23 Dekabr 2024, Bazar ertəsi

Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Lakin bununla yanaşı, ailə dəyərlərimizə xələl gətirəcək bəzi nüansların mövcudluğunu da dana bilmərik. Bunlardan biri də vaxtsız qurulan ailələr, yəni erkən nikahlardır. Erkən nikah BMT kimi ciddi qurumların sənədlərində “uşaq nikahları” termini ilə də əvəzlənir. Bu isə, təbii ki, əsassız deyil. Uşaq hüquqları haqqında beynəlxalq və yerli qanunvericilik 18 yaşına çatmayanları uşaq kimi tanıyır.

Ailə məsələlərində ciddi məqamlardan biri də erkən nikah məsələsidir. Belə ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Bəs erkən nikah nədir, onun ortaya çıxardığı problemlər nələrdir və qarşısının alınması üçün nə kimi addımlar atılır? Bütün bu suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmova, həkim-ginekoloq Gültəkin Əliyevaya müraciət etdik.

Sahir Rüstəmov bildirdi ki, Azərbaycan qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və 17 yaşından kiçik qızların ailə qurması, birgə yaşamasıdır: “Elə insanlar var ki, onlar el adəti, ata-ana xeyir-duası ilə ailə həyatı qururlar, lakin onlar öz nikahlarını rəsmiləşdirmirlər. Bunun da iki səbəbi olur, ya yetkinlik yaşlarına çatmalarına baxmayaraq, nikaha o qədər də önəm vermirlər, yaxud da qanuni cəhətdən onların nikahının rəsmiləşdirilməsi üçün yaşları çatmır. İkinci səbəb elə erkən nikah deməkdir. Erkən nikah hər iki tərəfin yaşının rəsmi nikah üçün uyğun olmaması və ya kişinin yaşının çox olub, qadının azyaşlı olmasıdır”. Həmsöhbətimin sözlərinə görə, belə nikahlar qeyri-rəsmi nikahlar siyahısında olur və onların ailəsində dünyaya gələn uşaqların adları da qeyri-rəsmi nikahdan doğulan uşaqlar siyahısının davamıdır. Müsahibim deyir ki, erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır, onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur, digər tərəfdən psixoloji cəhətdən çox zəif olurlar. Həmçinin hamıya məlumdur ki, erkən nikah savadsızlığın da artmasına səbəb olur. Çünki erkən nikaha daxil olan qızların əksəriyyəti tam orta təhsili belə, yarıda buraxırlar. Bu, daha bir problemin təməlini qoyur. Belə ki, onlar gələcəkdə ali təhsilli bir vətəndaş kimi hər hansı bir işə qəbul oluna bilmirlər və daha az əməkhaqqı ilə işləmək məcburiyyətində qalırlar. Bu da ailənin maddi vəziyyətində çətinliklər yaradır.
Sahir Rüstəmov erkən nikahın qarşısının alınmasına yönəldilmiş tədbirlərdən də danışdı: “Erkən nikahların yaratdığı fəsadlar haqqında əhalinin tam maarifləndirilməsi üçün tədbirlər keçiririk. Əsas məqsədimiz odur ki, gənclər bu fəsadlar barədə məlumatlı olsunlar, sonra böyük problemlər yaşamamaq üçün erkən nikaha daxil olmasınlar. Eyni zamanda valideynlər öz övladlarını, qohumlarını erkən nikahdan çəkindirsinlər və buna vadar etməsinlər. Odur ki, biz məktəblərdə müntəzəm şəkildə maarifləndirmə işləri aparırıq. Xüsusən milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş seminarlarda erkən nikah məsələsini də qabardırıq. Rayon və kənd mərkəzlərində geniş konfranslar keçiririk. Həmin konfrans və seminarların sonunda komitə tərəfindən hazırlanan “Erkən nikah ailə faciəsinin təməli” adlı broşürlər paylanılır. Təkcə 2015-ci ilin ötən 11 ayında 22 ümumtəhsil məktəbində, 6 kənd mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda seminarlar keçirilib”.
Müsahibim dedi ki, erkən nikah dünyaya gələcək uşağın tərbiyəsində də özünü büruzə verir. Çünki azyaşlı ana onun qulluğunda lazımi şəkildə dura, tərbiyəsi ilə məşğul ola bilmir. Həyat yoldaşı, ana olmaq asan məsələ deyil. Bütün bunlara hazır olmamaq müxtəlif fəsadlara gətirib çıxarır: “Boşanmış bir qadının vəziyyəti daha da problematik bir hal alır, əgər uşaq da dünyaya gəlibsə, problem daha da böyüyür. Yaxşı olardı ki, gənclər ailə həyatına tam hazır olduqdan sonra nikaha daxil olsunlar. Həmçinin təhsil çox vacib amildir. Orta məktəbi bitirmiş bir xanımla ibtidai təhsilli bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu, qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox büruzə verir. Buna görə də təhsil həm fiziki, həm psixoloji, həm də sosioloji cəhətdən təsiredici amil kimi qiymətləndirilməlidir”.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyevanın fikrincə, erkən nikaha daxil olan qızların sağlamlıq problemləri daha çox olur. Erkən yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar ortaya çıxarır, həm də xəstə, müxtəlif çatışmazlıqları olan uşaqların dünyaya gəlməsinə səbəb olur. Bu yaşda ana olmağa hazır olmayan qadında psixoloji problemlər ortaya çıxmağa başlayır. Və zaman keçdikcə bu kiçik psixoloji narahatlıqlar psixi xəstəliklərə yol aça bilir. Deməli, sağlam cəmiyyət üçün ailə təməlinin düzgün qurulması vacib amildir. Bütün bu fəsadların olmasına baxmayaraq, erkən nikah halları artmaqdadır. Rəsmi nikah hesab olunmadığı üçün dəqiq statistika olmasa da, deyə bilərik ki, bu cür ailələrin sayı xeylidir. Düzdür, Naxçıvan Muxtar Respublikasında o qədər geniş yayılmayıb. Ancaq biz bu cəmiyyətdə yaşayırıqsa, deməli, bu qlobal problemdən özümüzü kənarda tuta bilmərik. Hər birimiz bu məsələdə duyarlı olmalı, həssas davranmalıyıq.
Əslində, hamı təqsirkardı bu problemin artmasında… Hər bir fərdin özü, onu anlamayan, arxasında durmayan ailəsi, duyarsız cəmiyyət. Erkən nikahlar, rəsmi qeydiyyatı olmayan evliliklər onlarla oğlan və qızlarımızı fəlakətə sürükləyə bilər.
Valideynlərimizə səslənərək demək istəyirəm ki, gəlin “uşaq nikahları”na yol verməyək. Uşaqlıqlarını uşaq kimi yaşamaq bütün uşaqların hüququdur. Bu haqqı onlardan almayaq. Qızlarımıza məktəbli forması yerinə gəlinlik geyindirməyək. Erkən nikah xoşbəxtliyə deyil, bir çox hallarda bədbəxtliyə aparan yoldur. İndi biz bu problemin həlli yolunu maariflənərək keçməliyik.

Gülnar YÜZBAŞIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR