Təhsil istənilən ölkədə xalqların gələcək inkişaf perspektivinə hesablanmış mühüm sahədir. Buna görə də cəmiyyətdə hansı sahə olursa olsun, o sahənin inkişafı birbaşa təhsildən asılıdır. Diqqət etsək görərik ki, müasir dövrdə inkişaf etmiş dövlətlərin hamısında ən böyük sərmayə təhsilə qoyulmuşdur. Çünki təhsilə çəkilən zəhmət, sərf edilən investisiya heç zaman itmir, bir müddət sonra özünü doğruldur.
Ölkəmizin özünəməxsus təhsil ənənələri olmuşdur. Lakin təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə xüsusi diqqət və qayğı göstərmiş, təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşmış, xalqın intellektual səviyyəsinin artırılmasını ən vacib vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən milli təhsil strategiyasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qeyd etmək lazımdır ki, muxtar respublikada digər sahələrlə müqayisədə təhsilə göstərilən qayğı özünü daha qabarıq göstərir. Aparılan quruculuq tədbirləri sırasında ilk yerlərdən birini də təhsil ocaqlarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması tutur.
Görülən işlərin nəticəsidir ki, son 20 ildə muxtar respublikada 200-dən çox yeni təhsil müəssisəsi istifadəyə verilmişdir. Qürurvericidir ki, indi ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən, yeni texnoloji avadanlıqlarla təmin edilmiş təhsil ocaqları müəllim və şagirdlərin istifadəsindədir. Təbii ki, təhsilin inkişafına göstərilən hərtərəfli diqqət artıq öz bəhrələrini verməkdədir. Bunu ildən-ilə muxtar respublikamızın ümumtəhsil məktəbləri məzunlarının ali təhsil müəssisələrinə qəbul faizində də görmək mümkündür. Son dövrdə təhsildə qazandığı uğurlarla fərqlənən bölgələrimizdən biri də Sədərək rayonudur.
Sədərək muxtar respublikamızın, ümumilikdə isə ölkəmizin ən ucqar sərhəd rayonlarındandır. Muxtar respublikamızın hərtərəfli inkişafı bu rayondan da yan keçməmiş, aparılan quruculuq tədbirləri sərhəd bölgəsinin simasını xeyli dəyişmişdir. Digər infrastruktur tədbirləri ilə bərabər, rayondakı təhsil müəssisələrinin yenilənməsi də diqqət mərkəzində saxlanılmışdır. Ümumtəhsil məktəblərinin hamısı müasir tələblərə cavab verən yeni binalarda yerləşir. Rayonda olduğumuz müddətdə öyrəndik ki, Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində 4 ümumtəhsil məktəbi və 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 2-si Sədərək kəndində, 1-i Qaraağac kəndində, 1-i isə rayon mərkəzi olan Heydərabad qəsəbəsində yerləşir. Hazırda bu təhsil ocaqlarında 1218 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 88 müəllim məşğul olur.
Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov bizimlə söhbətində bildirdi ki, təhsil müəssisələrində müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılmışdır. Məktəblərin hamısında elektron lövhəli siniflər, kompüter və şahmat sinifləri fəaliyyət göstərir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi şagirdlərə əyani vasitələrlə işləməyə imkan verir. Yaradılmış şəraitin nəticəsidir ki, rayonun təhsil uğurları da ildən-ilə artır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərinin 88 məzunundan 58 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Sənəd verənlərdən 26 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Bu isə rayon üzrə qəbul faizinin 44,8 faiz olduğunu göstərir. Eyni zamanda rayon üzrə orta ixtisas məktəblərinə 15 nəfər, Heydər Əliyev adına Hərbi Liseyə isə 3 nəfər qəbul olunmuşdur. Son 5 ildə ilk dəfə olaraq rayonun məzunlarından Naxçıvan Tibb Kollecinə qəbul bu il qeydə alınmışdır. Müqayisə üçün bildirək ki, 2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərindən 123 şagird məzun olmuş, onlardan 76-sı ali məktəblərə sənəd vermiş, 32 nəfər tələbə adını qazanmışdı. Ötən il məzunlardan 1 nəfəri hərbi liseyə qəbul olunmuşdursa, bu il onların sayı 3 nəfər təşkil etmişdir. Malik İsmayılov vurğuladı ki, muxtar respublikada təhsilin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Bu gün hər bir məktəbin əsas vəzifəsi gələcəyimiz üçün sağlam, bilikli vətəndaş yetişdirməkdir. Gələcəyimiz üçün əsl vətəndaşlar ailədə və paralel olaraq məktəblərdə yetişir və bu iş artıq ümummilli məsələ kimi dövlətimizin müəyyənləşdirdiyi milli təhsil strategiyasının tələbidir. Apardığımız iş onu deməyə əsas verir ki, məktəb və ailələr arasındakı bağlar nə qədər möhkəm olarsa, valideyn-müəllim-şagird üçbucağının təməli nə qədər sağlam qoyularsa, əldə edəcəyimiz uğurlar da o qədər çox olar. Hər şeydən əvvəl, gələcəyə əsl vətəndaş hazırlaya bilərik. Çünki yalnız vətənpərvər insan işlədiyi sahədən asılı olmayaraq, dövlətinə, xalqına, ümumilikdə isə Vətəninə faydalı ola bilər. Əvvəldə də qeyd etdiyimiz kimi, rayonda elə bir təhsil müəssisəsi yoxdur ki, o müəssisənin şəraiti olmasın. Bütün məktəblərimizdə dövlətin xərclədiyi böyük vəsaitlər hesabına ən müasir şərait yaradılmışdır. Belə bir şəraitdə oxumamaq və yaxud müəllim kimi o müqəddəs vəzifənin tələblərini dərk etməmək mümkün deyil. Doğrudur, ildən-ilə uğurlarımızın sayı artır. Ancaq daha böyük nailiyyətlərin yolu bugünkü fəaliyyətimizdən asılıdır. Məqsədimiz daha səy və əzmkarlıqla çalışaraq təmsil olunduğumuz sahəni daha da inkişaf etdirmək, ölkəmizin, eləcə də muxtar respublikamızın gələcək inkişafına töhfə verməkdən ibarətdir.
Səbuhi Həsənov