23 Dekabr 2024, Bazar ertəsi

Şərur şəhərində keçirilən tədbiri Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Nuranə İsmayılova açaraq gənclər arasında keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov “Sosial şəbəkələr və milli dəyərlərin fundamentində ailə dəyərləri” mövzusunda çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd gəncləri inkişafın əsas tərəfi olan müasir informasiya-kommunikasiya texnologiyalarından çəkindirmək deyil, həyatımıza daxil olan bu yenilikdən düzgün istifadə etmədikdə xalqımızın ailə dəyərlərinə vurduğu zərbələri izah etmək, ailə dəyərlərimizin müqəddəsliyini və həyatımızdakı əvəzsiz rolunu gənclərə xatırlatmaqdır. Vurğulanıb ki, virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır. Danılmaz faktdır ki, bu resursların əsas istifadəçi kütləsi gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatımızda sosial şəbəkələrin müsbət tərəflərini müşahidə etsək də, kifayət qədər mənfi tərəflərini də görürük. Gənclər müstəqil həyata yeni qədəm qoyduğundan istənilən vasitədən alınan informasiya onların düşüncə tərzinə birbaşa təsir etmək gücünə malikdir. Buna görə də ailə dəyərlərimizə zidd informasiyanın çoxluğu və həmin informasiya kanallarına çıxışın asan olması gənclər üçün gizli təhlükə mənbəyidir.

Ailə təktərəfli münasibət əsasında yaranan qurum deyil. Bu səbəbdən ailə üzvlərinin hər biri milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılmasına vaxt ayırmalı, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev “Gənclərin inkişafında sosial şəbəkələrin faydası və zərəri”, Naxçıvan Müəllimlər İnstitutunun müəllim-­psixoloqu Çapay Quliyev “İnformasiya bolluğunun ailədaxili münasibətlərə psixoloji təsiri” mövzularında çıxış edərək gənclərin sosial şəbəkələrdə aktivliyindən, muxtar respublikada azad informasiya cəmiyyətinin qurulması istiqamətində görülən işlərdən, ailələrin müasir dövrdə informasiya bolluğunda düzgün seçim etməsinin yollarından və informasiya-kommunikasiya texnologiyalarından qeyri-düzgün istifadənin ailələrdə yaratdığı psixoloji çətinliklərdən ətraflı bəhs ediblər. Bildirilib ki, ailə dəyərlərimiz ilə formalaşıb inkişaf edən hər bir ailə səmimi münasibətlərə əsaslanaraq mədəni-psixoloji əlaqələrə və meyarlara söykənir. Ailənin mahiyyəti onun funksiya və quruluşundan, hər bir ailə üzvünün yerinə yetirməli olan vəzifəsindən çox asılıdır. Buna görə də ailəyə sərf olunmalı vaxtı şəxsiyyət üçün fayda verməyən informasiya resurslarına qurban vermək olmaz. Bu həm gənclərin fərdi inkişafına mənfi təsir edir, həm də digər ailə üzvlərində psixoloji gərginlik yaradır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb və onlara broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR