23 Dekabr 2024, Bazar ertəsi

Son vaxtlar muxtar respublikanın şəhər və rayonlarında qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinin pozulması səbəbindən  əhali arasında dəm qazından zəhərlənmə halları baş verir. Müəyyən olunmuşdur ki, bu cür hadisələrin əksəriyyəti yaşayış sahələrində müxtəlif növ məişət, qaz cihazlarının, o cümlədən suqızdırıcılarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən yaranır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən aparılan reydlər zamanı məlum olmuşdur ki, havaların soyuması ilə əlaqədar bir çox hallarda vətəndaşlar tərəfindən yaşayış sahələrində belə müvafiq norma və qaydaların tələblərinə uyğun olmayan qaz avadanlıqlarından istifadə edilir ki, bu da yanğınların baş verməsinə, insanların dəm qazından zəhərlənməsinə gətirib çıxarır. Belə ki, bəzən yaşayış sahələrində vətəndaşlar tərəfindən qaz cihazları düzgün quraşdırılmır, onların istifadəsi aidiyyəti dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmır, cihazların istismarı zamanı müəyyən qayda pozuntularına, şlanq birləşmələrindən istifadə olunmasına yol verilir, yaşayış evlərində bir çox hallarda qeyri-standart qaz sobalarından və suqızdırıcılarından istifadə olunur, tüstü boruları əksər hallarda bunun üçün nəzərdə tutulmayan ventilyasiya kanallarına qoşulur, tüstü bacaları və boruları vaxtlı-vaxtında təmizlənmir, onların texniki vəziyyəti yoxlanılmır.

Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yeri tutur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarilə dəm qazından zəhərlənmələrə səbəb olur. Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon-4 oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.
Dəm qazı ilə zəhərlənmənin səbəbləri kimi hamam və vanna otaqlarında nəfəsliklərin olmaması, suqızdırıcıların hamam və vanna otaqlarında quraşdırılması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar üsulla hazırlanmış qaz sobalarından, suqızdırıcılarından istifadə edilməsini göstərmək olar.
Dəm qazı orqanizmə, əsasən, nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. İnsanlar yüksək dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08 faiz olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32 faiz olduqda 30 dəqiqə ərzində, 1,2 faiz olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölümlə nəticələnən bədbəxt hadisə baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır. Havası karbon oksidi ilə zəngin olan otaqda qaldıqda zəhərlənən insanda ürəkbulanması, ümumi yorğunluq, yuxuya meyillilik və təngnəfəslik müşahidə olunur və dəri solğunlaşır. Əgər həmin insan dəm qazı ilə nəfəs almağa davam edərsə, onun tənəffüsü çətinləşir, qıcolmalar baş verir. Tənəffüs mərkəzinin iflic olması nəticəsində nəfəsalma dayanır.
Əgər dəm qazından zəhərlənmə halları baş veribsə, ilk olaraq zərərçəkəni dərhal təmiz havaya çıxarmaq və kürəyi üstə, kip bağlanan paltarda uzatmaq lazımdır. Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı, başına və sinəsinə soyuq kompres qoyulmalıdır. Zərərçəkmişin huşu özündədirsə, ona çay içirmək məsləhətdir, əgər huşunu itiribsə, onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır. Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır. Belə hadisələrin baş verməməsi üçün müvafiq təhlükəsizlik norma və qaydalarının tələblərini bilməli, onlara ciddi riayət etməliyik.
Narahatçılığa səbəb olan amillərdən biri də vətəndaşlar tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qaz sobalarından və suqızdırıcılarından istifadə olunmasıdır. Buna görə də satış məntəqələrindən, əsasən, sənaye üsulu ilə istehsal edilmiş qaz cihazlarını əldə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə, ümumiyyətlə, yol verilməməlidir. Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq lazımdır. Çünki artıq qeyd olunduğu kimi, partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi qəza hadisələrinin əksəriyyəti bu qaydaları bilməməkdən və ya onlara riayət edilmə­məsi səbəbindən baş verir. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmaması, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qeyd olunanlarla bağlı mövcud problemlərin həlli istiqamətində əhali bir daha diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.
Vətəndaşlara bir daha tövsiyə edirik ki, qaz sobalarından və qızdırıcı cihazlardan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl olunsun. Evdən çıxarkən qızdırıcı sobaları, qaz və elektrik cihazlarını yanılı vəziyyətdə nəzarətsiz qoymayın, onları söndürməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR