Ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərindən biri dövlət sosial sığorta sistemində fərdi uçotun təşkili idi. Fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Bu sistemin formalaşdırılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Fərdi uçot sisteminin əsas məqsədlərindən biri də sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır.
Muxtar respublikada da sığorta-pensiya sisteminin inkişafına yüksək diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmış, sığorta-pensiya sistemi yüksək səviyyədə qurulmuşdur. Bu, əhalinin həmin sistemin üstünlüklərindən maksimum yararlanmasına şərait yaratmışdır.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırlanmış xüsusi proqram təminatı vasitəsilə 2006-cı ilə qədər işləmiş vətəndaşların iş stajları toplanaraq fondun yerli orqanlarına təhvil verilmişdir. Bundan sonra fondun yerli orqanları təhvil aldıqları məlumatları hər bir sığortaolunanın fərdi hesabına işləmişdir. Fond tərəfindən görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi dairəsi daha da genişlənməkdədir. Belə ki, fondun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 noyabr 2014-cü il tarixə 150283 nəfər olmuş, cari ilin yanvar-oktyabr aylarında sığortaolunanların uçota alınması mütəmadi olaraq davam etdirilmişdir. 1 noyabr 2015-ci il tarixə sosial sığorta nömrəsi ilə təmin edilərək fərdi hesab açılmış sığortaolunanların sayı Naxçıvan şəhəri üzrə 43527 nəfər, Babək rayonu üzrə 24432 nəfər, Sərur rayonu üzrə 41940 nəfər, Ordubad rayonu üzrə 13149 nəfər, Culfa rayonu üzrə 13332 nəfər, Şahbuz rayonu üzrə 8305 nəfər, Kəngərli rayonu üzrə 8746 nəfər, Sədərək rayonu üzrə 4741 nəfər olmaqla, ümumilikdə, muxtar respublika üzrə 158 min nəfəri ötmüşdür. Qeyd etmək lazımdır ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 5699 nəfər artmışdır ki, bu da muxtar respublikadakı iqtisadi inkişafa uyğun olaraq, yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.
Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Naxçıvan Muxtar Respublikasında müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülməkdədir.
Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işi bu gün də uğurla davam etdirilir. Elektron xidmətlərdən biri də “sığortaolunanın onlayn uçota alınması”dır. Qeyd etmək lazımdır ki, bu xidmətdən yalnız Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş möhür hüququ olan elektron imza sahibləri istifadə edə bilərlər. Sığortaolunanın onlayn uçota alınması elektron xidmətindən istifadə etmək üçün sığortaedən elektron xidmətlər bölməsindən “sığortaolunanın onlayn uçota alınması” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə fondun yerli orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına Dövlət Sosial Müdafiə Fondu tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi bir ay ərzində rəsmiləşdirilir. Bu xidmət sığortaedənə yeni işə qəbul olunmuş işçini fonda gəlmədən və heç bir sənəd təqdim etmədən fərdi qaydada onlayn şəkildə uçota almaq imkanı yaradır.
Fond tərəfindən qarşıya qoyulan ən başlıca vəzifələrdən biri olaraq muxtar respublikada bütün işləyən vətəndaşların – sığortaolunanların fərdi uçotunun aparılması və sığortaolunanlara dövlət sosial sığorta şəhadətnaməsinin verilməsi davam etdirilir.
Rza QARAYEV
Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun əməkdaşı