23 Dekabr 2024, Bazar ertəsi

Hər il dekabrın 3-ü ölkəmizdə Beynəlxalq Əlillər Günü kimi qeyd оlunur.
Azərbaycanda məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən başlayaraq daha geniş vüsət almışdır. Ümummilli liderimiz Heydər Əliyev əlillərin cəmiyyətə inteqrasiyasını, onların reabilitasiyası və sosial müdafiəsinin təmin olunmasını daim diqqət mərkəzində saxlamış, əlilliyin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülmüşdür. Ulu öndər bu kateqoriyadan olan insanların problemlərinə böyük həssaslıqla yanaşmış, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılmışdır.
Ümummilli liderimizin ideyalarını bütün sahələrdə uğurla davam et­dirən Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Son illər müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edən, onlara sosial, iqtisadi və hüquqi təminatlar verən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Sosial siyasətin davamlı inkişafı müvafiq kateqoriyadan olan vətəndaşların həyat şəraitini hər ötən il daha da yüksəldir, yeni təqaüd və müavinətlər təsis edilir, pensiya və sosial müavinətlərin məbləği mütəmadi olaraq artırılır.

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar məhdud fiziki imkanlı şəxslərin rifahını artırmış, onların tibbi və sosial reabilitasiyasının davamlılığını təmin etmişdir. Müvafiq kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara pulsuz minik avtomobillərinin verilməsi, məşğulluq imkanlarının yüksəldilməsi, habelə istedadlı sağlamlıq imkanları məhdud şəxslərin maddi və mənəvi cəhətdən dəstəklənməsi daim diqqət mərkəzindədir.
Bu gün muxtar respublikada 6590 əlilə, o cümlədən 1836 sağlamlıq imkanları məhdud uşağa aylıq sosial müavinət, 239 şəhid ailəsinə, 1590 müharibə əlili və iştirakçısına təqaüd ödənilir. Həmçinin sağlamlıq imkanları məhdud 78 nəfərə evində sosial-məişət xidməti göstərilir, onlarla mütəmadi olaraq görüşlər keçirilir, zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Cari ilin 10 ayı ərzində məhdud fiziki imkanlı şəxslərin tibbi reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində 244 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 296 uşağın müalicəsi təşkil edilmiş, 174 nəfərə isə respublikanın müxtəlif sanatoriyalarında müalicə olunmaları üçün göndərişlər verilmişdir. Bundan başqa, məhdud fiziki imkanlı 18 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə Türkiyə Respublikasına müalicəyə göndərilmişdir. Qeyd olunan dövr ərzində sağlamlıq imkanları məhdud 293 nəfərə müxtəlif texniki reabilitasiya vasitələri verilmiş, 349 nəfərə səyyar protez-ortopedik xidməti göstərilmiş, 58 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 35 nəfərin isə respublika daxilində müalicəsinə köməklik göstərilmişdir.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, bu il Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında sağlamlığını qismən itirənlərdən, eləcə də 1941-1945-ci illər müharibəsi əlillərindən 10 nəfəri minik avtomobili ilə təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, müharibə veteranlarının yubileylərinin qeyd olunması bu kateqoriyadan olan şəxslərə göstərilən yüksək qayğı və hörmətin daha bir ifadəsidir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili, cəmiyyətə inteqrasiyası və asudə vaxtlarını səmərəli keçirmələri də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almalarına şərait yaratmışdır. Bu işlərin tərkib hissəsi olaraq inklüziv təhsilə keçid müvafiq kateqoriyadan olan uşaqların cəmiyyətə daha fəal inteqrasiyasında mühüm rol oynayır. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması ilə distant təhsilə keçid təmin olunmuş, hərəkət qabiliyyəti məhdud uşaqların təhsil almasına geniş imkanlar açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilə keçidin və bu sahədə yeni texnologiyaların tətbiqinin daha da genişləndirilməsi barədə verdiyi tapşırıqların icrasına uyğun olaraq, Distant Tədris Mərkəzinin maddi-texniki bazası daha da gücləndirilmiş, yeni avadanlıqlar quraşdırılmış və nəticədə, 150 istifadəçi yeri yaradılmışdır. Bu da daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan yaratmışdır. Hazırda muxtar respublikanın məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud 52, ümumtəhsil məktəblərində 818, Distant Tədris Mərkəzində isə 22 uşaq təhsil alır.
Məhdud fiziki imkanlı şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin və intellektual səviyyələrinin inkişafı, fiziki sağlamlıqlarının qorunması və idman vərdişlərinin formalaşdırılması onları cəmiyyətin fəal üzvünə çevirir. Buna görə də muxtar respublikada bu istiqamətdə davamlı tədbirlər görülür. 2015-ci ilin ötən dövründə uşaqlar arasında intellektual yarışlar, bədii yaradıcılıq müsabiqələri, həmçinin rəsm və əl işləri, görmə məhdudiyyətli şəxslər arasında brayl yazı və oxu müsabiqələri təşkil edilmişdir. Qeyd olunan dövr ərzində müvafiq kateqoriyalı uşaqlar arasında şahmat, dama, darts, stolüstü tennis və xalq uşaq oyunlarından ibarət əyləncəli idman oyunları, paralimpiyaçılar arasında yüngül atletika, qolbol və sair idman növləri üzrə yarışlar təşkil edilmiş, sağlamlıq imkanları məhdud uşaqlardan ibarət bədii gimnastika bölməsi yaradılmışdır. Autizm və daun sindromlu uşaqların sosial inteqrasiyasına nail olmaq məqsədilə müvafiq mərkəzlərin həkim-nevropatoloq və müəllim-defektoloqu uşaqların valideynləri ilə maarifləndirici görüşlər keçirmişdir. Məhdud fiziki imkanlı şəxslərə asudə vaxtlarını səmərəli keçirmələri üçün də hərtərəfli şərait yaradılır. Yay tətili dövründə məhdud fiziki imkanlı 87 şəxsin, o cümlədən sağlamlıq imkanları məhdud 52 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin əmək bazarına inteqrasiyası da diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məhdud fiziki imkanlı şəxslərin də məşğulluğunun təmin edilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə əsaslı zəmin yaratmışdır. Pro­qramın icrası çərçivəsində bu günədək sağlamlıq imkanları məhdud 106 şəxs münasib işlə təmin edilmiş, 103 nəfər isə əmək bazarının tələblərinə uyğun təşkil olunan müvafiq peşə kurslarına cəlb edilmişdir. Həmçinin bu kateqoriyadan olan 9 nəfər kəndlərdə fəaliyyət göstərən xidmət mərkəzlərində işlə təmin olunmuşdur.
Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə də ardıcıl işlər görülür. Müvafiq kateqoriyadan olan insanlar göstərilən diqqət və qayğının müqabilində yaradıcılıq imkanlarını genişləndirir, bilik və bacarıqlarını nümayiş etdirirlər. Belə ki, bu qəbildən olan 27 nəfər tərəfindən toxunmuş 1789 cüt yun corab və 269 ədəd yun şərf hərbi hissələrə təhvil verilmiş, fərdi təsərrüfatın inkişafı üçün sağlamlıq imkanları məhdud 2 şəxsə güzəştli şərtlərlə iribuynuzlu heyvan verilmişdir. Bununla yanaşı, Naxçıvan şəhərindəki Tədris-Ticarət Mərkəzində məhdud fiziki imkanlı şəxslərin əl işlərinin satışı həyata keçirilir. Həmçinin ötən il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən sərgi-müsabiqədə fərqlənən sağlamlıq imkanları məhdud şəxslərin rəsm və əl işləri Bakı şəhərində keçirilən əlillərin IX ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində də nümayiş etdirilmişdir.
Məhdud fiziki imkanlı şəxslər əlamətdar günlərdə də unudulmur, keçirilən tədbirlərdə onların iştirakı təmin edilir. Hər il muxtar respublikada Beynəlxalq Əlillər Gününün geniş qeyd olunması sağlamlıq imkanları məhdud insanlara göstərilən növbəti dövlət qayğısıdır. Bu ilin ötən dövründə də bu səpkili silsilə tədbirlər təşkil olunmuş, Naxçıvan şəhərində və rayоnlarda bu kateqoriyadan olan şəxslərlə görüşlər keçirilmiş və ümumilikdə, 1000 nəfərə bayram sovqatları verilmişdir. Bayram tədbirlərində fəal iştirak edən sağlamlıq imkanları məhdud ifaçılar bu il Culfa rayonunda keçirilən tədbirdə konsert proqramı ilə çıxış etmişlər. Bilik Günü münasibətilə keçirilən tədbirlərdə aztəminatlı sağlamlıq imkanları məhdud 261 şagirdə məktəbli geyimi və dərs ləvazimatları təqdim olunmuşdur.
Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin xüsusi qayğı ilə əhatə olunması dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi kimi insan amilinə verilən qiymətin əyani ifadəsidir. Bu kateqoriyadan olan insanların sosial rifahının daha da yaxşılaşması istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR