Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan aztəminatlı Həsənovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Tarverdiyev bildiriblər ki, muxtar respublikada aparılan uğurlu sosial siyasətin əsas məqsədi ailələrin rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün yeni iş yerləri açılıb, əhalinin məşğulluğu təmin edilib, vətəndaşlarımızın gəlirlərinin davamlı və sabit artım tempi formalaşdırılıb. İqtisadi layihələrdən əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilib, nəticə olaraq əhalinin sosial müdafiəsi daha da gücləndirilib. Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi də həmin ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara ərzaq payı verilib.
Sonda ailənin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti