İslam aləmində müqəddəs sayılan günlərdən biri də hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən mövlud gecəsidir.
Mövlud gecəsi İslam dininin banisi, onun təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin doğum günüdür. İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd olunan mövlud günü ilə bağlı xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “İslam dininin banisi həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü bizim böyük bayramımızdır”.
Dekabrın 25-də Naxçıvan şəhərindəki Cümə məscidində Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, insanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanda formalaşan dövlət-din münasibətləri və dini dəyərlərə sadiqlik nümunə gücündədir. Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məscid binaları tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Hər il muxtar respublikada dini mərasimlərin, xüsusilə Məhəmməd Peyğəmbərin mövludu gününün geniş qeyd olunması da islami dəyərlərə hörmətin daha bir ifadəsidir.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanmışdır.
Qeyd edək ki, muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilmişdir.
“Şərq qapısı”