İnsan uşaqlıq dövründən başlayaraq daim mübarizə aparır: yaşamaq, yaratmaq, amallara çatmaq uğrunda. Sağlamlıq imkanları məhdud olan uşaqların mübarizəsi isə təkcə bununla bitmir. Onların həmyaşıdları ilə yan-yana durmaq, birgə oynamaq, təhsil almaq və sairə kimi arzuları uğrunda daxilən gizli apardıqları mübarizə də var. Artıq sağlamlıq imkanları məhdud uşaqlar bu mübarizədə tək deyillər. Onlara dəstək verən, qəlblərindən keçənləri gerçəkləşdirən bir dövlət var.
İki il öncə qəbul olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyasında, təhsil almasında mühüm rol oynamışdır.
Proqramın uğurlu icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter almış, inklüziv və məsafədən (distant) təhsil üçün əsaslı zəmin yaradılmış, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin səmərə və keyfiyyəti yüksəldilmiş, bu sahədə müvafiq pedaqoji kadr hazırlığı təkmilləşdirilmişdir.
Proqramın dörd hissədən ibarət olan tədbirlər planının on beş bəndində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısına vəzifələr qoyulmuşdur. Ötən iki il ərzində bu vəzifələrin icrasına uyğun olaraq tədbirlər həyata keçirilmişdir. Belə ki, dövlət proqramına uyğun olaraq, muxtar respublika üzrə əlaqə saxlanılan 2610 sağlamlıq imkanları məhdud uşaqdan 701 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyən edilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır. Əqli və fiziki potensialları nəzərə alınaraq 24 nəfər məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq bağçalarına cəlb edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təlim-təhsil işlərinin hərtərəfli həyata keçirilməsi məqsədilə 15 nəfər bu kateqoriyadan olan uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə yerləşdirilmişdir.
Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə “Naxçıvanım mənim” və “İntibahın şəfəqləri ilə böyüyürük biz” mövzularında Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri arasında müsabiqə keçirilmiş, 56 nəfər sağlamlıq imkanları məhdud uşaq həmin müsabiqədə iştirak etmişdir. Eləcə də 120 nəfər sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə rəsm, əl işləri, musiqi müsabiqələri və şahmat yarışı keçirilmiş, qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilmişdir.
Ötən iki ildə 7 dəfə rayon (şəhər) icra hakimiyyətləri və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün 232 nəfər müəllim, metodist və tərbiyəçinin iştirakı ilə kurslar təşkil edilmişdir. Kurslarda məktəbəqədər müəssisələrin müvafiq işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə məruzələr dinlənilmiş və tədbir iştirakçılarına mövzuya uyğun əyani vəsaitlər paylanılmışdır.
Proqrama uyğun olaraq, ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə muxtar respublikanın tam orta məktəblərində bu kateqoriyadan olan uşaqların, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə maarifləndirici söhbətlər aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Bundan əlavə, muxtar respublikanın 56 uşaq müəssisəsində keçirilmiş monitorinq və seminarlarda müəllim, uşaq və valideynlər arasında müvafiq mövzuda söhbətlər aparılmış, 4650-dən çox maarifləndirici broşür paylanılmışdır.
Komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud 19 uşağın bacarıq və maraqları nəzərə alınaraq, onlar musiqi məktəblərinə cəlb edilmişdir. Sağlamlıq imkanları məhdud 17 uşaq Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnəklərinə, 21 nəfər muxtar respublikada fəaliyyət göstərən müxtəlif idman qruplarına cəlb olunmuşdur.
Ümumtəhsil məktəblərində təhsilə cəlb edilmiş 140 nəfər uşağa komitə tərəfindən məktəbli geyimi dəstləri və məktəbli ləvazimatları verilmiş, əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqlardan əqli imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 41 uşağın olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır.
Ümumiyyətlə, proqramın icrası ilə bağlı 2014-cü il və 2015-ci ilin ötən dövrü ərzində komitə tərəfindən 2610 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılmış, bu uşaqlardan 152 nəfər ümumtəhsil məktəblərinə, 21 nəfər idman və şahmat məktəblərinə, 24 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə və 27 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 4 nəfər Naxçıvan Regional Peşə Tədris Mərkəzinə yönləndirilmişdir. Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün ekskursiyalar təşkil olunmuş, teatr tamaşaları göstərilmiş, ümumilikdə, bu qəbildən olan 111 uşağa hədiyyələr, 12 uşağa diplom verilmişdir. Müvafiq xəstəliyi olan uşaqlar üçün komitə tərəfindən qanvermə aksiyası təşkil olunmuş, 13 litr müvafiq qruplardan olan qan toplanılaraq həmin uşaqlara köçürülmək üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına təhvil verilmişdir. Ümumilikdə, komitə tərəfindən 303 sağlamlıq imkanları məhdud uşaq təhsil və reabilitasiya müəssisələrinə cəlb olunmuş, 800-ə yaxın bu qəbildən olan uşağın cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülmüşdür.
Bütün bunlar muxtar respublikada nəinki sağlamlıq imkanları məhdud uşaqların təhsil alması sahəsində əldə olunan uğurlardır, eləcə də onların yaşadıqları evdən cəmiyyətə axışının təşkili, özünəqapanmadan xilasıdır. Əsas məsələ isə qəbul olunan proqramın sağlamlıq imkanları məhdud uşaqların bu sahədə çətinliklərinin real həllinə kömək olmasıdır.
Belə qənaətə gəlmək olar ki, sağlamlıq imkanları məhdud uşaqların gələcək taleyi uğrunda aparılan ikiillik mübarizə bu həssas qrupdan olan uşaqların digər uşaqlarla təhsil ala bilməz fikrində olanların “yaxşı” niyyətini puç etdi. Əsasən, bu uşaqların valideynlərinin fikirlərini dəyişdi, sağlamlıq imkanları məhdud uşaqları evdə oturtmaq, cəmiyyətə çıxarmamaq düşüncəsindən daşındırdı. Artıq muxtar respublikada hər kəs sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsil almasına daha sağlam düşüncə ilə yanaşır.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” son iki ildə dövlətin həssas vətəndaşına qayğısının ifadəsi kimi tarixə düşdü. Ümid edək ki, sağlamlıq imkanları məhdud uşaqlara belə yanaşma – cəmiyyətə kütləvi şəkildə inteqrasiyasına stimul olmaq gələcək illərdə də davam edəcəkdir. Çünki bu, onların haqqıdır!
Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin şöbə müdiri