23 Dekabr 2024, Bazar ertəsi

 Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu istiqamətdə görülən işlərin sistemli xarakter almasına, distant təhsilin tətbiqinə və bu sahədə müvafiq pedaqoji kadr hazırlığının təkmilləşdirilməsinə geniş imkanlar açmışdır. Dövlət proqramının icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sahəsində mühüm nəticələr qazanılmışdır.

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbi üzrə həyata keçirilən tədbirlər çərçivəsində əvvəlcə müvafiq yaşlı sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılmışdır. Hazır­da bazada bu kateqoriyadan olan 446 uşaq haqqında məlumat vardır. Ötən dövrdə 104 uşaq məktəbəqədər təhsil müəssisələrinə, 20 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlb edilmişdir. Hazır­da məktəbəqədər təhsil müəssisələrində 52, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində isə 13 sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin peşəkarlığını artırmaq üçün təkmilləşdirmə kurslarının təşkili vacib şərtdir. Çünki ixtisaslı kadrlar olmadan uşaqların məşğələlərə cəlbi mümkün deyil. Ötən dövrdə şəhər və rayon icra hakimiyyətləri, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Müəllimlər İnstitutu tərəfindən 232 müəllim, metodist və tərbiyəçinin iştirakı ilə 7 kurs keçirilmişdir. Naxçıvan Müəllimlər İnstitutu tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün hazırlanan metodik vəsaitlərin elektron variantları muxtar respublikada fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrinə təqdim edilmişdir.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə məktəbyaşlı sağlamlıq imkanları məhdud 138 uşaq ümumtəhsil məktəblərinin birinci siniflərinə, 2 uşaq isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilmişdir. Fiziki imkanları məhdud uşaqların məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılmış, Naxçıvan şəhərində 9-cu sinfi bitirən sağlamlıq imkanları məhdud 16 şagird buraxılış imtahanlarından azad edilmişdir. Hazırda muxtar respublikanın məktəblərində sağlamlıq imkanları məhdud 825 uşaq təhsil alır. Tədris prosesində mütərəqqi təlim üsulları, eləcə də fənn kurikulumları tətbiq edilmiş, uşaqların müasir texnoloji avadanlıqlardan istifadə bacarıqlarının inkişafı diqqət mərkəzində saxlanılmış, onlarla aparılan işin səmərəliliyinin artırılması və xüsusi nəzarətin təmin olunması məktəb psixoloqlarına həvalə edilmişdir.
2014-cü il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən uşaqların təhsilə cəlbini təmin etmişdir. Mərkəzdə server və çevirici avadanlıqlar quraşdırılmış, tədris sinfinə elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlar qoyulmuş, distant tədrisə cəlb olunmuş uşaqların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılmış, 150 istifadəçi yeri yaradılmışdır. Bu da daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verir. Mərkəzin müəllimlərinin və valideynlərin iştirakı ilə sistemdən istifadə qaydalarına dair seminarların keçirilməsi tədris imkanlarını genişləndirmişdir. Ötən müddətdə hərəkət qabiliyyəti məhdud olan 23 uşaq distant təhsilə cəlb edilmişdir. Onların təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur. Mərkəzdə eşitmə qabiliyyəti məhdud 11 uşaqdan ibarət 2 qrup da yaradılmış və distant dərslərdə iştirakı təmin edilmiş, onlara xüsusi dərsliklər verilmiş, eləcə də bu uşaqlardan 3-ü Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəbinə göndərilmişdir.
Hazırda sağlamlıq imkanları məhdud şəxslər mərkəzdə fəaliyyət göstərən brayl kitabxana, gözdən əlillər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, subtitrli filmləri nümayiş etdirən kinozal xidmətlərindən istifadə edirlər. Mərkəzin kitabxana fondunun zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Ötən müddətdə Naxçıvan Muxtar Respublika Kitabxanasından buraya 147 adda brayl kitab verilmiş, mərkəzdə 10 adda yeni brayl kitab çap edilmişdir. Hazırda kitabxana fondunda 952 kitab vardır. Mərkəzdə səsyazma studiyasının yaradılması audio kitabxananın da fondunun zənginləşdirilməsinə imkan verir. Proqramın əhatə etdiyi dövr ərzində audio kitabxana fonduna 626 audio material, elektron kitabxana fonduna isə 155 yeni elektron kitab əlavə edilmişdir. Bu gün audio kitabxanada 937 kitab, elektron kitabxana fondunda isə 535 elektron kitab vardır. Mərkəzdə “Könül işığı” adlı aylıq brayl jurnalının nəşrinə də başlanmışdır.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində zehni və nitq inkişafının ləngiməsi olan uşaqların sosial reabilitasiyası defektoloji bölmə tərəfindən həyata keçirilir. Bölmənin təlim otağı elektron lövhə və digər tədris ləvazimatları ilə təmin edilmiş, kinekt və intellektual oyunlar otağı yaradılmışdır. Ötən dövrdə Bakı Şəhər Nitq İnkişaf Mərkəzinin baş mütəxəssisi 3 ay müddətində defektoloqlara distant təlim keçmiş, müəllim-defektoloqlar 4 dəfə Bakıya ezam edilmişlər. Həmçinin Türkiyə Respublikasının Düzcə Rəhbərlik və Araşdırma Mərkəzinin defektoloq-loqopedi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölməyə dəvət edilmiş, sağlamlıq imkanları məhdud uşaqlar, valideynlər və defektoloji bölmənin mütəxəssisləri ilə görüşü təşkil edilmişdir. Bundan başqa, uşaqların ünsiyyətqurma bacarığının inkişafı və sosial reabilitasiyası məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı da istifadəyə verilmişdir. Hazırda burada müvafiq kateqoriyadan olan 88 uşağın müalicəsi həyata keçirilir.
Ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların dərslərdə iştirakının təmin olunması və fərdi nəticələrinin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən şagird, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici söhbətlər aparılmış, 4600-dən çox broşür paylanılmışdır. Bu günədək Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində uşaq serebral iflici, autizm, daun sindromu və periferik sinir sistemi xəstəlikləri olan uşaqların valideynləri ilə 5 dəfə maarifləndirici görüşlər keçirilmiş, bu kateqoriyadan olan uşaqlarla təlim-tərbiyənin təşkili, evdə davranış və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhətlər verilmişdir. Həmçinin ötən müddətdə müvafiq kateqoriyalı 334 uşaq məktəbli geyimi və ləvazimatları, o cümlədən bu il 261 uşaq qış geyimi ilə təmin olunmuşdur.
Bu gün yuxarı siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbi qarşıda duran əsas vəzifələrdəndir. Dövlət proqramında bu istiqamətdə də müvafiq işlərin görülməsi nəzərdə tutulmuşdur. Ötən dövrdə sağlamlıq imkanları məhdud uşaqlar şəhər və rayon məşğulluq mərkəzləri tərəfindən maraqlarına və əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yönləndirilmişlər. Belə ki, sağlamlıq imkanları məhdud 4 uşaq Naxçıvan Şəhər Peşə Liseyinə, 5 gənc Şərur Texniki-Peşə və Sürücü­lük Məktəbinə, 12 gənc Naxçıvan Regional Peşə Tədris Mərkəzinə cəlb edilmiş, 3 nəfər isə Naxçıvan Dövlət Texniki Kollecinə qəbul olunmuşdur.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində də davamlı işlər görülür. Qeyd olunan dövrdə müvafiq kateqoriyalı 173 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, o cümlədən 51 uşaq şahmat məktəblərinə cəlb edilmişdir. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində məktəb təhsili olmayan görmə qabiliyyəti məhdud şəxslər üçün brayl kurslar təşkil olunmuş, 4 nəfər kurslarda iştirak etmişdir. Musiqi duyumu olan və bu sənətin sirlərinə yiyələnməyə həvəsi olan uşaqların musiqi təhsili alması da diqqət mərkəzində saxlanılmış, ötən dövrdə müvafiq kateqoriyalı 47 uşağın musiqi məktəblərində təhsil alması təmin edilmişdir. Hazırda muxtar respublikanın musiqi məktəblərində sağlamlıq imkanları məhdud 108 uşaq təhsil alır.
Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Buna görə də bu kateqoriyadan olan uşaqlar arasında kinekt və intellektual oyunlar, şahmat, dama, darts, stolüstü tennis, futzal, yüngül atletika və xalq uşaq oyunlarından ibarət əyləncəli yarışlar, görmə qabiliyyəti məhdud şəxslər arasında brayl yazı və oxu müsabiqələri keçirilmiş, audio kitabxananın fəal dinləyiciləri ilə görüşlər təşkil edilərək hədiyyələr verilmişdir. Eşitmə qabiliyyəti məhdud uşaqların iştirakı ilə müxtəlif səhnəciklərin təqdimatı və intellektual oyunların, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanım mənim” mövzusunda sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm, əl işləri və musiqi müsabiqələrinin keçirilməsi də bu mənada yaddaqalan tədbirlər olmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların tətil günlərini səmərəli keçirmələri üçün təşkil olunan gəzinti və ekskursiyalar da onların cəmiyyətə inteqrasiyasını sürətləndirir. Yay tətili günlərində 99 məhdud fiziki imkanlı uşaq valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər sırasında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan məşğələ və idman qruplarının da xüsusi yeri vardır. Ötən iki il ərzində mərkəzdə təşkil olunan müxtəlif dərnəklərdə 140 uşaq iştirak etmişdir. Həmçinin bu il yaradılan əmək terapiyası otağına sağlamlıq imkanı məhdud 20, müxtəlif idman qruplarına 45, bədii gimnastika məşqlərinə isə 12 qız iştirakçı cəlb olunmuşdur.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Artıq sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter almışdır. Bu sahədə görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR