin edilmişdir.
Bütün bunlar isə, şübhəsiz, muxtar respublikada sığorta fəaliyyətinin genişləndirilməsinə göstərilən dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üçün yeni bina tikilmiş, Dövlət Baş Sığorta Agentliyinə və rayon, şəhər dövlət sığorta agentliklərinə xidməti avtomobillər verilmiş, işçilər zəruri avadanlıqlarla təmin olunmuşlar. Əhali ilə aparılan işin səmərəsini artırmaq, sığorta müqavilələri bağlamaq üçün müraciət edən vətəndaşlara operativ xidmətlər göstərilməsi üçün müasir iş şəraiti yaradılmışdır. Bütün bunlar muxtar respublikamızda sığorta fəaliyyətinin bundan sonra daha da genişləndirilməsi və əhaliyə göstərilən sığorta xidmətlərinin növünün və keyfiyyətinin artırılmasına öz müsbət təsirini göstərəcəkdir.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR