23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsi yaradılmış və 20 adda elektron xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Həmin elektron xidmətlərin hazırda 15-dən istifadə olunur. Xidmətlərin elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və vaxt itkisinin aradan qaldırılması, həm də şəffaflığın təmin olunması məqsədini daşıyır.
Hazırda məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq edilməkdədir. Məcburi dövlət sosial sığortahaqqı ödəyiciləri məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsində onlayn ödəmə bölməsinə daxil olmaqla plastik kartlar vasitəsilə, həm banklarda nağd qaydada onlayn ödəniş yolu ilə, həm də yer­li poçt şöbələri vasitəsilə ödəyə bilərlər.

Sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında məcburi dövlət sosial sığorta vəsait­lərinin onlayn ödənilməsi elektron xidmətinin tətbiqi xüsusi qeyd olunmalıdır. Bu elektron xidmət sığortaedənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmışdır. Fondun təklif etdiyi elektron xidmət vasitəsilə sığortaedənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta vəsaitlərinin real vaxt rejimində ödənilməsini həyata keçirə bilərlər. Bunun üçün fondun internet səhifəsində (www.dsmf.nakhchivan.az)­ təqdim olunan elektron xidmətlər bölməsindən “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” xidmətini seçmək və ödənişi həyata keçirmək mümkündür.
Məcburi dövlət sosial sığortahaqqının ödəyiciləri belə sığorta haqlarını həmçinin banklarda nağd qaydada onlayn ödəmə imkanına malikdirlər. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu üzrə onlayn ödəniş vasitəsilə hər ay orta hesabla 2400 nəfər tərəfindən 91 min manat məcburi dövlət sosial sığortahaqqı ödənilir.
Mütərəqqi üsullardan biri də məcburi dövlət sosial sığorta haqlarının poçt şöbələrindən ödənilməsidir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə poçt şöbələri arasında bağlanmış müqaviləyə əsasən, 2014-cü ilin noyabr ayından məcburi dövlət sosial sığorta haqlarının poçt şöbələrindən ödənilməsi təmin edilmişdir. Bununla da, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçiləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər rayon mərkəzlərinə getmədən, əlavə vəsait sərf etmədən və vaxt itirmədən kənd­lərdəki poçt şöbələrindən məcburi dövlət sosial sığorta haqlarını ödəyə bilirlər. Hal-hazırda poçt şöbələri vasitəsilə hər ay orta hesabla 3900 nəfər tərəfindən 46 min 700 manat sosial sığortahaqqı ödənilir.
Sığorta-pensiya sisteminin əsas məqsədi hər bir vətəndaşı sosial sığorta haqlarını ödəməkdə maraqlı olmağa dəvət etməkdir. Bütün sığortaolunanlara məlumdur ki, artıq onlar fərdi uçot sistemində qeydiyyata durur və onlara bəlli bir hesab açılır. İşəgötürən də, işçi də sosial sığorta haqlarını vaxtlı-vaxtında ödəsə, həmin hesabda daha çox məbləğ toplanacaq və sığortaolunan sosial sığorta hadisəsi ilə üzləşdikdə onun qazandığı sığorta stajı və fərdi hesabına toplanan məbləğdən qanunvericiliyin tələblərinə uyğun formada bəhrələnə biləcəkdir.
Qeyd etmək lazımdır ki, fond tərəfindən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə sığortaolunanlara və sığortaedənlərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən layihələr nəticəsində bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotun qurulması, həm pensiyaların məbləğinin hesablanması və təyin edilməsi, həm də onların ödənişinin avtomatlaşdırılması tam təmin edilmişdir.
Bütün bu xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən ardıcıl işlərdən biri də əhalinin sığorta-pensiya sistemi və bu sistem üzrə yaradılmış elektron xidmətlər barədə məlumatlandırılmasıdır. Bunun üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu yerlərdə maarifləndirici tədbirlər həyata keçirir. Əhalinin maarifləndirilməsi baxımından keçirilən tədbirlərin çox böyük əhəmiyyəti var. Çünki həmin tədbirlər nəticəsində ayrı-ayrı rayonlardan olan sosial sığorta ödəyicilərinə və pensiyaçılara sığorta-pensiya sistemi, məcburi dövlət sosial sığorta haqlarının sistemində tətbiq olunan mütərəqqi üsullar, eləcə də elektron xidmətlər haqqında ətraflı və geniş məlumatlar verilir.

Hürü MƏHƏRRƏMLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR