23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan torpağı Avropa-Asiya qovuşuğunda tamamilə fərqli mötədil iqlimdə yerləşir. Yayı od ələyən, qışı bəzən 35-40 dərəcə şaxtaya çatan fəsilləri var bu yurd yerinin.
Yaşadığım Şahbuz rayonunun Ayrınc kəndində 1983-cü ilin yanvar ayının 21-də sübhə yaxın 41 dərəcə şaxta qeydə aldım. Həmin ildə gilənardan savayı ayrı meyvəyə rast gəlmədim. Kolanı kəndində bağban Məzail baba var idi, deyərdi ki, bilsəydim, qış belə şaxtalı keçəcək, ərik ağacını da basdırardım, barı bada getməsin.
Buna baxmayaraq, yerli əhali həmişə qışa hazırlıqlı olur. Bu gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikanın Naxçıvan şəhərindən tutmuş ta ucqar dağ kəndlərinədək hər yaşayış məntəqəsində mavi qaz yanır, elektrik enerjisinin verilməsində fasilə yoxdur. Dövlət qayğısı ilə bütün məktəblərdə, sağlamlıq ocaqlarında, mədəniyyət müəssisələrində yay fəslinin istiliyi kimi rahatlıq yaradılmışdır.
Qışın gözəlliyi var. Torpaq qar yorğanını başına çəkib yuxuya gedir, çaylar sırsıra buz bağlayır, insanlar yay və payız fəsillərində yığdığı bar-bəhərdən qışda halal süfrə açırlar.
Tərəvəz məhsullarından kartof, kələm, lobya, pomidor, xiyar, boranı, çillə qarpızı, meyvələrin hər çeşidindən qışa ruzi tədarük olunur, hər cür mürəbbələr, kompotlar hazır­lanır. İnsanlar dincəlir, yaza qüvvə toplayırlar. Elə qədim, milli xörəklərimiz var ki, günü bu gün də yaşamaqdadır.

Boranı. Bu bitkinin elmi adı balqabaqdır. Kəndimizdə Hənifə müəllim ildə azı yarım tonadək balqabaq yetişdirir, özü də hər biri 25-30 kiloqram ağırlığındadır.
Elə ki, çillələrdə güclü qar, çovğun, boran olanda onda balqabaqdan dadı damaqdan getməz yeməklər hazırlanır. Yayda bişirilsə, boran olan çağların dadını verməz. Bəlkə, buna görədir ki, kudu, balqabaq adı ilə yanaşı, boranı da adlanır. Boranını qabığı dilim-dilim soyulmaqla doğrayıb lobya, noxud, erkək-öyəc qovurması, duzu ilə birlikdə çölməyə yığıb təndirin közünə qoyardılar, hər 2-3 saatdan bir çölməyin dibində yanıb qazmaq əmələ gətirməsin deyə su əlavə edərdilər, ətri evi bürüyərdi. Təəssüf ki, həmin dədə-baba sortları, qovun kimi olan balqabaq növlərinin toxumçuluğu ləğv olundu. İndilər 20-30 kiloqramlıq boranılarda 50-60 il bundan əvvəlkilərdə olan şirinlik yoxdur. Dağ kənd­lərində tək-tük şirin növləri qalmışdır. Boranının çəkilən şirəsi çiy halda ən qiymətli ürək-damar dərmanıdır.
Əvəlik qovurması. Əvəliyin el arasında “qara” və “dikcə” növləri vardır. Yazdan yığılıb saç kimi hörülərək eyvanda kölgədə qurudurlar. Qara əvəlik sinə sətəlcəmi və öskürmədə unlu umaca qatılanda əsl məlhəm olur. Dikcəyə çox adam “Şıppır” da deyir.
Əvəlikdən soğançalı, qovurmalı bişirilən xörək mədə-bağırsaq məlhəmidir, asanlıqla həzm olunur.
Kecab. Şahbuzun Qala güneyi, Səhlalı massivlərinin kolluqları dibində bitir. Onu da yığıb saç kimi hörüb kölgədə qurudurlar. Qışda qovrulanda əvəlik kimi dadlı-tamlı, faydalı olur.
Qırxbığan. Elmi adı yol otudur. Dadlı qovurması olduğu kimi, böyrək axarlarının da ən gözəl dərmanıdır. Dağlarda, oba yollarında bitir, səliqə ilə yığılıb kölgədə qurudulur.
Qurut. Yaylaqda, obalarda süzmə qatıqdan xırda-xırda kündələnib qurudarlar. Əngənək deyilən saxsı qabda əllə ovxalana-ovxalana əzilər, qovurmalı, soğançalı xörəyi hazırlanar, lavaşla doğranıb yeyilər. Qan təzyiqi olanların sevimli qış xörəyidir.
Arandakılar yaylağa səbətdə tut, gilas, gilənar, ərik sovqatı göndərər, pay səbətini boş qaytarmazlar. Yaylaqdakılar isə arana süzmə qatıq, qurut, pendir göndərərlər. Hər kim pay-puşu unudarsa, məsəldi deyərlər:
Aranda tutdan olduq,
Dağda qurutdan...
Çəkmə, sıyıq əriştə, əriştəli-mərciməkli, üz-gözlü plov, istiotlu-bibərli, ələyəzli duru yarma, təndir közündə basdırma, sümbədə bişirilən kartof kababı, közdə bişirilən çuğundur, heyva kimi nemətlər də qış fəslinin yeməkləridir.
Sümsümə, bəlkə də, 50-60 ildir, tamamilə unudulub. Adi arpa unundan hazırlanırdı. Tavada soğançalı inək yağında tovlanıb qızarana yaxın 2-3 stəkan su tökülüb qaynadılırdı. Sinə sətəlcəminin əlacı idi.
Xəşil. Yaz buğdası unundan bişirilər. Ortasında oyma yaradılar. İnək yağı dağ edilərək bal, doşabla xəşilin ortasına süzülər. Ata-baba adətidir, xəşili əllə yeyərlər.
Südlü yarma. Bir dəfə Şərurun Dəmirçi kəndindən olan tanınmış “Nurani” yallı ansamblının üzvü ağsaqqal Kamil baba dedi ki, buğda sünbülü bozaranda bir bağ yığıb həyətə gətirirəm. Sütül ütürəm, əfsəyib sinidə tərtəmiz püfədən çıxarıram. Yuyub qurudurlar. Əl kirkirəsində yarmasını çəkirlər. Qışda çim südə (yəni təzə sağılan) bu yarmadan əlavə edib bişirirlər. Süfrəyə çəkilən kimi üzü qaymaq bağlayır.
Hədik təzə diş yaran körpənin adına tutular, buğda, noxud, lobya, qarğıdalı qarışığından qazan asılar. Deyirlər ki, belə həl-məl bişən, qonum-qonşu, qohum-əqrəbaya tutulan paydan sonra körpə dincələr, nimçəni qaytaranda yerinə hədiyyə, pay-puş da qoyular.
Bu da yaddaşlardadır ki, diş yaran körpə deyər: – Anam bilsə ki, diş yarmağın əzabı nədir, yaylığın da satmalı olsa, mənə hədik qoyar.
Buğda, noxud, küncüd, mərcimək sacda qovrulub ortaya gələndə, tut, ərik qurusu, qoz-fındıq ləpəsi əlavə edəndə dadı damaqdan getməz. Sərində saxlanan alma, heyva süfrəyə gələndə yanaqları tərləyir.
Qışa tədarük olunan nemətlər barədə bir alqış da var:
– Əkdiyinizi biçəsiniz, biçdiyinizi döyəsiniz, döydüyünüzü də ağız şirinliyi ilə yeyəsiniz, axırda nəvələrə nağıl deməyi də unutmayasınız ki, şirin yuxuları bala dönsün.
Yağan quşbaşı, lopa, çoban yarması qar da torpağın yorğanı olar.

Qaşdar Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR