23 Dekabr 2024, Bazar ertəsi

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Bu il ölkədə 100 minə qədər yeni iş yeri açılmışdır. Bütövlükdə son səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yeridir…

Bu sahədə muxtar respublikamızda görülən işlər də təqdirəlayiqdir və hər il yeni uğurlarla yadda qalır. İcrası başa çatmış “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” əhalinin səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, işaxtaran vətəndaşların sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açmışdır. Regional inkişaf pro­qramlarına uyğun olaraq həyata keçirilən kompleks tədbirlərin, eyni zamanda əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə görülən işlərin nəticəsidir ki, təkcə ötən il muxtar respublikamızda 6 min 364 yeni iş yeri açılmış, məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 5 min 537 vətəndaş işlə təmin edilmişdir.

2015-ci ildə Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınan işaxtaranların sayı 617 nəfər olmuş, onların 537 nəfəri daimi işlə təmin edilmişdir. Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə məşğulluğun ən geniş formalarından biri olan əmək yarmarkalarının keçirilməsi təcrübəsindən il ərzində səmərəli istifadə olunmuşdur. Bunun üçün mərkəzin kollektivi keçirilən yarmarkalara əvvəlcədən ciddi hazırlıq işləri görmüş, rayonda fəaliyyət göstərən 126 idarə, müəssisə və təşkilatla, özəl qurumlarla mütəmadi əlaqə saxlayaraq mövcud olan iş yerlərini dəqiqləşdirmişdir. Həm dövlət, həm də özəl müəssisələrlə qurulan əlaqələr keçirilən əmək yarmarkalarına müsbət təsirini göstərmişdir. Ötən il rayonda keçirilən 3 əmək yarmarkasına idarə, müəssisə və təşkilatlardan 500-ə qədər boş iş yeri çıxarılmış, yarmarka vasitəsi ilə 125 nəfər müxtəlif sahələrdə daimi işlə təmin olunmuşdur. Muxtar respublika Təhsil və Səhiyyə nazirlikləri ilə birgə keçirilmiş əmək yarmarkalarında isə 24 vətəndaş ixtisasına uyğun daimi işlə təmin edilmişdir.
Vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə 2015-ci ildə 50 nəfər fiziki şəxs kənd təsərrüfatı məhsullarının becərilməsi, 12 nəfər sağlamlıq imkanları məhdud vətəndaş isə corab, şərf və xalça toxuculuğu üzrə haqqı­ödənilən ictimai işlərə cəlb olunmuşdur. İşaxtaranların peşə yönümünü təmin etmək məqsədilə 58 nəfər Naxçıvan Regional Peşə Tədris Mərkəzindəki elektrik montyoru, kompüter istifadəçisi, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, traktorçu-maşinist, bərbər, fotoqraf və digər kurslarda hazırlığa cəlb edilmiş, məktəbi bitirənlərin əksəriyyəti işlə təmin olunmuşdur.
Məlum olduğu kimi, əhalinin səmərəli məşğulluğunun təmin olunması üçün indiyədək bir neçə dövlət proqramı qəbul edilmişdir. Yanvarın 11-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Regionların inkişafı məqsədilə indiyədək qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq Şərur rayonunda genişmiqyaslı tikinti-quruculuq tədbirləri həyata keçirilmiş, irimiqyaslı layihələr reallaşmış, yeni emal və sənaye müəssisələri, xidmət şəbəkələri həyata vəsiqə almış, aqrar sahədə uğurlu nəticələr əldə edilmişdir. Bunlar iqtisadiyyatın inkişafı ilə yanaşı, işsizliyin aradan qaldırılmasında, əhalinin məşğulluğunun təmin olunmasında, maddi rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Qəbul edilmiş növbəti dövlət pro­qramı bu sahədə daha uğurlu nəticələrə nail olunmasına stimul verir. Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanmış yeni proqram işaxtaranların sosial müdafiəsi üçün daha geniş imkanlar açacaqdır.

Məmməd MƏMMƏDOV
Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR