Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən əmək yarmarkasında şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov tədbirin əhəmiyyəti barədə danışdılar.
Bildirildi ki, şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatı aparılıb, yarmarkaya 47 təşkilatdan 466 boş iş yeri çıxarılıb. Çıxış edənlər muxtar respublikamızda, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən də söz açaraq bu işlərin əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynadığını qeyd etdilər, işaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, ötən il ərzində Naxçıvan şəhərində keçirilən əmək yarmarkalarında 205 nəfər sakin müxtəlif xarakterli işlərə göndəriş alıb.
Sonra işaxtaran vətəndaşlar yarmarkada onlara təqdim olunan iş yerləri ilə tanış oldular. İşaxtaran vətəndaş Ziyad Hacıyev bizimlə söhbət zamanı qeyd etdi ki, yeni iş yerlərinin yaradılması və əmək yarmarkaları vasitəsilə işaxtaranlara təqdim olunması əhali tərəfindən rəğbətlə qarşılanır. Yarmarkalarının təşkilində əməyi olanlara minnətdarlığını bildirən Ziyad Hacıyev dedi ki, hər kəs burada öz ixtisasına və bacarığına uyğun iş yeri axtara və göndəriş ala bilər.
Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədovla da yarmarkanın gedişində həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, yarmarkaya müraciət edənlərdə aktivlik yüksək səviyyədədir, vətəndaşlar gəlib boş iş yerləri, həmin müəssisədə iş şəraiti, əməkhaqqı ilə maraqlanır, uyğun bir iş tapdıqda isə qeydiyyatdan keçib göndəriş alırlar.
Öz ixtisasına uyğun işə göndəriş alan Rüstəm Həsənovdan təəssüratlarını soruşduq. Bildirdi ki, hələlik, bu iş onu qane edir. “İşin pisi, yaxşısı yoxdur, əsas odur ki, o işi ürəklə görəsən”, – deyən müsahibim yeni iş yerinə göndəriş almasının onu çox sevindirdiyini qeyd etdi. Dedi ki, o, kollektivdə işləyəcək, iş təcrübəsi əldə edəcək.
Tədbirdə, ümumilikdə, 20 nəfərə işə göndəriş verildi.
Səbuhi Hüseynov