23 Dekabr 2024, Bazar ertəsi

Babək rayonunun Nehrəm kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq “Ailədə qadı­nın sağlam həyat tərzini aşılamasında əsas rolları” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, ailə modelimiz əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olmuşdur. Ailə xalqımızın menta­liteti olan həyat yoldaşına sədaqət, valideynə, böyüyə hörmət, uşaqlara qayğı kimi zəngin və çoxşaxəli xüsusiyyətləri özündə daşıyır. Bu zəngin ailə ənənələri dərin və sarsılmaz köklərə malikdir. Hazırda ölkəmizdə ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını müəyyən edir. Ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlər görülür. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” ailələrimizin daha sağlam təməllər üzərində qurulmasına və möhkəmləndirilməsinə xidmət edir.

Komitə sədri vurğulamışdır ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibətin qurulmasında, milli dəyərlərimizin, adət-ənənələrimizin, əxlaqi keyfiyyətlərimizin qorunmasında və yeni nəslə çatdırılmasında qadının üzərinə böyük vəzifələr düşür. Ana uşaqları informasiya-kommunikasiya texnologiyalarının mənfi təsirlərindən qorumalı, onların təhsilinə diqqət yetirməli, geyim formalarını, asudə vaxtlarını necə keçirmələrini nəzarətdə saxlamalıdır. Ana öz davranışı ilə övladlarına nümunə olmalı, onlara təlim-tərbiyə, sağlam həyat tərzi, qohum və erkən nikahların doğurduğu mənfi nəticələri aşılamalı, ailənin bütövlüyünü qoruyub saxlamaq missiyasını həyata keçirməlidir.
Ramilə Seyidova qeyd etmişdir ki, hazırda qadınların məşğulluğu yüksək səviyyədədir və onlar cəmiyyətin inkişafında xüsusi rol oynayırlar. Lakin bu, ailədə vətənpərvər, təhsilli, fiziki və mənəvi baxımdan sağlam vətəndaşların yetişdirilməsinə mane olmamalıdır.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva keser əməliyyatının ana və uşağa mənfi təsiri barədə tədbir iştirakçılarına slayd vasitəsilə ətraflı məlumat vermişdir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılmış, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılmışdır.
Sonda rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR