23 Dekabr 2024, Bazar ertəsi

Yaşı qədimdən-qədim xalqın söz yadigarı, ulularımızın mirasıdır laylalar. Milli yaddaşımızın yadigarı olan bu nümunələr uzun illər boyu millətin gələcəyi olan uşaqların beşiyi üstdə oxunduğu, adət-ənənələrimizi, zövqümüzü, dəyərlərimizi qoruyub yaşatdığı üçün sevilib, əsrlərin sınağından keçə-keçə nəsillərdən-nəsillərə ötürülüb. Tarixən nənələrimizin sinəsi sözlü-söhbətli olub, bu söz-söhbətlər hikmətli xəzinəyə, haxıştalara, bayatılara, eləcə də nazlamalara, laylalara çevrilib. 

Əziz oxucular! Bu yaxınlarda muxtar respublikanın qonağı olmuş Rusiya vətəndaşı Nikolay Korolyovun fikirləri ilə mövzuya körpü salmaq istəyirəm. Onun dediklərindən: “Sizin muğamlarınızı, xalq mahnılarınızı, şeirlərinizi, bayatılarınızı, eləcə də laylalarınızı dinlədikcə, xalçalarınız, xalq yaradıcılığı nümunələriniz ilə tanış olduqca milli ruhunuzun ölməzliyinə, əbədiliyinə heyran oluram. Nə qədər ki bu xalqın, bu millətin yaradıcı gücü, sənətə və sənətkarlığa dövlət dəstəyi var, bu millətə nə şanlı keçmişini unutdurmaq olar, nə də onu məğlub etmək”.

İndi isə laylalarımız haqda adını çəkmək istəmədiyim bir ananın sosial şəbəkələrdə paylaşdığı bir fikrini oxucularla bölüşmək istəyirəm: “Əvvəllər mən də övladım üçün tez-tez layla deyirdim. Axırda bezib səsimi telefonun diktafonuna yazmışam. Telefonu qoyuram uşağın yanına, elə bilir ki, mən oxuyuram. Bir dəfə təcrübə edin, çox canqurtaran vasitədir”.
Oxucularımız da təsdiq edərlər ki, istəsək də, istəməsək də sərhəd tanımayan qloballaşma prosesi insanların düşüncə tərzini də dəyişdirib. Bu gün ən çətin məsələlərdən biri də qloballaşma prosesi ilə milli adət-ənənələr arasında tarazlığın saxlanmasıdır. Sözsüz ki, bu proses milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə ya düşünülmüş şəkildə, ya da kənar təsirlərdən uzaq, necə deyərlər, öz axını ilə təzyiq etməyə cəhd göstərir. Belə bir şəraitdə, ilk növbədə, adət-ənənələri qoruyub saxlamağın mənəvi borcumuz olduğunu unutmamalıyıq. Bunu dərk etsək də, bəzən ona əməl etmirik. Elə laylalarımızdan uzaqlaşmaq da milli adət-ənənələrimizə soyuq münasibətdən qaynaqlanır.
Şövkəti nur verib gözlərimizə,
Könül dünyasıdır ana laylası.
Elə bil qarışıb sözlərimizə,
Dilin aynasıdır ana laylası.
Əzəldən anadır əzəl kəlməmiz,
Ay kimi aydındır, göy kimi təmiz.
Müqəddəs şerimiz, ulu nəğməmiz,
Ana yaylasıdır, ana laylası.
Professor Oruc Həsənli ana laylasının musiqili, melodik, poetik mətn olmaqla bərabər, uşaqla ana arasında ilk rabitə yaradan vasitə olduğunu deyir. Qeyd edir ki, uşaq öz anasına, çevrəsinə, ana dilinə, mühitə laylalarla uyğunlaşır, adaptasiya olur. Analar laylalar vasitəsilə övladının yolunda çəkdiyi əziyyətlərin ona xoş olduğunu sərgiləyir. Laylalar vasitəsilə analar həm də ürəklərindəki arzuları dilə gətirirlər. Bu mənada, laylalar təkcə uşağı yatırtmaq vasitəsi deyil, içərisində böyük ideya, estetik məna kəsb edən mətnlərdir ki, orada xalqımızın ruhu, psixologiyası, mənəvi varlığı yaşayır. Bütün bunları gələcək nəslə ötürməyimiz çox vacibdir.
Naxçıvan şəhərindəki 7 nömrəli uşaq bağçasının müəllimi, uzun illər bu sahədə çalışdığı üçün uşaqların psixologiyasına yaxından bələd olan Nəcibə Rzayeva isə uşağa layla demək adətinin yavaş-yavaş unudulduğunu deyir. Bildirir ki, ana laylası ilə böyüdüyümüz üçün bizə laylalar çox əzizdir. Ana laylasında duya bilmədiyimiz tərəflər də var ki, məhz buradakı melodik ünsürlər vasitəsilə o həzin nəğmə uşağın psixologiyasına, ruhuna aşılanır, onun əsl milli ruhda böyüməsində ilkin təkanverici amil olur. Bunun vasitəsilə o, ana dilinə boylanır, laylalardan dil açmağa doğru gedir. Sonra bir müddət keçir və onlar analarının dediyi laylaların bir hissəsini yamsılamağa çalışırlar. Deməli, anaların oxuduğu laylalar uşaqların ruhuna hopur. Bu mənada, laylaların qorunması, yaşadılması çox vacibdir. Sevindirici haldır ki, bəzi kənd yerlərində nənələrimizin uşaqlara laylalar dediyinin şahidi olmuşam. Bu da yaşlı nəslin nümayəndələrinin laylaların melodik, fəlsəfi, poetik ruhunu qoruya bilməsi üçün mənəvi gücü olduğunu bir daha göstərir. Nənə-babasının yanında böyüyən bir çox uşaqlar var ki, onlar laylanın nə demək olduğunu yaxşı başa düşürlər. Təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, indi az-az cavan ailə­lərdə analar öz körpəsini laylayla yatızdırır. Belə getsə, laylalar ancaq şifahi xalq ədəbiyyatı nümunələri kimi kitab səhifələrində qalacaq, gələcək nəsil laylalar barədə ancaq kitablardan oxuyub xəbərdar ola biləcək. Buna görə də şifahi xalq ədəbiyyatının bütün nümunələri kimi, laylalarımız da təbliğ olunmalıdır.
Naxçıvan şəhər sakini Adilə Əlimərdanova deyir ki, mən Azərbaycan xalqının bir övladı, bir valideyn olaraq adət-ənənələrimizin, şifahi xalq ədəbiyyatının, eləcə də xalqımızın zəngin yaradıcılıq qabiliyyətinin məhsulu olan laylaların yaşadılmasının tərəfdarıyam. Layla demək kimi qadınlarımızın gözəl adəti unudulmamalı, nəsildən-nəslə ötürülməlidir. Onu da deyim ki, bu günün anası ilə bizdən əvvəlki nəslin valideyni, anası arasında fərqlər var. Bu günün anasının uşaq böyütməklə bağlı qayğıları qat-qat azdır. İndi valideynə gün ərzində uşağın qayğısına qalmaq lazım gəlmir, bu işi valideynlər uşaq bağçalarının öhdəsinə buraxıblar. Təəssüf ki, uşaqları kiçik yaşlarından uşaq bağçasına aparan valideynlər yavaş-yavaş övladla bağlı qayğılardan uzaqlaşır, uşağa get-gedə az zaman ayırırlar.
Şairə Gülsadə İbrahimli uşaqların ana laylası ilə böyüməsinin çox vacib olduğunu laylalarla böyümüş uşaq kimi dərindən dərk edir. Laylaların özünəməxsus, xoş bir musiqisi var. Psixoloqların fikrinə görə, uşaq hətta ana bətnində olarkən analar bol-bol musiqi dinləməlidirlər. Çünki bu, körpələrin rahatlamasına çox yaxşı təsir göstərir. Belə olan halda uşaqları layla zümzüməsindən məhrum etmək ən azı etinasızlıqdır. Mən də bir anayam və övladımın rahat yuxuya getməsi üçün ona layla oxuyuram. Artıq övladım üç yaşını arxada qoysa da, hələ də yatanda məndən layla oxumağımı istəyir. Sevinirəm ki, övladımda ana laylasına qarşı bu qədər sevgi və istək var. Bir şeyi də qeyd etmək istərdim ki, uşaqlıq illərində layla ilə yuxuya gedən hər bir ana öz övladını da bu yolla yatırmalıdır. Bu ən azından hər bir valideyn qarşısında duran mənəvi vəzifədir.
Cəmiyyəti minillərlə yaşı olan qocaman ağaclara bənzədənlər, məncə, yanılmırlar. Bu ağacı, daha doğrusu, hər bir cəmiyyəti bəsləyən, qidalandıran, onun yaşamağını, inkişafını təmin edən köklərin, qaynaqların olması labüddür. Bugünkü Azərbaycan cəmiyyətinin də bəsləndiyi, qidalandığı mənbələr, köklər bizə tarixin mirası olan milli və mənəvi dəyərlərimizdir. Bu köklər bir-biri ilə sıx və sistematik şəkildə bağlı, əlaqəlidir. Əgər ağac bu köklərdən birindən faydalana bilmirsə, o ağacın gələcəyinin təhlükə altında qalması qaçılmazdır. Ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik kimi mənəvi dəyərlərimiz olduğu kimi, milli ideologiya, tarix, dil, dinimiz, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz kimi milli dəyərlərimiz də var. Folklorumuzun, şifahi xalq ədəbiyyatının inciləri olan laylalar da daxil olmaqla bu dəyərlərin qədrini, qiymətini bilməliyik.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR