Muxtar respublikamızda sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib. Yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri, fauna və floramızın qorunmasının və zənginləşdirilməsinin təmin olunması üçün maarifləndirici tədbirlərin aparılması davamlı xarakter alıb. Aidiyyəti qurumların və əhalinin bu tədbirlərdə fəallığı muxtar respublikada sağlam ekoloji mühitin yaradılmasında stimul olub. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz fəaliyyət proqramını bu istiqamətdə qurub.
Ekologiyanın daha da zənginləşdirilməsinə nail olmaq üçün görülən bu işlər cari ildə də davam etdirilir. Bu tədbirlərin həyata keçirilməsində məqsəd təbii komplekslərin, ərazinin biomüxtəlifliyinin qorunması, faydalı qazıntı yataqlarından səmərəli istifadənin stimullaşdırılmasıdır. Nazirlik bununla bağlı 2016-cı il üçün tərtib etdiyi iş planı əsasında müxtəlif tədbirlər həyata keçirir ki, bunlardan biri də ekoloji monitorinqlərin təşkilidir. Kompleks ekoloji monitorinqlərin keçirilməsində məqsəd ətraf mühitə atılan məişət tullantılarının qanunvericiliyin normativ-hüquqi aktları çərçivəsində idarə olunmasının vəziyyətinin qiymətləndirilməsi, içməli su mənbələrinin ekoloji sanitar vəziyyətinin araşdırılması, suların çirklənməsinin qarşısının alınmasıdır.
Yanvarın 26-da nazirliyin əməkdaşları Ordubad rayonunun ən böyük çaylarından biri olan Gilançayda su sərfiyyatının ölçülməsi istiqamətində çayın hidromühitinə təsir edən amillərin müəyyən olunması məqsədilə ərazidə səyyar laboratoriya vasitəsilə suyun fiziki-kimyəvi xassələrini və hidrogen göstəricisini, həll olunmuş oksigeni, suyun ümumi minerallığını təhlil edib. Müəyyən olunub ki, çaya heç bir halda antropogen təsir yoxdur. Həmin gün monitorinq qrupu rayonun digər yaşayış məntəqələrində – Sabirdizə, Başdizə, Qoşadizə, Kələntərdizə, Aza kəndlərində və Ordubad şəhərində də ətraf mühitin qiymətləndirilməsini həyata keçirib.
Nazirlik tərəfindən Tivi Kənd Mərkəzində keçirilən ekoloji hüquqi maarifləndirmə tədbirində bu kimi məsələlər barəsində söhbət aparılıb. Daxili İşlər Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Məmmədov, həmin nazirliyin Ordubad rayonu üzrə müfəttişi Asif Rüstəmov, baş polis sahə inspektoru, polis baş leytenantı Vaqif Məmmədov, Tivi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Həsənağa Hüseynov çıxış ediblər. Çıxışlarda bildirilib ki, ekologiyanın qorunması, zənginləşdirilməsi sağlam həyat tərzinin formalaşdırılmasında başlıca amildir.
Sonra Tivi kənd tam orta məktəbində “Naxçıvanın zəngin təbiəti” adlı sərgi təşkil olunub. “Ekoloji siyasət”, “Fauna və flora”, “Təbiət aləmi” adlı başlıqlardan ibarət olan sərgiyə baxışdan sonra məktəblilər üçün videoçarx nümayiş etdirilib.
Sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Tiviçay vadisində heyvanat aləminin qış mövsümündə qidalanmasını təmin etmək məqsədilə biotexniki tədbir keçirilib.
Muxtar Məmmədov