3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək vurğulayıb ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Bütün sahələrdə müşahidə olunan dinamik inkişaf bu kateqoriyadan olan şəxslərin də sosial müdafiəsinin güclənməsinə imkanlar yaradıb. Məhdud fiziki imkanlı insanlara tibbi və sosial reabilitasiya xidməti göstərilir, müharibə əlilləri minik avtomobilləri ilə təmin olunur, sağlamlıq imkanları məhdud olan insanların mənzil-məişət şəraitləri yaxşılaşdırılır, müvafiq kateqoriyadan olan şəxslərə təqaüd və sosial müavinətlər ödənilir, həmçinin onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin yaxşılaşması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu Culfa rayonunda keçirilən tədbirdə iştirakçılar qarşısında konsert proqramı ilə çıxış edib.
Tədbirlərdə, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə sovqat təqdim olunub.
Görüşlərdə iştirak edə bilməyən məhdud fiziki imkanlı şəxslərə evlərində baş çəkilib, onlara sovqat verilib.
Məhdud fiziki imkanlı şəxslər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti