Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən cari ilin əvvəlindən başlayaraq muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, müəssisə və təşkilatlarda mövcud olan boş iş yerləri haqqında məlumatların hər ay toplanması təmin edilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla müvafiq müəssisələrdə sorğular keçirilib. 2015-ci il noyabr ayının 24-də isə muxtar respublikada cari ilin son əmək yarmarkalarının keçirilməsinə başlanılıb və müvafiq tədbirlər dekabrın 4-də başa çatıb. Xidmətdən verilən məlumata görə, keçirilən yarmarkalara muxtar respublika üzrə 149 təşkilatdan 1415 boş iş yeri çıxarılıb, 130 nəfər işaxtarana işə göndəriş verilib.
Qeyd edək ki, 2015-ci ilin 11 ayı ərzində məşğulluq xidməti orqanlarında işsizlik statusu alan olmayıb.
Xəbərlər şöbəsi