...Üzü dağlara sarı yol gedirik. Arpaçay dəryaçasına çatmamış Gümüşlü kəndindən sağa ayrılan yol Şahbulağa tərəf uzanır. Külək çiskin yağış damcılarını avtomobilin şüşəsinə çırpır. Burada dağların köksünü yararaq geniş yol çəkən insan əllərinin qüdrətinə heyran qalırsan. Yolun kənarı ilə axan suya baxırıq. Yol yoldaşımız, Şahbulaq kənd tam orta məktəbinin direktoru Salman Cəfərov bizi sükutdan ayırır:
– Görürsünüzmü, əvvəlki yoldan əsər-əlamət qalmayıb. İki il bundan əvvəl buranın əsaslı təmiri zamanı müasir yol tikintisi üçün lazım olan bütün tədbirlər görüldü, hamarlama işləri aparıldı, lazım olan yerlərə qum-çınqıl qatı verildi, 2 körpü tikildi, 20 su keçidi salındı, 310 metr istinad divarı, 280 metr beton kanal çəkildi, sonra qalın asfalt örtük salındı. Hələ bunlar nədir ki… Ucqar dağ kəndinə şəhər görkəmi vermiş yeni tikililəri görəndə heyranlığınızı gizlədə bilməyəcəksiniz.
Kəndin girəcəyində Salman müəllim hündür dağın ətəyindən süzülən bulağa əli ilə işarə edib deyir:
– Artıq Şapur bulağına çatırıq. Gördüyünüz bu çayla axan su Şapurundur. Bir azdan hər şeyi öz gözlərinizlə görəcəksiniz – bulağın saflığını da, necə çağlamasını da…
Öz sərin havası, sulu çeşmələri, yamyaşıl örtüyü ilə seçilən yaşayış yerlərimiz çoxdur. Hər tərəfdən dağlarla əhatə olunmuş Şahbulaq da belə kəndlərimizdəndir. Kəndin yay vaxtları kimi, payızında, qışında da qoynu qonaqlı-qaralı olur, təbiəti qəlbləri riqqətə gətirir…
Şahbulaq kəndi göz yaşları kimi duru və sərin sulu Şapur bulağından başlayır. Qayanın dibindən çağlayıb çıxan bu həyat çeşməsinin sirri əsrlər boyu insanları maraqlandırıb, hətta adamlarda özünə qarşı etiqad hisləri də yaradıb. Şapur bulağının üstündəki qaya taxçaları “Əhdigah piri” adlandırılır. Şapur bulağı və Əhdigah pirinin taxçaları əsrlərdir ki, inanc yeridir və kənd sakinləri əkin-tikindən, toy-düyündən əvvəl bura gəlib ürəklərində niyyət tutur və taxçalara daşlar atırlar. Daş taxçalardan birində qalarsa, bu, ürəkdə tutulan arzunun və diləyin çin olacağına işarədir.
Şahbulaq kəndi dağlarının, dərələrinin landşaftının özünəməxsusluğu ilə də digər yerlərdən fərqlənir. Təpələrin quzey yamaclarını yemişan, ardıc, dağdağan və digər kol bitkiləri bürüyüb. Güney yamaclar isə birillik və çoxillik bitkilərlə zəngindir. Buradakı dərələr qədimliyini öz bitki örtüyü ilə qoruyub saxlayır: “Əncirlik”, “İnnablıq”, “Armudlu”, “Dağdağanlı”, “Sulu təpə”…
Şahbulaq kəndinin qabaq-qənşərində yerləşən “Quzey bağ” haqqında ayrıca danışmaq olar. Bu bağ kəndə daha füsunkar yaraşıq verir. Bağın münbit torpağı var. Relyefin meyilli olmasına baxmayaraq, kiçik terraslar və düzənliklər buranın endemik bitkilər üçün əlverişli olmasına şərait yaratmışdır. “Quzey bağ”da armudun, cəvizin, əriyin, alçanın bir neçə növünə rast gəlinir. Ötən əsrin 90-cı illərinin əvvəllərində müəyyən səbəblərdən buradan kəsilmiş ağacların yerində artıq bərpa işləri aparılıb.
Yay aylarında Şahbulaq kəndində suvarma suyuna olan tələbatı tam ödəməyin çətinliyi nəzərə alınaraq, “Sulu dərə”dən və “Tunceyi dərə”dən axan suların səmti kəndə döndərilib.
Şahbulaq kəndində hər bir ev, bütün sosial obyektlər fasiləsiz qazdan və işıqdan istifadə edir, poçt və rabitə xidmətinin, mədəniyyət müəssisələrinin fəaliyyəti normal səviyyədədir, müasir tam orta məktəb binası qapılarını müəllim və şagirdlərin üzünə açıb.
2013-cü ildə Şahbulaqda geniş tikinti-quruculuq işləri aparılıb. “Muxtar respublikanın kəndlərinin müasir görkəm alması ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial siyasətin bəhrəsidir. Bu gün Şahbulaq kəndi də muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrilmişdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 3-də bu yaşayış məntəqəsində dörd sosial obyektin açılışında iştirak edib, kənd sakinləri ilə görüşüb. Sakinlər onlar üçün yaradılan bu şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün kənddə 110 şagird yerlik tam orta məktəb binası istifadəyə verilib. Məktəbdə 11 sinif otağı, müxtəlif laboratoriyalar, hərbi kabinə, kompüter otağı, 3 min 700 kitab fondu olan kitabxana, idman zalı, 3 elektron lövhəli sinif vardır. Bütün siniflər, kabinələr, laboratoriyalar, müəllimlər otağı müasir avadanlıqlarla və əyani vəsaitlərlə təmin edilib. Məktəbin açılış mərasimində çıxış edən Ali Məclisin Sədri deyib: “Təhsilli, bilikli və vətənpərvər gənc nəslin yetişdirilməsi ölkənin gələcəyinin təmin olunması deməkdir. Bu gün muxtar respublikada yeni məktəb binalarının istifadəyə verilməsi yaşayış məntəqələrində təhsilin səviyyəsini yüksəldirsə, bu məktəblərdə yetişən gənclər isə gələcəkdə müxtəlif sahələrdə çalışmaqla, ümumilikdə, ölkəmizə xidmət edəcəklər. Ona görə də gənclərin təhsilli və vətənpərvər böyüdülməsinə xüsusi diqqət yetirilməlidir. Şahbulaq kəndində bu vəzifələrin həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, ən yeni tədris avadanlıqları ilə təmin olunmuş məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilmişdir”.
İkimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, feldşer-mama məntəqəsi, baytar otağı, rabitə evi, polis sahə məntəqəsi, kitabxana və mədəniyyət evinin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Burada həmçinin 55 yerlik iclas zalı da vardır.
Ərzaq mağazası, ət satışı dükanı, bərbər və qadın gözəllik salonu üçün nəzərdə tutulmuş yeni xidmət mərkəzində 4 nəfər işlə təmin olunub.
Bütün sosial obyektlər mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılır. Kənddə aparılan quruculuq işləri ilə paralel şəkildə rabitə, elektrik, qaz və içməli su xətləri təzələnib, kənddaxili məhəllələr boyu yol kənarlarına hasar çəkilib. Hər bir obyektin həyətində və ətrafında abadlıq tədbirləri görülüb, yaşıllıqlar salınıb, piyadaların gediş-gəlişi üçün səkilər düzəldilib. Ümumilikdə, bu obyektlər ucqar dağ kəndinin təbii gözəlliyinə yeni çalarlar qatıb.
Kənddə olduğum müddətdə ziyalılarla, ağsaqqallarla söhbət etdim, onların ürək sözlərini dinlədim. Kənd sakini İsrafil Bağırovun dedikləri:
– Şahbulağa gələn bu yol dağların arası ilə ilk dəfə Gümüşlü mədəni istismara veriləndə, yəni ötən əsrin ortalarında çəkilib. Çınqıllı-daşlı yol ilə yalnız iri maşınlar gəlib-gedə bilirdi, yaz selləri gələndə isə işimiz daha da çətinləşirdi. Uzun müddət kənddə nəinki tibb məntəqəsi, heç orta ixtisaslı tibb işçisi də olmayıb ki, xəstələnənlərə, heç olmazsa, ilkin yardım göstərsin. Altmış-yetmişinci illərə qədər uşaqlarını oxutmaq istəyənlər onları “fin evi” deyilən iki-üçotaqlı ibtidai məktəbə qoyurdular, sonra isə təhsillərini davam etdirməkdən ötrü minbir çətinliklə aşağı kəndlərdəki məktəblərə göndərirdilər. Bu gün, şükür Allaha, müasir, yaraşıqlı məktəbimiz də var, tibb məntəqəmiz də, gözəl mağazamız da… İşığımız, qazımız fasiləsiz verilir, evimizdə oturub dünyanın istənilən yeri ilə telefon əlaqəsi yarada bilirik. Şahbulaq artıq müasir kəndi yox, yaraşıqlı qəsəbəni xatırladır. İsti yay günlərində istirahət etmək üçün bura çoxları gəlir, çünki həm gözəl təbiət, sərin hava, həm də diş göynədən bumbuz bulaqlar var. Aparılan quruculuq işlərindən sonra kəndimizdə istirahət etməyə gələnlərin sayı artıb, ona görə ki, yol problemimiz həllini tapıb, bura artıq hər bir minik avtomobili ilə rahat gəlib-getmək mümkündür. Sağ olsunlar, tikib-quranları, hamımız təşəbbüskarlara, təşkilatçılara, icraçılara minnətdarıq.
Belə xoş təəssüratlarla Şərur elinin dağ kəndi olan, mənfur düşmənlərin qarşısında keçilməz və alınmaz qalaya çevrilən, bu gün xoş və firavan günlərini yaşayan Şahbulaq kəndindən ayrılmaq vaxtı çatır. Sonda yenə Şapur bulağının suyundan içirik. Yadıma isə Püsyan kənd sakini, hazırda təqaüddə olan müəllim, “Şərur” ədəbi birliyinin ilk üzvlərindən olmuş Teymur Əliyevin aşağıdakı misraları düşür:
Dörd yanın təpədir, qayadır,
saldır,
Bumbuz bulaqların şəkərdir,
baldır,
Cənnət ki, deyirlər, o bir
xəyaldır,
Sən cənnətin gerçəyisən,
Şahbulaq…
İbrahim YUSİFOĞLU
şair-publisist