Ailələr xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayır. Sevindirici haldır ki, cəmiyyətimizdə ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Bu da muxtar respublikada ailə dəyərlərinin əsrlərdir olduğu kimi qorunması və onun təməl prinsiplərinin möhkəm dayaqlar üzərində olması ilə bilavasitə bağlıdır.
Ailə dəyərlərinin qorunması, yeni nəslə aşılanması, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə dəyərləri, ailə münasibətlərinin tənzimlənməsi, internet və sosial şəbəkələrdən qeyri-düzgün istifadənin fəsadları ilə bağlı ötən il 12 dəfə muxtar respublikanın rayon və kənd mərkəzlərində tədbirlər keçirilib. Uşaq və gənclər arasında 3 dəfə şeir, inşa yazı və rəsm müsabiqəsi, 4 dəfə qadınların əl işlərindən ibarət sərgi təşkil edilib, xüsusi qayğıya ehtiyacı olan qadınlar milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarına cəlb olunub.
Muxtar respublikanın şəhər, rayon, kənd tam orta məktəblərində və məktəbdənkənar təlim-tərbiyə müəssisələrində şagirdlər arasında 23 dəfə maarifləndirici söhbətlər aparılıb və seminarlar keçirilib. Keçirilən tədbir və seminarlarda iştirakçılara komitə tərəfindən hazırlanmış 2600-dən artıq ailə dəyərləri mövzusunda maarifləndirici broşür paylanılıb.
Tədbirlərdə milli dəyərlərimizin tərkib hissəsi olan ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi, ailə münasibətlərində adət-ənənəyə yer verilməsi, sağlam ailənin formalaşmasının əsasları, ailə üzvlərinin hüquq və vəzifələrinin düzgün yerinə yetirilməsi, müasir texnologiyaların gənc ailələrə təsiri istiqamətində söhbətlər aparılıb. Yeni nəslin gələcəkdə quracağı ailənin bütövlüyünü qorumaq üçün ailə dəyərlərinin vacibliyi, ailələrdə böyüyən uşaqların sağlam yaradıcı əməyə alışmaları, zərərli vərdişlərdən çəkinmələri, təhsil-tərbiyə məsələləri, ümumiyyətlə, sağlam həyat tərzi yaşamağın yollarından ətraflı bəhs olunub.
Uzunömürlü ailələrin keçdiyi həyat yolunun, bütövlüyünün sirlərinin gənc ailələrə aşılanması, ailə dəyərlərinin təbliği məqsədilə muxtar respublikada yaşayan 9 uzunömürlü ailənin evlilik yubileyləri qeyd edilib, uzunömürlü ailələrlə yeniyetmə və gənclərin görüşü təşkil edilib. Bundan əlavə, komitə əməkdaşlarının kütləvi informasiya vasitələrində ailə dəyərlərinin təbliği ilə bağlı maarifləndirici çıxışları olub.
Humanist olmaq, qayğı göstərmək, xüsusi qayğıya ehtiyacı olanları sevindirmək ailə dəyərlərimizdəndir. Bu məqsədlə ötən il 39 ahıl tənha qadına və aztəminatlı ailəyə baş çəkilib, onların ümumi problemləri, o cümlədən kommunal problemləri ilə maraqlanılıb, aradan qaldırılması ilə bağlı işlər görülüb, onlara məişət əşyası və ərzaq payı verilib. Həmçinin 105 nəfər aztəminatlı ailələrin uşaqları, sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar geyim dəstləri ilə sevindirilib.
Ailə dəyərlərinin qorunması və gənclər arasında təbliği ilə bağlı müvafiq tədbirlər cari ildə də davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti