Dekabrın 3-də Şərur şəhərindəki Mədəniyyət Sarayında keçirilən növbəti əmək yarmarkasını Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov açaraq rayonda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
O deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də əmək yarmarkalarıdır. Muxtar respublikanın məşğulluq mərkəzləri işlərini təmsil etdikləri bölgələrdə idarə, müəssisə və təşkilatlarla əlaqəli şəkildə quraraq boş iş yerləri haqqında məlumatlar toplayır, əmək yarmarkalarında həmin yerləri qeyri-məşğul vətəndaşlara təqdim edirlər. Şərur Rayon Məşğulluq Mərkəzi də fəaliyyətini bu istiqamətdə qurub. İlin əvvəlindən keçirilən yarmarkalarda 103 nəfər vətəndaş daimi işlə, kənd təsərrüfatı sahəsində mövsümi işlərlə əlaqədar 59 nəfər müvəqqəti işlə təmin olunub, 55 nəfər peşəyönümü kurslarına cəlb edilib.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Hüseynov çıxışında bildirib ki, yaradılan yeni infrastruktur, aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, yeni sənaye və emal müəssisələrinin, istehsal sahələrinin işə salınması Şərur rayonunda əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir. Bölgədə həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təminatında mühüm rol oynayır və sakinlər tərəfindən onlara göstərilən yüksək qayğı kimi dəyərləndirilir.
30 müəssisə və təşkilatdan 262 boş iş yerinin çıxarıldığı yarmarkada 22 nəfərə işə göndəriş verilib.
Elman MƏMMƏDOV