23 Dekabr 2024, Bazar ertəsi

Cəmiyyətdə yüksək həyat səviyyəsinin təmin olunması üçün gəlirlərlə bərabər, keyfiyyətli sosial-mədəni xidmətlərin də mühüm rolu vardır. Məhz müasir xidmətlər sayəsində muxtar respublikamızda əhali tələbatları ödənilmiş, yaşayış səviyyəsində yüksəliş dinamikası təmin olunmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərindəki iqtisadi böhranla yanaşı olaraq insanların normal həyat şəraiti keçirməsinə mane olan neqativ faktorlardan biri də xidmət sektorunun tamamən dağılması idi. Əhalinin hər gün istifadə etdiyi və o dövrdə yenilənmədiyi üçün tələbatlara cavab verməyən enerji və su təminatı, ticarət, yol-nəqliyyat, rabitə, sağlamlıq-turizm, idman və məişət xidmətləri sahəsindəki vəziyyət ürəkaçan deyildi.

Gündəlik tələbatlarımızın ödənildiyi xidmət sektorunun inkişaf etdirilməsi, bu sahənin dünya standartlarına uyğunlaşdırılması müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının ən böyük uğurlarından biridir. Bu dövrdə yaradılmış geniş infrastruktur şəraiti, əhalidə yeni istehlak vərdişlərinin formalaşdırılması və mövcud imkanlardan istifadə üzrə kadr təminatının yaradılması sosial-mədəni sektor kimi həssas bir sahənin işinin yenidən qurulması baxımından çox əmək tələb edən işlərdən olmuşdur.
Bu gün Naxçıvanda əhalinin məskunlaşması çox sürətlə davam edir. Təkcə cari ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 878 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici ilə müqayisədə 22,1 dəfə çoxdur. Şübhəsiz, bu göstəricinin arxasında əhali rifahının yüksəlməsi və daha yaxşı yaşamaq istəyi durur. Muxtar respublikanın hər yerinə fasiləsiz elektrik və təbii qaz verilişinin təmin olunması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, müasir yol infrastrukturunun yaradılması əhalinin həyat şəraitini yaxşılaşdırmışdır. Son 20 ildə muxtar respublikada 3675 kilometr uzunluğunda yeni avtomobil yollarının salınması və ya əsaslı təmir olunması, 5 yeni avtovağzal kompleksinin yaradılması əhalinin rahat hərəkəti üçün görülən mühüm işlərdəndir. Muxtar respublikada 303 avtobusla rayon mərkəzlərinə və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Ötən dövr ərzində Naxçıvan Beynəlxalq Hava Limanında əhaliyə göstərilən xidmətlərin səviyyəsi dünya standartlarına çatdırılmışdır.
İnformasiya və kommunikasiya texnologiyaları bu gün cəmiyyətin bütün sahələrini əhatə edir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı göstərilir, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı internet, 83 faizində isə simsiz internet xidmətləri göstərilir. Artıq Naxçıvanda rəqəmsal televiziya vericiləri istifadəyə verilmiş, bu xidmət vasitəsilə 67 televiziya proqramının yayımı, Naxçıvan dövlət tele­viziyasının isə ölkədə ilk olaraq yüksəkkeyfiyyətli HD formatda yayımlanması təmin edilmişdir.
Muxtar respublikada əldə olunmuş sosial-iqtisadi tərəqqi turizmin hərtərəfli inkişafına yeni imkanlar açmışdır. Yeni turizm komplekslərinin, o cümlədən Ağbulaq İstirahət Mərkəzinin, yeni çimərliklərin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmışdır. Cari ildə muxtar respublikaya xarici ölkələrdən və respublikamızın digər bölgələrindən, ümumilikdə, 389 min 823 turist gəlmişdir ki, bu da 1995-ci illə müqayisədə 10 dəfə çoxdur.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Quruculuq işləri çərçivəsində bu dövr ərzində, ümumilikdə, 197 səhiyyə obyektinin tikintisi, 56 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır. Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə də ardıcıl tədbirlər görülmüş, infra­strukturun yenilənməsi istiqamətində son 20 il ərzində 25 idman obyekti tikilmiş, 19 idman obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır. Muxtar respublikanın idmançıları beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında qızıl, gümüş, bürünc medallar qazanmışlar.
Bütün bunlar muxtar respublikada əhalinin həyat və məişət şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərərək əhali artımının dinamikliyini təmin etmiş, əhalinin sayı 1 yanvar 1996-cı il tarixə nisbətdə 105,8 min nəfər artaraq cari ildə 443 min 579 nəfər təşkil etmişdir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR