Sağlam ailələrin qurulması və özündə xalqımızın ailə dəyərlərini daşıması vacib şərtlərdən biri hesab olunur. Muxtar respublikanın rayon və kəndlərində keçirilən maarifləndirici tədbirlərdə bu amilə xüsusi diqqət yetirilir. Növbəti belə tədbir Şahbuz rayonunun Kükü kəndində keçirilmişdir.
“Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova açmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzini aşılamasında əsas rolları” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, son illər ölkəmizdə sağlam ailənin qurulması sahəsində bir çox yeniliklər həyata keçirilmişdir. Bu tədbirlərdən biri də nikahdan öncə məcburi tibbi müayinədən keçmə tələbinin ailə qanunvericiliyinə daxil edilməsidir.
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanununa əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cari ilin 1 iyun tarixindən etibarən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə dəstəyinin göstəricisi olmaqla bəzi amillərin qadınların reproduktiv sağlamlığına mənfi təsiri ilə bağlı maarifləndirmə işinin aparılmasını sürətləndirmişdir.
Komitə sədri vurğulamışdır ki, ailə mühiti yeni nəsil üçün birinci məktəbdir. Uşaq xalqımızın ailə dəyərlərini, sağlam həyat tərzini, ilk olaraq, valideynlərindən öyrənir. Bu səbəbdən həm ailədə, həm də cəmiyyətdə qadının üzərinə daha çox məsuliyyət düşür. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən-nəslə ötürən qadındır. Övladı ata-ana birgə tərbiyə etsə də, əsas təsir anadan gəlir. Ana övladına daha yaxın olur, onu daha yaxşı tanıyır. Ailə münasibətlərinin düzgün qurulması, ailə funksiyasının müəyyənləşdirilməsi, eləcə də uşaqların təlim-tərbiyəsi, onlara sağlam həyat tərzinin, qohum və erkən nikahların doğurduğu mənfi nəticələrin aşılanması, ailə qurarkən ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar nə dərəcədə doğru istiqamətin verilməsi evin qadınından asılıdır.
Ramilə Seyidova tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Bizim ailələrdə övlada olan sevgi, bəlkə də, dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Lakin bu, ərköyün, zəhmətə qatlaşmayan uşaqların böyüməsinə şərait yaratmamalıdır. Çünki bu gün ailələrdə tərbiyə olunan uşaqlar gələcəyin ailə quran tərəfləri olacaqlar.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva keser əməliyyatının ana və uşağa mənfi təsiri barədə çıxış edərək tədbir iştirakçılarına mövzu ilə bağlı slayd vasitəsi ilə ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti