Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda sosial müdafiəyə ehtiyacı olanların, sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyası məqsədilə tədbirlərin görülməsi, əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili də yer alıb. Proqramın qəbulundan ötən müddət ərzində aid təşkilatlarla birgə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, komitə tərəfindən dövlət proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar 2014-cü ildə və 2015-ci ilin ötən dövrü ərzində muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud olan 1631 nəfər və aztəminatlı ailənin üzvü olan 1312 nəfər qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılıb, onlar peşə kursları haqqında ətraflı məlumatlandırılıblar. Bu qrupdan olan qadınların maraqları nəzərə alınaraq 1-i xalçaçılıq, 4-ü aşpazlıq, 10-u dərzilik, 3-ü toxuculuq, 41-i kompüter, 36-sı qadın gözəllik ustası olmaqla, 47 nəfər sağlamlıq imkanları məhdud və 48 nəfər aztəminatlı ailənin üzvü olan, ümumilikdə, 95 nəfər qadının siyahısı aid təşkilata göndərilib, onlar peşə kurslarına cəlb olunublar.
Bəhs olunan dövrdə xalq tətbiqi sənəti ilə məşğul olan qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında, Naxçıvan şəhərində yerləşən Tədris-Ticarət Mərkəzindəki əl işləri mağazasında, eləcə də müxtəlif sərgi-satışlarda 150-dən artıq qadının 692 rəsm və əl işi satılaraq dəyəri sahiblərinə ödənilib.
Bundan əlavə, komitəyə məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 79 qadın işlə təmin olunması üçün aid təşkilatlara göndərilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti