23 Dekabr 2024, Bazar ertəsi

 (felyeton)

Ötən günlərdən birində əvvəllər mənimlə qonşu olmuş Qulamla redaksiyanın qənşərində qarşılaşıb hal-əhval tutdum, gəldən-getdən danışdım. Onu da deyim ki, qonşum söhbətcil adamdır, hər dəfə qarşılaşanda başına gələn əhvalatları elə gözəl, elə incəliklərinə qədər nəql edir ki, nə qədər təcili işin olsa da, onu dinləməyə bilmirsən. Sonuncu əhvalatın oxucular üçün də maraqlı olacağını düşünüb onu qələmə almağı qərara aldım. Əlqərəz, başlayırıq Qulamın yaşadığı binanın həyətindən...
– Ay bala, zibili niyə yolun ortasına qoyub gedirsən?
– Ay dayı, sənə nə? Özüm bilərəm, hara atıram.
– Axı sən zibili atdığın yerdə elə öz uşaqların oynayır.
– Heç bir şey olmaz, bir azdan təmizlik işçiləri gəlib yığışdıracaqlar.
– Olmaz ki, sən zibilini beş addımlığındakı qutulara atasan, onların yığışdırmasına da ehtiyac qalmasın?

– Olar, niyə olmur, ancaq tələsirəm. Gələn dəfə sən dediyin kimi eləyərəm, ürəyini sıxma.
Bayaqdan binanın eyvanından boylanıb zibili küçənin ortasına qoyan Höccətəlini başa salmağa çalışan İsmayıl kişinin səsi daha boğuq çıxmağa başlayıb:
– Səni başa salınca, adamın başı xarab olar. Sənə daha sözüm yoxdu.
– Daha nə sözün olacaq ki, səhər-səhər mənə dişindən çıxanı dedin. Qoy mən də sənin haqda düşündüklərimi nəql edim, ürəyimdə qalmasın. Sən öz deyingənliyinlə bütün qonşuları boğaza yığmısan. Gah binanın həyətində oturan qadınların tumun qabıqlarını yerə səpələdikləri üçün deyinirsən, gah uşaqlara söylənirsən ki, həyətdəki gül kollarının budaqlarını qırmasınlar. Məhəllədə bir sürücü də səndən razılıq eləmir. Binanın girişində avtomobil saxlayan kimi eyvanda müntəzir dayanırsan, çığır-bağır salırsan ki, yolu kəsməsinlər. Yekə kişisən, bir qəpiklik qazancın yoxdu, ancaq məhəllədə hamı ilə düşmən olmusan, get otur evində, hamı necə, sən də elə.
İsmayıl kişinin bu sözlərdən sonra matı-qutu quruyub. Nə deyəcəyini bilməyib. Höccətəli isə ona dediyi sözlərdən sonra bir ayağını qaçaraq qoyub. Ancaq İsmayıl dayı sakitcə ondan “Doğrudan, hamı belə düşünür?” – deyə soruşub. Əslində, Höccətəli bütün bina əhlinin adından yalandan danışıb. Ancaq çox gec olub, “yalan deyirdim” deməyə dili gəlməyib, “hə, hamı belə düşünür” deyərək oradan uzaqlaşıb.
Keçmiş qonşum Qulam deyir ki, şahidi olduğu bu hadisənin üzərindən uzun müddət keçib. Artıq nə həyətdən İsmayıl kişinin səsi gəlib, nə də Höccətəlinin hənirtisi. Elə bil İsmayıl kişi hamıdan küsüb, evinə qapanıb. Qulam onu görmək, Höccətəlinin onun haqqında dediklərinin yalan olduğunu demək istəyib. Ancaq bu görüş uzun müddət ona müyəssər olmayıb. Bütün bu müddətdə özünə təsəlli verərək düşünüb ki, İsmayıl kişi xasiyyətdə bir adam Höccətəlinin sözü ilə xeyirxah əməllərindən əl çəkməz.
…Şaxtalı, sazaqlı qış qapını kəsib. İki-üç gün aramsız qar yağıb, gecənin ayazı gündüz əriyən qarı buza döndərib. Elə həmin gün Qulam İsmayıl kişini yenə əlində bel binanın girişini təmizləyən görüb. Ona yaxınlaşıb salam verib, yayda olan söhbəti yada salmadan əlindən beli alıb dinməz-söyləməz yolu təmizləməyə başlayıb. Arada əl saxlayıb ona məhəllənin təmizliyinin, səliqə-sahmanının qayğısına qalmaqla çox savab iş gördüyünü, başqalarına nümunə olduğunu deyib. O isə uşaqlıq illərindən yadında saxladığı bir hadisəni danışıb:
– Yaxşı yadımdadır, o vaxtlar bu küçədəki binaların yerində bir-birinin böyrünə sığınmış möhrə evlər, dar döngələr vardı. Qapımızdan bir az aşağıdan su xətti çəkilmişdi. Bəzən nabələd adamlar qaranlıqda küçəmizdən keçəndə başlarını bu boruya vurub zədələyirdilər. Bir gün qaranlıq düşəndə yaşlı bir adamın başına eyni hadisənin gəldiyini müşahidə etdim. Ancaq həmin adam başqaları kimi çıxıb getmədi, bir az gözləyib arxadan gələn bir neçə nəfərə də xəbərdarlıq etdi, sonra yola düzəldi. Elə həmin günün səhəri gəlib xəttin yerini dəyişdirdilər və bununla da, nabələd yolçuların canı bu bəladan qurtardı. O insan nəcib bir hərəkət edərək başına gələn qəza ilə başqalarının da üzləşməsini istəməmişdi. Bax onda mən anladım ki, ətrafda baş verənlərə həssas olmaq nə deməkdir. Yəni sən tək özünü yox, kənardakıları da düşünməlisən. Çəkilən əməyi, zəhməti qiymətləndirməli, bu əməyə hörmətlə yanaşmalısan. Bizim binamıza gəlincə, özün də görürsən ki, sakinlər üçün hər cür şərait yaradılıb, hər yer abadlaşdırılıb, ağac, gül-çiçək əkilib, skamyalar qoyulub, uşaqların əylənməsi üçün yelləncək də quraşdırılıb. Bizim özümüz üçün qura bilməyəcəyimiz şərait yaradılıb. Fəqət, nədənsə bu yaradılanları qoruyub saxlamağa tənbəllik edirik. Evimizdə bir əşyanı qırıb tökəndə, yeri zibilləyəndə övladımızı möhkəmcə tənbeh edirik. Gözümüzün qarşısında həyətdə yelləncəklər qırılanda, yerə zibil atılanda buna biganə qalırıq. Bir balaca həssaslıq göstərib bina həyətini təmiz saxlamağın vacib olduğunu deyəndə isə haray-mərəkə qalxır.
Söhbətin bu yerində əsərin dırnaqarası qəhrəmanı Höccətəli binanın girişində görünüb irişə-irişə “Yorulmayasınız, nə əziyyət çəkirsiniz, onsuz da Mənzil İstismar İdarəsinin işçiləri gəlib təmizləyəcəklər, bu işi görmək onların vəzifəsidir”, – deyib Qulamgildən aralanıb. Ancaq binanın o biri girişinin qapısına çatanda sürüşüb yıxılıb. Yıxılanda alnını və burnunu, deyəsən, yerə bərk vurub, onlar yaxınlaşıb onu ayağa qaldırana qədər buz qıpqırmızı rəngə boyanıb. Ayağı da burxulub bərk zədələnib. Qulamla İsmayıl kişi Höccətəlini yaxınlıqdakı taksiyə mindirib xəstəxanaya yollayıblar. Qulam sonradan eşidib ki, Höccətəlinin ayağı sındığı üçün gipsə salıb onu evə gətiriblər. İsmayıl kişi ilə vaxt təyin edib ona baş çəkməyə gediblər. Qulam nədənsə ayaq saxlayıb pilləkənləri aram-aram adlayan İsmayıl kişidən “Niyə belə edirik?” – deyə soruşub. O isə cavabında çiyinlərini çəkib, “Bilmirəm, cavab tapsan, mənim də xəbərim olsun” deyərək səmimiyyətlə gülümsəyib.
Qulam bu əhvalatı danışdıqdan sonra mənə də eyni sualı verdi. Ancaq mən də bu sualın cavabını tapa bilmədim. Fikirləşdim ki, bu cavabı siz oxucular daha yaxşı bilərsiniz. Xahiş edirəm, deyin görək, niyə belə edirik? – əziz oxucular...

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR